Gəncənin raket atəşinə tutulmasının üçüncü ildönümü ilə əlaqədar yürüş keçirilib
Sosial həyat

Gəncənin raket atəşinə tutulmasının üçüncü ildönümü ilə əlaqədar yürüş keçirilib

17 Oktyabr 2020-ci il tarixində Gəncə şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən növbəti dəfə raket hücumuna məruz qalmasından üç il ötür. Bu qanlı faciənin ildönümü ilə əlaqədar Gəncədə yürüş təşkil olunub. Yürüş Gəncə Şəhər İcra Hakimiyyətinin, YAP Gəncə şəhər təşkilatının, Azərbaycan Dövlət Aqrar Universitetinin və Gəncə Gənclər Evinin birgə təşkilatçılığı ilə həyata keçirilib. Gəncə şəhər 1 saylı “ASAN Xidmət” Mərkəzinin qarşısından başlayan yürüş “Qələbə” parkında başa çatıb. Daha sonra yürüş iştirakçıları terror zamanı şəhid olan mülki vətəndaşların adlarının əks olunduğu lövhənin önünə tər çiçəklər düzüblər. Tədbirdə bildirilib ki, Ermənistan silahlı qüvvələri tərəfindən 5 dəfə Gəncə şəhərinə günün müxtəlif saatlarında “Toçka U”, “Smerç”, “Qrad” tipli raketlərlə hücum edildi. Gəncə şəhərinə endirilmiş raket zərbələri nəticəsində 6-sı uşaq və yeniyetmə olmaqla, ümumilikdə 26 nəfər həlak oldu, 29-u uşaq olmaqla, 142 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri aldı. 3 ailənin üzvü olan 4 uşaq hər iki valideynini itirdi. Şəhərin 4000-nə yaxın yaşayış və qeyri-yaşayış sahələrinə, həmçinin 100-ə yaxın nəqliyyat vasitəsinə külli miqdarda ziyan dəydi. Belə ki, Ermənistanın hərbi cinayətləri nəticəsində həyatını itirmiş Gəncə sakinlərinin xatirəsinin əbədiləşdirilməsi istiqamətində dövlət başçısı tərəfindən verilən tapşırıqlara əsasən Gəncə Memorial Kompleksi yaradılacaqdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 30 yanvar 2022-ci il tarixində Gəncə şəhərinə səfəri zamanı Memorial Kompleksin təməli qoyulmuşdur.

Tədbirdə Gəncəmizin Zəfər ətirli qəhrəmanı Yüksəl Əlizadənin anası, GDU-nun Xarici dillər fakültəsinin kafedra müdiri Sevda Kazımova Gəncə şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən raket hücumuna məruz qalması dəhşətlərinin yaddaşlardan heç zaman silinməyəcəyini bildirib.

Sonda, Vətən müharibəsi zamanı qətlə yetirilən mülki şəhidlərin xatirəsinə ehtiram əlaməti olaraq, raket hücumları zamanı dağılan ərazi ziyarət olunub, ətrafına tər çiçəklər düzülüb.

Zabit XƏLİLOV,

“Respublika”.