Vətən müharibəsində qəhrəmanlıq göstərərək döyüşlərdə şəhid olan İmişli şəhərində anadan olmuş İsmayılov Elçin Mikayıl oğlunun və rayonun Otuziki kəndində anadan olmuş Osman Cəfər Elsevər oğlunun şəhidlik zirvəsinə ucalmasından iki il ötür. Qəhrəman şəhidlərimizin ikinci ildönümləri mərasimində iştirak edən İmişli Rayon İcra Hakimiyyətinin məsul işçiləri, YAP İmişli Rayon Təşkilatının sədri Səfa Ağayev, rayon prokuroru Valeh Səmədov, polis şöbəsinin rəisi Füzuli Şıxaliyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəisi Mətləb Murğuzov, hüquq-mühafizə orqanlarının əməkdaşları, şəhidlərimizin ailə üzvləri, kənd sakinləri onların məzarlarını ziyarət edərək tər gül-çiçək dəstələri düzdülər.
Elçin Mikayıl oğlu İsmayılov 7 fevral 1991-ci ildə İmişli şəhərində anadan olub. 1997-ci ildə şəhərin 7 saylı məktəbinin birinci sinfinə daxil olub, 2008-ci ildə həmin məktəbin 11-ci sinfini bitirmişdir. 2009-cu ilin aprel ayında hərbi xidmətə yollanmışdır. Elçin Tovuz rayonunun Ağdam kəndində xidmət etmişdir. İxtisasca snayperçi olmuşdur. Azərbaycan Ordusunun MAHHXHQ əsgəri olan Elçin İsmayılov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Elçin İsmayılov Füzulinin, Cəbrayılın, Zəngilanın, Xocavəndin, Laçının, Qubadlının azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak edib öz qəhrəmanlığı ilə fərqlənib. MAHHXHQ əsgərimiz Elçin İsmayılov 4 noyabr 2020-ci ildə Şuşa ətrafında gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən İsmayılov Elçin Mikayıl oğlu ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilmişdir. Cəfər Osman Elsevər oğlu 1998-ci ilin iyunun 17-də İmişli rayonunun Otuziki kəndində anadan olub. 2005-2016-cı illərdə İmişli şəhər 5 nömrəli tam orta məktəbdə təhsil alıb. 2016-2020-ci illərdə Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) ali təhsil alıb. Cəfər Osman 2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə idi. Osman Vətən müharibəsi zamanı Qubadlının və Laçının azadlığı uğrunda gedən döyüşlərdə vuruşub, noyabrın 4-də Laçın döyüşləri zamanı qəhrəmancasına şəhid olub, İmişli rayonunda dəfn olunub. Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Cəfər Osman Elsevər oğlu ölümündən sonra “Vətən uğrunda”, “Qubadlının azad olunmasına görə”, “Laçının azad olunmasına görə” və “Hərbi xidmətə görə” medalları ilə təltif edilib.
Şəhidlərimizin ailə üzvləri və yaxınları şəhid ailələrinə göstərilən diqqət və qayğıdan razılıqlarını ifadə edərək ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.
Ərəstun ABDULOV,
“Respublika” .