Elmi-texniki yeniliklər
Maraqlı

Elmi-texniki yeniliklər

"Apple"dən istifadəçilərinə xəbərdarlıq

Texnologiya nəhəngi  "Apple" ürək stimulyatoru və ya digər implantı olan insanlara şirkətin istehsal etdiyi məhsullardan  istifadə edərkən diqqətli olmaları barədə xəbərdarlıq edib. Şirkətdən bildirilib ki,  məhsul ürək nahiyəsindən ən azı on beş  santimetr uzaq tutulmalıdır.

“Sözcü”  saytına istinadən bildirilir ki, "Apple"  şirkəti maqnit və elektromaqnit sahələrinin tibbi cihazların funksiyalarına təsir göstərə biləcəyini qeyd edib. Bu isə onu göstərir ki, ürək stimulyatoru və implantları olan  insanlar ölümcül təhlükə ilə qarşı-qarşıya ola bilərlər. Bu səbəbdən də  tibbi cihazlarla potensial qarşılıqlı əlaqədən qaçmaq üçün şirkətin istehsal etdiyi məhsulun implantlardan təhlükəsiz məsafədə saxlanılması bildirilib.

"Apple"in  xəbərdarlığına  yeni nəsil "iPhone" 13, 14, "AirPods" qulaqlıqları, "Apple" saatları və aksesuarları daxildir. Məlumat üçün qeyd edək ki, belə bir xəbərdarlıq ilk dəfə 2020-ci ilin oktyabr ayında  "iPhone" 12-nin təqdimatı zamanı ortaya çıxdı ki, bu da aylar sonra Amerika Ürək Dərnəyinin smartfonlardakı maqnitlə əlaqəli xəbərdarlıq etməsinə səbəb oldu.

 

Günəşdə Yerdən 20 dəfə böyük dəlik aşkarlandı

Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) Günəşin tacında Yerdən 20 dəfə böyük yeni dəliyin aşkarlandığını açıqlayıb. Məlumata görə, tapılan yeni dəlik planetimizə 2 milyon 896 min kilometr sürətlə günəş küləkləri göndərə bilər.

Günəşin üzərində Yerin ölçüsündən 20 dəfə böyük  yeni bir  dəlik müşahidə edilib. NASA-nın verdiyi məlumata görə, bu,  bu il martın 22-də aşkar edilən Yerin ölçüsündən 30 qat böyük olan dəlikdən sonra ikinci kəşfdir.

Türkiyə mətbuatının yaydığı xəbərə görə, tac dəliyinin planetimizə doğru saatda 2 milyon 896 min kilometr sürətlə günəş küləkləri göndərəcəyi gözlənilir. Bildirilib ki, bu küləklər dünya üçün böyük bir təhlükə yaratmasa da, güclü geomaqnit qasırğalarına səbəb ola bilər.  Alimlər cümə günü Yerə çatması gözlənilən küləklərin elektron infrastruktura zərər verməyəcəyini, ancaq bəzi bölgələrdə auroralar (Şimal işıqları) yaradacağını açıqlayıblar.

Kifayət qədər tez-tez rast gəlinən bu tac dəlikləri adətən Günəşin qütblərində görünsə də, aşkar edilən sonuncu dəlik ekvatorun yaxınlığında müşahidə edilib.

“Dəliyin ekvatorda yerləşməsi mərkəzi meridiandan kənara çıxan kimi tac kütlələrinin Yerə çatacağına işarədir. Bu həftənin cümə günündən şənbəyə keçən gecə həmin tac dəliyindən sürətli küləyin Yerə daxil olmasını gözləyirik”, - deyə London Akademiyasının kosmik fizika üzrə professoru Daniel Verşaren qeyd edib. 

 

Süni zəka üçün vahid qaydalar tərtib edilir

Böyük Britaniya hökuməti süni zəka sahəsindəki təmsilçilər üçün məsləhətlər təqdim edib və nizamlayıcı orqanları süni zəka üçün vahid qaydaların yaradılmasına çağırıb. Britaniya hökumətinin bu qərarı generativ süni zəka sistemlərinin son zamanlarda daha çox məşhurlaşmaları ilə bağlıdır.

Böyük Britaniyanın Elm, İnnovasiya və Texnologiyalar Nazirliyi parlamentə qaydalar siyahısını təqdim edib. Söhbət süni zəka əsaslı sistemlərin necə çalışmalı olduqlarını təyin edən qaydalardan gedir. Parlamentə təqdim edilmiş sənəddə qeyd edilib ki, bu cür sistemlər təhlükəsiz, etibarlı, şəffaf, məsuliyyətli və idarə edilə bilən şəkildə çalışmalıdırlar.

Şirkətlər isə öz süni zəka sistemləri tərəfindən verilə biləcək zərəri qarşılamalıdırlar. Bundan əlavə olaraq, Elm, İnnovasiya və Texnologiyalar Nazirliyi, Bərabərlik və İnsan Hüquqları Komissiyasına, Rəqabət və Bazarlar İdarəsinə, Səhiyyə və Təhlükəsizlik Nazirliyinə fərdi qaydaların tərtib edilməsi tapşırığını verib. Bu nizamlayıcı orqanların süni zəka ilə bağlı fərdi qaydaları hazırlamaq üçün 12 ay vaxtı var. Qaydalardan əlavə, nazirliklər süni zəka istifadəsinin risklərini qiymətləndirməyə imkan verəcək alətləri də yarada bilərlər.

Beləliklə, Böyük Britaniya süni zəkanın nizamlanması üçün nəzərdə tutulmuş hüquq bazasının formalaşdırılmasına start vermiş ilk ölkə oldu.

 

Yerin orbitinə peyk yerləşdiriləcək

Çin genişzolaqlı internetin təmin olunması üçün Yer kürəsinin orbitində fərdi telekommunikasiya peyklərinin istifadəyə verilməsinə hazırlaşır. Bu layihə çərçivəsində ilk peyklər Yer kürəsinin orbitinə bu ilin sonuna kimi göndəriləcək.

Ümumilikdə isə telekommunikasiya peyklərindən ibarət olacaq bu qrupa 13 000 ədəd peyk daxil olacaq. Bu layihənin reallaşdırılmasını Çin Aerokosmik Elm və Texnologiya Korporasiyası (CASC) öz üzərinə götürüb.

Məlumatda qeyd edilib ki, telekommunikasiya peyklərinin ilk partiyası Yer kürəsinin orbitinə Long March 5B raketi və Yuanzheng-2 adlı ikinci raket pilləsi vasitəsilə göndəriləcək. Nəticədə Çin SpaceX-in Starlink peyk interneti ilə rəqabət apara biləcək fərdi peyk internetini formalaşdırmağı planlaşdırır. Bu ilin sonuna kimi orbitə göndəriləcək birinci peyk partiyasına 30 ədəd peyk daxil olacaq. Məlumata əsasən, son illərdə Çin kiçik ölçülü peyklərin hazırlanması məsələsində ciddi imkanlara malikdir. Hazırkı vəziyyətdə ölkə daxilində olan bir neçə müəssisə il ərzində yüzlərlə kosmik aparat istehsal edə bilər.

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".