Sənaye məhəllələri sahibkarlığın inkişafına stimul yaradır
İqtisadiyyat

Sənaye məhəllələri sahibkarlığın inkişafına stimul yaradır

Qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi məqsədilə görülən tədbirlər nəticəsində ölkəyə sənaye məhsullarının idxalı getdikcə azalır. Sənaye zonaları və məhəllələri Azərbaycanda mikro, kiçik və orta sahibkarlığın genişlənməsində mühüm rol oynayır. Sahibkarlıq fəaliyyəti üçün zəruri infrastruktura malik bu ərazilər ölkə iqtisadiyyatında iqtisadi artım tempinin artmasına, rəqabətqabiliyyətli sənayenin formalaşmasına əhəmiyyətli təsir göstərir.

2021-ci ildə fəaliyyətə başlayan, Sabirabad Sənaye Məhəlləsinin rezidenti, aqrokimyəvi maddələr və bitki mühafizə vasitələri istehsal edən "Humix" Məhdud Məsuliyyətli Cəmiyyəti dövlətin stimullaşdırıcı tədbirlərindən yararlanan şirkətlərdən biridir.

Sənaye məhəlləsində "Humix" MMC üçün 1.800 kvadratmetrlik, çox gözəl şəraiti olan istehsalat sahəsi ayrılıb. Sahibkarlar bura avadanlıqlar quraşdırmış və fəaliyyətə başlamışlar. Həmin sahəyə görə simvolik məbləğdə, real bazar dəyərindən qat-qat aşağı icarə haqqı ödənilir, yeddi il müddətində müxtəlif vergilərdən qismən azad edilir. İqtisadiyyat Nazirliyinin sahibkarlara verdiyi investisiya təşviqi sənədi texnika, texnoloji avadanlıq və qurğuların idxalının 7 il müddətinə gömrük rüsumlarından azad olunmasına imkan yaradır.

Sahibkarlar hazırda daxili bazara 18 adda orqanik, mineral, kimyəvi və spesifik gübrələr qrupuna aid olan yeni bitki mühafizə vasitələri təqdim edir və bu sayı 40-a çatdırmağı nəzərdə tuturlar. Onların fikrincə, Aran zonalarında torpaqlar orqanik baxımından zəif olduğundan orada bu vasitələrə daha çox tələbat var. Hazırda bazarda başlıca tələbat kalium və mikroelement tərkibli gübrələrədir. Ancaq əsas məqsəd fermerləri buğda, arpa, qarğıdalı, pambıq əkini sahələri üçün lazım olan gübrələrlə təmin etməkdir.

Əsas alıcılarının aqrar sektorun öndə gedən, min hektarlarla əkin sahəsi olan böyük təsərrüfatlar olduğunu bildirən sahibkar Etibar Ağalar deyir ki, onlar istehsala başlayana qədər bu məhsullar Azərbaycana idxal olunurdu və buna milyonlarla manat vəsait xərclənirdi. Şirkət istehsala başlayandan sonra bitki mühafizə vasitələrinin və aqrokimyəvi maddələrin idxalından asılılıq azalıb: "Vaxtilə bizim şirkət də idxalla məşğul idi. Ancaq sonradan belə qərara gəldik ki, nəyə görə bunları özümüz Azərbaycanda istehsal etməyək?! Bizim gübrələrin tərkibindəki xam maddələrin 40-98 faizi yerli məhsuldur. Ona görə də, məhsullarımızın maya dəyəri ölkəyə gətirilən gübrələrdən qat-qat aşağı, keyfiyyəti isə onlarla eyni olur. Avropada enerji daşıyıcılarının qiymətləri çox qalxdığı üçün orada istehsalatla məşğul olmaq sərf etmir. Avropa ölkələri bizim məhsullardan nümunələr götürərək öz laboratoriyalarında analiz ediblər və kataloqumuzdakı bütün məhsullara maraq göstərirlər".

Sahibkar bildirir ki, şirkətin gələcək fəaliyyət planı iki mərhələdən ibarətdir. Birinci mərhələdə maye, toz, gel gübrələr, ikinci mərhələdə isə dənəvər gübrələr istehsal olunacaq. Hazırda Azərbaycanda "Humix"in istehsal etdiyi bitki mühafizə vasitələrinə tələbat çox olduğundan bu məhsullarla ilk növbədə daxili bazarı təmin etməyi, daha sonra ixraca başlamağı düşünürlər. Sahibkarlar hazırda Baltikyanı ölkələr, Serbiya və Özbəkistan şirkətləri ilə əlaqələrindən maksimum istifadə etməyə çalışırlar.

Tofiq HÜSEYN,

"Respublika".