Ölkəmizin təbii sərvətlərinin talan edilməsinə son qoyulmalıdır
Siyasət

Ölkəmizin təbii sərvətlərinin talan edilməsinə son qoyulmalıdır

İkinci Qarabağ müharibəsində ərazi bütövlüyünü təmin edərək Zəfər qazanan Azərbaycan əsrlər boyu xalqımıza qarşı düşmənçilik siyasəti yürüdən Ermənistana sülh müqaviləsi imzalamağı təklif etdi. Qalib ölkə olmasına baxmayaraq, düşməni ilə köhnə səhifələri bağlamaq, münaqişələrsiz, müharibələrsiz gələcəyə doğru addımlar atmaq niyyəti müstəqil dövlətimizin humanistliyinin, sülhsevərliyinin təzahürüdür. Lakin öz xalqının müqəddəratını fikirləşməyən, onu yersiz müharibələrə sürükləyən Ermənistan 44 günlük İkinci Qarabağ müharibəsində ağır məğlubiyyətə uğrasa da, hələ də alçaq niyyətini gizlətmir, beynəlxalq hüququn normalarına məhəl qoymayaraq misli görünməyən, insanlıq adına sığmayan cinayətlər törədir. Təxribatlar törətmək, nahaq qanlar axıtmaq, özgə malına göz dikmək kimi "xüsusi bacarıqlara" sahib olan ermənilər öz peşələrindən əl çəkməyərək İkinci Qarabağ müharibəsindən sonra imzalanan 2020-ci il 10 noyabr Bəyanatına əsasən sülhməramlıların müvəqqəti yerləşdikləri ərazilərdə talançılıqla məşğul olurlar.

30 il işğal altında saxladığı torpaqlarımızın yeraltı, yerüstü sərvətlərini xarici bazarlara daşıyıb satan, bununla çökmüş iqtisadiyyatını dirçəltməyə çalışan mənfur düşmən vandallıq missiyasını bu gün də həyata keçirir. Vaxtilə bir neçə xarici ölkə ilə əlbir olaraq Qarabağda xalqımızın sərvətlərini talan edən düşmən ölkə öz fəaliyyətini hələ də davam etdirir. Qarabağ iqtisadi rayonunda Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində mövcud olan faydalı qazıntı yataqları separatçı ermənilər tərəfindən qeyri-qanuni olaraq istismar edilir, "Qızılbulaq" qızıl və "Dəmirli" mis-molibden yataqlarındakı təbii sərvətlərimiz mənimsənilir.

Azərbaycanın sülh təklifinə bu günədək müsbət cavab verməyən, həyata keçirdiyi uğursuz siyasəti ilə Cənubi Qafqazda sülhü təhdid edən Ermənistanın bu əməllərindən sözsüz ki, bütün dünya xəbərdardır və beynəlxalq təşkilatlar, nüfuzlu qurumlar həmişə olduğu kimi, yenə də susur. Lakin Azərbaycanın regionda sülhün, sabitliyin təmin olunmasına, xalqların əmin-amanlıq şəraitində birgə yaşamasına səy göstərməsi heç də ermənilərin yenidən azğınlaşmasına imkan vermək anlamına gəlmir. Güclü, qüdrətli Azərbaycan dövləti və bir qarış torpağı uğruna canını qurban verməyə hər zaman hazır olan Azərbaycan xalqı ərazilərinə, sərvətlərinə sahib çıxmağın əsl nümunəsini 44 günlük Vətən müharibəsində nümayiş etdirdi. Heç bir ölkədən kömək ummadan, düşünülmüş siyasətilə ərazilərini işğaldan azad edən müstəqil Azərbaycanın hansı gücə qadir olduğunu Ermənistan da, ermənipərəst qərb ölkələri də çox yaxşı bilir. Bunu bilə-bilə talançılığından, işğalçılığından əl çəkməmək isə ermənilərin dayaz düşüncəsinin, eyni zamanda unutqanlığının nümunəsidir. Deyəsən, bu bədnamlar "Dəmir yumruğu" unudublar...

Ermənistan Azərbaycanla ədavəti davam etdirir. Döyüş meydanında diz çökən düşmən ekoloji terror, sərhəd zonasında təxribatlar törətməklə bunu bir daha sübut edir. Əks halda, imzaladığı kapitulyasiya aktından irəli gələn müddəaları yerinə yetirər, sülh müqaviləsini imzalayaraq bölgədə sabitliyin yaranmasına imkan verərdi. İki ildən artıq vaxtdır ki, qalib Azərbaycanın bu istiqamətdə göstərdiyi bütün səylərə heç bir müsbət reaksiya verməyən Ermənistan əksinə, bəd əməlləri ilə vəziyyəti gərginləşdirməklə regionda sülhü təhdid edir. Onlar 2020-ci il 10 noyabr Bəyanatına əsasən təmas xəttində yerləşdirilən rus sülhməramlılarının gözü qarşısında beynəlxalq hüququn normalarını pozaraq Azərbaycanın təbii sərvətlərini daşıyır, ekologiyasına ciddi ziyan vururlar. Lakin işğalçı ölkə anlamaq istəmir ki, 30 illik işğala 44 gün ərzində son qoyan, qarşısında diz çöküb təslim olduğu bir dövlətin var-dövlətini talamaq ona baha başa gələcək. İkinci Qarabağ müharibəsində olduğu kimi...

Qarabağda ermənilərin qeyri-qanuni hərəkətlərinin, xüsusilə "Qızılbulaq" qızıl və "Dəmirli" mis-molibden yataqlarında separatçı rejim tərəfindən təbii sərvətlərimizin qeyri-qanuni istismarının qarşısının alınması üçün sülhməramlı kontingentin komandanlığına müraciət edilsə də heç bir nəticəsi olmamışdır. Belə ki, Qarabağ iqtisadi rayonunda rus sülhməramlılarının yerləşdiyi Azərbaycan ərazilərində mövcud olan faydalı qazıntı yataqlarının ermənilər tərəfindən qeyri-qanuni olaraq istismar edilməsi səbəbindən Azərbaycan İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət tərəfindən "Qızılbulaq" qızıl və "Dəmirli" mis-molibden yataqlarına yerində baxış keçirmək, qanunsuz istismarı dayandırmaq, müxtəlif istiqamətlər üzrə monitorinq aparmaq və nəticələri beynəlxalq ictimaiyyətə çatdırmaq məqsədilə Azərbaycan nümayəndələri dekabr ayının ilk günlərində həmin ərazidə olmuşlar. Lakin rus sülhməramlıları monitorinqlərin aparılmasına şərait yaratmamışdır. Həmin vaxtdan bu günə qədər Azərbaycan ekoloqları, qeyri-hökumət təşkilatlarının üzvləri və ictimaiyyət nümayəndələri xalqımızın təbii sərvətlərinin qanunsuz istismarına son qoyulması, sözügedən yataqların olduğu ərazilərdə monitorinqlərin aparılmasının təmin olunması ilə bağlı dinc şəraitdə etiraz aksiyasına başlamışlar. Etirazçılar tələblərinin yerinə yetiriləcəyi günə qədər aksiyanın davam etdiriləcəyini bildirmişlər.

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Laçın-Şuşa yolunun bir hissəsində azərbaycanlı aktivistlərin keçirdiyi etiraz aksiyası artıq bir aya yaxındır ki, davam edir. Dinc şəraitdə həyata keçirilən etiraz aksiyalarında beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq Laçın-Şuşa yolunda humanitar məqsədli avtomobillərin maneəsiz hərəkəti təmin olunur. Həmişə olduğu kimi, ermənilərin yalan informasiyaları heç bir şəkildə özünü doğrultmur. Ötən il dekabr ayının 12-dən başlayaraq Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz əlaməti olaraq keçirilən aksiyada Azərbaycan, rus və ingilis dillərində "Təbiəti qoruyaq", "Ekoloji cinayətə son" şüarları səsləndirən, plakatlar qaldıran azərbaycanlı ekofəallar ruh yüksəkliyi nümayiş etdirərək beynəlxalq qurumların, təşkilatların diqqətini Azərbaycanın sərvətlərinin qanunsuz şəkildə daşınmasına yönəldir, bu sərvətlərin talan edilməsinə son qoyulmasını qətiyyətlə tələb edirlər. Nə qarlı-boranlı qış, nə şaxtalı günlər onları fikirlərindən daşındırmır.

Mehparə ƏLİYEVA,

"Respublika".