Mədəniyyət

"Oxuyun, bir qızıl kitabam mən..."

Xalq şairi Süleyman Rüstəm martın 12-də  dünyaya gəlib

Azərbaycan sovet ədəbiyyatının inkişafında böyük xidmətləri olan  sənətkarlardan biri də Süleyman Rüstəmdir. Onun yaradıcılığında yeni həyatın və inqilabın tərənnümü, eləcə də cənub mövzusu mühüm yer tutur.

1906-cı il martın 12-də Bakının Novxanı kəndində anadan olan Süleyman Rüstəm ilk  təhsilini Bakıdakı rus-tatar məktəbində  almışdır.  Süleyman Sani Axundov bu məktəbdə  dərs dediyindən ona  "Süleyman Sani məktəbi" deyirdilər. Süleyman Rüstəm bununla bağlı yazır: "Süleyman  Sanini bir yazıçı kimi də sevirdik. Onun "Qaraca qız" povestini, "Qorxulu nağılları"nı dönə-dönə,  maraqla, həyəcanla oxuyardıq... Süleyman Sani bizə ucadan kiçik hekayələr, şeirlər, təmsillər oxutdurardı. Bu qiraət yarışlarında mən həmişə fərqlənməyə   çalışardım... İftixarla deyirəm ki, məndə ədəbiyyata böyük məhəbbət oyadan ilk müəllimim Süleyman Sani Axundov olmuşdur".

Süleyman Rüstəmin ilk mətbu şeiri 1923-cü ildə "Unudulmuş gənc" əsəri görkəmli ədib Seyid Hüseynin qayğısı ilə "Maarif və mədəniyyət" jurnalında dərc edilib. Bu, onun gələcək yaradıcılığının başlanğıcı idi.

1925-ci ildə Azərbaycan Dövlət Universitetinin Şərq fakültəsinə daxil olan Süleyman burada görkəmli ədib Əbdürrəhim bəy Haqverdiyevin mühazirələrinə qulaq asır, onunla dostlaşır. Ədəbiyyat və dram dərnəklərində fəal iştirak edir, dövri mətbuatda şeir, hekayə və felyetonlarını müntəzəm olaraq çap etdirir.

1926-cı  ildə "Maarif və mədəniyyət" jurnalına məsul katib vəzifəsinə dəvət olunur. Onun böyük türk şairi Nazim Hikmətlə tanışlığı da buradan başlayır. Belə ki, Nazim Hikmət  Moskvadan  bu jurnala öz şeirlərini göndərirdi. 1927-ci ildə o, Süleyman Rüstəmin dəvətilə Bakıya gəlir. Bu dövrdə Süleyman Rüstəm "Gənc qızıl qələmlər cəmiyyəti"ndə böyük həvəslə qələmə sarılan nasir və şairləri öz ətrafına toplayıb yeni ədəbiyyatın əsasını yaratmaqla yanaşı, yeniliyə əks çıxan mürtəce qüvvələrə qarşı ardıcıl mübarizə aparırdı.

1927-ci ildə  ədibin "Ələmdən nəşəyə" adlı ilk kitabı nəşr olunur. Kitabda şair etiraf edir ki, o, ilk illər qəmli-kədərli şeirlər yazıb, lakin tezliklə qəm-qüssəni özündən uzaqlaşdırıb şən əhvali-ruhiyyəli ictimai məzmunlu şeirlər yazmağa başlayıb. Kitabda yer alan "Ələmdən  nəşəyə" şeirində də bunu ifadə edir:

Yeni həyat başlayarkən üzümüzə gülməyə,

Keçdim artıq gülə-gülə mən ələmdən nəşəyə.

Görkəmli ədəbiyyatşünas alim Əkbər Ağayev sonralar yazırdı: "Ələmdən nəşəyə" Azərbaycan sovet poeziyasının banilərindən birincisi, onun pioneri  Süleyman Rüstəm yaradıcılığının, həm də bütünlüklə poeziyamızın yeni dövrünün başlanğıcındakı maraqlı ədəbi-poetik  sənəddir, ilk aydın və parlaq səhifədir, iftixarla yazılmış ön sözdür, poetik bünövrəyə qoyulmuş sanballı və dözümlü guşə daşıdır".

Süleyman Rüstəm lirikasının təravəti və təsir gücü onun daxili vüsətində, dolğunluğunda və kəskinliyindədir. Keçilməmiş yaradıcılıq  yolları ilə irəliləməsi onun canlı həyat müşahidələrinin təcəssümü olan, günün tələbləri ilə səsləşən poeziyasına əlvanlıq və rəngarənglik gətirmiş, onu zənginləşdirmişdir. Onun poetik incilər xəzinəsində isə cənub şeirlərinin xüsusi yeri vardır.

Şairin poetik yaradıcılığının həm məzmun, həm də sənətkarlıq cəhətdən zirvəsi sayılan cənub şeirlərinin hər birində, hər misrasında onun ürək döyüntüləri, narahatçılığı, əsarət və ətalət girdabına düçar olan cənubluların dərdi duyulur:

Baxıram dərdli Arazla o taya,

Nə deyim, ah nə deyim mən bu çaya!..

Görürəm orda öküz, xış və kotan,

Ayılar bir gün o torpaqda yatan!

1941-ci ildə sovet hərbi qüvvələri İran ərazisinə daxil olduqdan sonra Cənubi Azərbaycanın ictimai-ədəbi və mədəni həyatında ciddi dönüş, təbəddülat yaranmışdı. Sovet ordusu tərkibində İranda olan Süleyman Rüstəm cənublu həmvətənlərinin həyat və məişəti ilə  yaxından maraqlanmış, ünsiyyət yaratmağa çalışmış, Azərbaycan dilinin İranın rəsmi dövlət idarələrində qadağan edilməsini ürək ağrısı ilə qarşılamışdı: "Mən sənin dilinə dəymirəm, cəllad. Gəl sən də bu ana dilimə dəymə", - deyə etirazını bildirmişdi.

Süleyman Rüstəmin cənub poeziyasında "Təbrizim" şeiri xüsusi yer tutur. Şeir forma və məzmununa görə bir qəhrəmanlıq nəğməsini xatırladır. Şair bu qədim şəhəri, onun gözəlliyini, zəngin tarixi keçmişini və qəhrəmanlıq ənənələrini tərənnüm etməklə xalqın xarakterini  açıb göstərir:

Qoymaram yadları girsin qoynuna,

İzin ver qolumu salım boynuna,

Sənin bayramına, sənin toyuna,

Dili bir, canı bir qardaşın gəlib

Dərdinə aşina sirdaşın gəlib.

Sanki iki doğma qardaşın, ata-balanın uzun ayrılıqdan  sonra görüşünü təsvir edən şair bunu ikiyə bölünmüş Azərbaycanın bir-birinə qovuşması  kimi qələmə verir. Cənubi  Azərbaycan torpağına ana Vətənin ayrılmaz və bölünməz bir parçası kimi baxan şair hər yerdə doğmalıq görürdü: "Təbrizə Şimali Azərbaycanın qabaqcıl ziyalılarından bir qrup gəlmişdi. Mən də onların sırasında idim... Mən qan qardaşımla görüşmək, həyatını dərindən öyrənmək məqsədilə Tehrana getmədim, Təbrizdə qaldım... Şəhər hadisələrlə dolu idi. Əhali Qızıl Ordu nəfərlərini əhatə edib Sovet İttifaqı haqqında onlara suallar yağdırırdılar. Təbrizdə biz azərbaycanlıların görünməsi böyük hadisəyə çevrildi. Qucaqlaşmalar, öpüşmələr. Sevincdən doğan göz yaşları...".

"Təbrizim" şeirlər silsiləsində bir tərəfdən böyük bir fərəh hissi hakimdir, çünki o, həsrətində olduğu güllərin, çiçəklərin ətrini qoxlayır, başı  dumanlı Zəncanın, Savalanın qoynunda gəzir, Təbrizin, Ərdəbilin küçələrində, meydançalarında dolaşır, o biri tərəfdən də doğma bacı və qardaşlarının  faciəsinin, ağır həyat tərzinin şahidi olur və bütün bunlar onun vətəndaş-şair qəlbini ağrıdır. 

İkinci Dünya  müharibəsi illərində Şimali Qafqaz, Mozdok və Kerç ətrafında döyüşlərdə batalyon komandiri, siyasi işçi kimi fəaliyyət göstərən şair gördüyü, şahidi  olduğu real hadisələri canlı, poetik dillə təsvir edir, ürəklərə asanlıqla yol  tapırdı.

1950-ci ildə "İki  sahil" kitabına görə SSRİ Dövlət mükafatına layiq görülən şair altmışıncı illərdə qələmə aldığı şeirlərdə humanist fikirlər, insana məhəbbət və inam hissi,  dostluq, qardaşlıq və beynəlmiləlçilik ideyaları emosional, poetik ifadəsini tapmışdır. 1960-cı ildə ona Azərbaycanın Xalq şairi adı verilir. Şair 1970-ci ildə respublika Dövlət mükafatına, 1976-cı ildə Sosialist Əməyi Qəhrəmanı fəxri adına layiq görülür.

Süleyman Rüstəm 1989-cu il iyunun 10-da dünyasını dəyişib, Fəxri xiyabanda dəfn olunub. İctimai həyatdakı mövqeyi və hadisələrə özünəməxsus yanaşması   ilə poeziya üfüqlərinə parlaqlıq, əlvanlıq gətirən Süleyman  Rüstəm deyirdi:

Oxuyun, bir qızıl  kitabam mən,

İnqilab oğlu, inqilabam mən.

Ruhu yüksək adamların biriyəm.

Sinfimin top-tüfəngli şairiyəm.

Zümrüd QURBANQIZI,

"Respublika".