Ombudsman Qarabağın erməni sakinlərinə müraciət edib
Siyasət

Ombudsman Qarabağın erməni sakinlərinə müraciət edib

Azərbaycanda milliyyətindən, dinindən, dilindən, irqindən və digər mənsubiyyətindən asılı olmayaraq hər bir vətəndaşın, o cümlədən Qarabağda yaşayan erməniəsilli vətəndaşların hüquq və azadlıqlarının səmərəli müdafiəsi istiqamətində kompleks tədbirlər həyata keçirilməkdədir.

"Respublika" xəbər verir ki, bu barədə Azərbaycanın İnsan Hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyevanın Qarabağda yaşayan erməniəsilli vətəndaşların hüquq və azadlıqlarının təmini və müdafiəsi ilə bağlı açıqlamasında deyilir.

Ombudsman qeyd edib ki, demokratik, hüquqi, dünyəvi dövlət olan Azərbaycan Respublikası bu il sentyabrın 19-20-də həyata keçirilmiş lokal xarakterli antiterror tədbirləri nəticəsində uzun illər ərzində vətəndaşların hüquq və azadlıqlarının təmininə ciddi təhdid yaradan halları aradan qaldırmaqla beynəlxalq hüquqla tanınan ərazisi üzərində öz suverenliyini tam təmin edib.

Açıqlamada, həmçinin bildirilib: “Azərbaycanda milliyyətindən, dinindən, dilindən, irqindən və digər mənsubiyyətindən asılı olmayaraq hər bir vətəndaşın, o cümlədən Qarabağda yaşayan erməniəsilli vətəndaşların hüquq və azadlıqlarının səmərəli müdafiəsi istiqamətində kompleks tədbirlər həyata keçirilməkdədir. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili olaraq, Qarabağda yaşayan erməniəsilli vətəndaşlarımızın milli qanunvericilikdə və beynəlxalq sənədlərdə təsbit edilmiş hüquq və azadlıqlarının təmini və müdafiəsi daim diqqət mərkəzindədir.

Bildirmək istərdik ki, hər bir vətəndaşımız kimi, Qarabağda yaşayan erməniəsilli vətəndaşlarımız da hüquq və azadlıqlarının təmini məsələsi ilə bağlı hər hansı problemlə üzləşərsə, 24/7 rejimində fəaliyyət göstərən “916” Çağrı Mərkəzi, təsisatın telefon nömrəsi, eləcə də sosial şəbəkə hesabları vasitəsilə və elektron qaydada ombudsmana müraciət edə bilərlər”.