ELMİ-TEXNİKİ YENİLİKLƏR
Maraqlı

ELMİ-TEXNİKİ YENİLİKLƏR

Planetimizin nüvəsində dəyişiklik gedir

Planetimizin nüvəsi ilə bağlı yeni araşdırma aparılıb. Nəticədə Yerin qaynar lavalara malik olan nüvəsinin yavaş-yavaş səthə doğru sızması məlum olub. Bu barədə "Nature" jurnalında dərc olunan yeni araşdırmada bəhs olunub.

Tədqiqatçılar Kanadanın Arktika arxipelaqında böyük qara kütlə hesab olunan Baffin adasını aşkar ediblər. Alimlərin indiyə qədər Yer kürəsində tapdıqları lavanın tərkibində bir neçə izotop mövcuddur. Tədqiqatlar göstərir ki, lava axınları Yerin nüvəsindən gələ bilər. Belə ki, aşkar edilən helium-3, helium-4 və digər izotoplar da bu iddianı təsdiqləyir. Hələlik dəqiq məlumat olmasa da, alimlərə görə yer planetinin nüvəsi yavaş-yavaş səthə doğru sızır. Təbii ki, bu heç də yaxşı əlamət deyil. Çünki planetin nüvəsi onun varlığının ən başlıca səbəbidir. Burada olan izotoplar və ya digər elementlər planetin müəyyən cazibə qüvvəsinə sahib olmasını təmin edir.

Məlumat üçün qeyd edək ki, helium-3 çox nadir element hesab olunur. Kainatdakı bu izotopun bir çox hissəsinin tarixi 13.8 milyard il əvvələ aid edilir. Məhz planetimiz illər əvvəl meydana gəldikdə də bu element nüvənin tərkibinə daxil olub. İndi alimlərin tədqiq etdiyi lava axınlarında müşahidə olunan helium-3-ün səviyyəsinə nəzər saldıqda, axının Yer planetinin mərkəzindən başladığını aşkar etmək mümkündür. Əslində Baffin adasının süxurlarında bu elementlərin olması heç də yeni xəbər deyil. Qeyd edək ki, elm adamları daha əvvəl də helium-3 elementinin səviyyəsini müəyyən etmişdilər. İndi isə məlum olub ki, onun səviyyəsi əvvəlki illə müqayisədə xeyli artıb. Bu isə onu göstərir ki, nüvədən səthə doğru kilometrlər boyu uzanan nəhəng helium-3 tərkibli lava axını mövcuddur.

"Samsung" smartfon bazarında liderlik edir

Son dövrlər smartfon bazarında satış səviyyəsinin aşağı düşməsi ilə bağlı iddialar ortaya çıxmışdır. Lakin "Counterpoint" analitik şirkətinin bu yaxınlarda yayımladığı hesabata görə, smartfon satışında liderlik "Apple" şirkətindən "Samsung" şirkətinə keçib.

Smartfon bazarındakı satış səviyyəsinin aşağı düşməsi əlbəttə, ilk növbədə, texnologiya nəhənglərinə təsir göstərib. Belə ki, bu vəziyyətdən ən çox zərərçəkən "Xiaomi" olub. Çinin smartfon nəhənginin satış 15 faiz azalıb. Hesabat dövrünün sonunda isə liderliyi "Samsung"un etdiyi məlum olub. Görünən odur ki, "Galaxy Z Flip5" modeli bütün tənqidlərə baxmayaraq, populyar olmağı bacarıb. Qeyd edək ki, siyahının ikinci sırasında 16 faizlə "Apple", üçüncü sırada isə 12 faiz göstərici ilə "Xiaomi" dayanır. "Oppo", "Vivo" kimi brendlər isə müvafiq olaraq 10 və 8 faiz göstərici ilə 4,5-ci yerlərdə qərarlaşıb.

"Apple" bu dəfə "Samsung" şirkətindən geri qalsa da, analitiklər "iPhone 15"in təqdimatının gecikməsi səbəbindən dördüncü rübdə bazarlarda satışların yaxşılaşacağını gözləyirlər. O cümlədən hesab edilir ki, Hindistan və Çində yaxınlaşan bayram günləri ilə əlaqədar satışlar bir xeyli artacaq. Lakin bütün bunlara baxmayaraq, ilin sonunda ümumi smartfon satışı göstəricisi son 10 ildə qeydə alınmış göstəricilər arasında ən aşağı ola bilər.

Yupiterin peykinin fotoları çəkilib

NASA-nın "Juno" adlı kosmik aparatı Yupiter sistemlərinin müşahidə edilməsi üzrə missiyasını uğurlu şəkildə davam etdirir. Belə ki, hazırda bu kosmik aparat Yupiterin "İo" adlı peykinə maksimal dərəcədə yaxınlaşma çərçivəsində uçuş manevrlərini reallaşdırır. Kosmik aparat sözügedən peykə maksimal məsafədə yaxınlaşaraq onun fotolarını çəkib Yer kürəsinə göndərib.

Qeyd edək ki, "İo" Günəş sistemində ən aktiv vulkanik proseslərə sahib, xüsusi diqqətə layiq olan kosmik obyektlərdən biridir. Günəş sistemində Yupiterin və onun digər peyklərinin qravitasiya güclərinin "İo"ya təsiri səbəbilə bu peykin daxili hissəsi daim hərəkətdədir. Bu isə öz növbəsində peykdə vulkanik aktivləşmənin daha da artmasına səbəb olur.

Kosmik aparatın kamerası peykin çoxlu sayda fotosunu ondan 11 680 kilometr məsafədə olarkən çəkib. Bu fotolar 1995-ci ildən 2003-cü ilə kimi reallaşdırılmış, hətta Galileo missiyasından belə əldə edilən ən yaxşı keyfiyyətə malik fotolarıdır.

"Apple"dən qatlana bilən iPad

Bu gün satışda qatlana bilən cihazların sayı o qədər də çox deyil. Elə bu səbədən texnologiya nəhəngi "Apple" boşluğu doldurmaq üçün qatlana bilən iPad üzərində çalışır.

Şirkət bu ilin sonu və ya gələn ilin əvvəlində yeni qatlana bilən planşetini təqdim etməyi planlaşdırır. Ümumiyyətlə, "Apple" uzun müddətdir ki, qatlana bilən cihazlar seqmentindən uzaqdır. Hətta şirkətin hələ də qatlana bilən smartfon və ya planşeti mövcud deyil. Hazırda bu cür dizayna malik smartfon və ya planşetlərə "Samsung", "Google", "Huawei", "Honor" və "Motorola" brendləri liderlik edir. Bununla belə, "Apple" şirkəti də özünəməxsus dizayn və üsulla yeni qatlana bilən iPad üzərində işləyir.

"Canalys" araşdırma şirkətinin məlumatına görə, bu il 37 yeni qatlana bilən cihaz təqdim edilib. 2019-cu ildən indiyə qədər smartfon seqmentinin bazar payı artıq 5 faizə yüksəlib. Bununla belə, "Apple"in qatlana bilən bazara girməkdə gecikməsi əldən verilmiş bir fürsət kimi qiymətləndirilir. Bu səbəbdən sözügedən şirkət əldən verdiyi fürsəti yenidən qazanmağa çalışır. Məlumata görə şirkətin yeni cihazı yüngül karbon fiber dayağa sahib olacaq.

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".