Rəşadətli döyüş yolunun unudulmayan xatirəsi
Region

Rəşadətli döyüş yolunun unudulmayan xatirəsi

Azərbaycan xalqının igid, mərd oğulları 30 ilə yaxın bir müddətdə erməni işğalında qalmış torpaqlarımızı cəmi 44 günə azad etdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin komandanlığı ilə Vətənin bütövlüyü uğrunda gedən şanlı müharibədə qəhrəman oğullarımız öz adlarını xalqımızın çoxəsrlik tarixinə qızıl hərflərlə yazdırdılar. İkinci Qarabağ müharibəsində döyüşlərdə minlərlə əsgər və zabitlərimiz şəhidlik, qazilik zirvəsinə yüksəldilər. Bu gün hər bir şəhidin qanı, şəhid adı hər bir azərbaycanlı üçün müqəddəsdir, onları əbədiləşdirmək, əziz xatirələrini yaşatmaq və gələcək nəsillərə ötürmək bizim vəzifəmizdir.

Belə qəhrəman oğullarımızdan biri də şəhid Samir Əliheydər oğlu Əliyevdir. Samir 9 avqust 1999-cu ildə Bakı şəhərinin Suraxanı rayonu, Zığ qəsəbəsində anadan olub. 2016-2020-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alıb. 2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin zabiti olaraq Mingəçevir şəhərində "N" saylı hərbi hissədə xidmətə başlayıb. 2020-ci il sentyabrın 27-də Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması uğrunda gedən döyüşlərdə iştirak edib. Leytenant Samir Əliyev Tərtər rayonunun Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşdə qəhrəmancasına vuruşub. Sentyabr ayının 29-da Ağuçuq istiqamətində gedən vuruşda qrupu ilə birlikdə düşmənin canlı qüvvəsini məhv edərək düşmən tanklarını geri çəkilməyə məcbur edir. Gərgin döyüş zamanı özü yaralandığına baxmayaraq, digər yaralanmış yoldaşlarına köməklik edərək onların təhlükəli ərazidən təxliyəsinə nail olub. İgid döyüşçü bu hərbi əməliyyat zamanı düşmənin atəşi ilə şəhid olub.

O, II Fəxri xiyabanda dəfn edilib. Şəhid Samir Əliyev Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən, ölümündən sonra III dərəcəli "Rəşadət" ordeni, "Azərbaycan Bayrağı" ordeni və "Vətən uğrunda" medalı ilə təltif olunub.

Samir Əliyev orta məktəbin 4-cü sinfindən başlayaraq ömrünün ən yaddaqalan anlarını "Xatirə dəftəri"nə köçürürdü. 2016-cı ilin avqustunda qəbul olunduğu Ali Hərbi Məktəbə gedəcəyinin həyəcanı ilə yanaşı, hərbi qiyafəni geyinməsini səbirsizliklə gözlədiyi barədə qeydləri onun vətənpərvər obrazını göz önündə canlandırır: "... mən artıq ən böyük arzuma çatmışam. Universitetə qəbul olmuşam. Şükürlər olsun Allahıma artıq gələcək həyatımın ilk addımlarını atıram. Sabahdan AAHM-in qapıları üzümə açılır... Gözümə yuxu getmir. Hərbi formanı geyinməyi çox səbirsizliklə gözləmişəm. Bu yolu sırf gələcək həyatımın xoş olmağı üçün deyil, Vətənə layiq olmaq üçün seçmişəm. Allah mənə kömək olsun".

Samir anasının tək övladı olduğu üçün nənə-babası və digər qohumları onu çox əzizləyirdilər. Anası Sevda xanım oğlunun boy-buxununa baxıb fəxr edirdi. Samir Vətəninə, Allaha çox bağlı idi. Hər bir işini vaxtında görər, namazını vaxtında qılardı. O, mənim padişahım idi. Arzusu mənzil almaq idi. Arzum idi ki, toyu olsun, nənə olum, amma nənə olmaq mənə qismət olmadı. Samirsiz həyatımı təsəvvür edə bilmirəm. Ancaq ən böyük təsəllim torpaqlarımızın işğaldan azad olunmasıdır. Təki Vətən sağ olsun! Qürurluyam ki, belə qəhrəman şəhid anasıyam. Müharibə başlayan gün Samir zəng edib demişdi: "Ana, zəhmətini mənə halal elə". Mən də bu gün qəhrəman, igid oğlumla fəxr edir, haqqımı ona halal edirəm. Allah Vətən uğrunda şəhid olmuş əsgər və zabitlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin. Nənəsi Cəmilə xanım da nəvəsi Samiri çox sevirdi. "N" saylı hərbi hissəyə yola düşməzdən əvvəl gənc zabitin boy-buxununa yaraşan hərbi mundiri görən nənəsi sevinərək ona: "Samir, sən general olacaqsan!", - deyir.

Hərbi hissəyə yola düşən Samir nənəsi ilə vidalaşanda isə anam sənə əmanət deyərək ayrılmışdı.

Əli SADIQOV,

"Respublika".