Orta Dəhliz Türk dünyasının birliyini daha da möhkəmləndirir
Digər xəbərlər

Orta Dəhliz Türk dünyasının birliyini daha da möhkəmləndirir

Dünyada baş verən son hadisələr, münaqişə və müharibələr fonunda Azərbaycan üzərindən keçən Orta Dəhlizin əhəmiyyəti artmaqdadır. Orta Dəhliz 2014-cü il fevral ayında Azərbaycan, Qazaxıstan və Gürcüstanın müvafiq strukturlarının iştirakı ilə yaradılıb. Sonrakı illərdə Ukrayna, Rumıniya və Polşanın da layihəyə qoşulması nəticəsində iştirakçıların sayı çoxalmışdır. Çin-Qazaxıstan sərhədindən başlayan Orta Dəhliz Mərkəzi Asiya ölkələri və Xəzər dənizi üzərindən, daha sonra isə Azərbaycan, Gürcüstan, Türkiyə ərazisindən keçərək Avropaya qədər uzanır. Orta Dəhliz dünyada əlverişli coğrafi mövqe baxımından əsas tranzit ölkələr kimi Avropa və Asiyanı birləşdirən ən qısa və rahat marşrutdur.

Orta Dəhlizin ən vacib üstünlüklərindən biri, ilk növbədə, bütün marşrut boyunca vahid tarif, "bir pəncərə" prinsipinin tətbiq olunmasıdır. Dəhlizin keçdiyi ölkələrdə təhlükəsizliyin təmin olunması Avropa, eləcə də Asiyada ölkələrin və daşıma şirkətlərinin diqqətini məhz Orta Dəhlizə yönəldir. Dəhliz boyunca yerləşən ölkələr arasında ikitərəfli və çoxtərəfli formatda əməkdaşlıq getdikcə genişlənir. Orta Dəhlizin funksionallığının artmasında yeni platformada birləşən Azərbaycan, Türkiyə və Qazaxıstan mühüm rol oynayır.

Hazırda Rusiya-Ukrayna arasında baş verən müharibə səbəbindən Şimal dəhlizi üçün ciddi təhdidlərin yaranması yükdaşımaların sayını məhdudlaşdırıb. Sözügedən müharibə səbəbindən Qara dənizin Ukrayna sahillərindəki limanlarda təhlükəli vəziyyət hökm sürür. Həmçinin, Rusiyadan keçən marşrutlarda təhlükəli şərait yarandığından Şimal dəhlizinə maraq və diqqət azalıb. Belə bir məqamda dünyada Orta Dəhlizə olan tələbat daha da artıb. Dəhliz Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi kimi tanınır. Ölkəmiz Transxəzər marşrutu üzrə ən önəmli halqalardan birini təşkil edir. Burada ən vacib amillərdən biri də respublikamızın ərazisindən Şərq-Qərb və Şimal-Cənub dəhlizinin keçməsidir. Hər iki dəhliz üzərindən keçən yollar ən müasir standartlar səviyyəsinə çatdırılıb, daşımaların həcmi isə əhəmiyyətli dərəcədə artıb. Eyni zamanda, bu sahədə Zəngəzur dəhlizinin əhəmiyyəti də olduqca böyükdür. Bu marşrut vasitəsilə yükdaşımalar Naxçıvandan Türkiyəyə və oradan daha geniş coğrafiyaya uzanır. Yəni nəqliyyat bağlantısı vasitəsilə Şimal-Cənub, Şərq-Qərb dəhlizlərinə, həmçinin Orta Dəhlizə inteqrasiya ediləcək. Zəngəzur dəhlizinin işə düşməsi ilə Azərbaycanın Orta Dəhliz vasitəsilə gələn yükləri daşımaq imkanları daha da böyüyəcək. Azərbaycanın işğaldan azad olunmuş ərazilərində yeni nəqliyyat infrastrukturunun yaradılması, o cümlədən Zəngəzur dəhlizinin fəaliyyətə başlaması Orta Dəhliz boyunca yeni nəqliyyat arteriyasının açılması baxımından xüsusi əhəmiyyət daşıyır. Bu, yalnız regional sülh və təhlükəsizliyin möhkəmləndirilməsi üçün deyil, eyni zamanda, ümumilikdə ölkələrimizin tranzit potensialının tam şəkildə reallaşdırılmasına xidmət edəcək.

Ötən ilin noyabr ayının 25-də ölkə başçısı İlham Əliyev ADA Universitetində "Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat" mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı demişdir: "Əgər ölkələrin coğrafi yerləşməsini nəzərdən keçirsək - Özbəkistan, Türkmənistan, Qazaxıstan, Qırğızıstan və Xəzərin digər sahillərində Azərbaycan, Gürcüstan və Türkiyə - bu, əlavə imkanlar yaradır. Bir qədər əvvəl qeyd etdiyimiz kimi, bu gün ölkələrimiz arasında yüklərin tranziti artır. Bizdə olan məlumata görə, bu il həmin göstərici 70 faiz, gələn il isə bu rəqəm daha böyük ola bilər. Bütün bu yüklər Mərkəzi Asiyadan Transxəzər marşrutu üzrə Avropaya gedir". Prezident İlham Əliyev çıxışında türk dövlətləri arasında əməkdaşlığın Orta Dəhlizin inkişafına əsas töhfə olduğunu da vurğulayıb.

Şərqlə Qərbin ortaq dəyərlərini özündə yaşadan Azərbaycan bütün Türk dünyasının birləşən və doğmalaşan məkanıdır. Orta Dəhlizin ölkəmizdən keçməsi isə bu istiqamətdə Azərbaycanın mövqeyini və marağını aydın şəkildə ortaya qoyur. Orta Dəhliz təkcə siyasi və iqtisadi irəliləyişə deyil, həm də türk dövlətlərinin, türk dünyasının həmrəyliyinə, birliyinə mühüm töhfələr verir.

Ramidə YAQUBQIZI,

"Respublika".