Növbəti Brüssel görüşü nə vəd edir?
Siyasət

Növbəti Brüssel görüşü nə vəd edir?

Son illər Azərbaycanla Avropa İttifaqı arasında münasibətlər yeni inkişaf mərhələsinə yüksəlib. Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin dəstəyi ilə Brüsseldə keçirilən görüşlərin Azərbaycanın maraqları baxımından dəstək göstərilməsi və Ermənistana razılaşmalara əməl edilməsi mesajlarının verilməsi bu qurumun ədalətli mövqe sərgilədiyini göstərir. Brüsseldə keçirilən görüşlər Azərbaycanın milli maraqlarının təmin olunması istiqamətində Prezident İlham Əliyevin yürütdüyü müdrik və düşünülmüş siyasətin növbəti böyük uğurudur. Bu görüşdə qəbul edilən və ölkəmizin maraqlarına tamamilə uyğun olan qərarlar Azərbaycan Prezidentinin dünyada böyük nüfuzunun göstəricisidir. Qeyd edək ki, iyulun 15-də Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel və Ermənistan baş naziri Nikol Paşinyan arasında Brüsseldə növbəti görüş keçiriləcək.

Maraqlıdır, növbəti görüşdən gözləntilər nələrdir?

Politoloq Züriyə Qarayeva bildirib ki, Brüssel görüşündən gözləntilər çox da böyük deyil: "Çünki hazırkı zamana qədər keçirilən silsiləli görüşlərdə biz xırda detalların müzakirəsi baxımından bu görüşləri əhəmiyyətli hesab edirik. Xüsusilə, Brüssel formatının Azərbaycanın maraqlarını daha çox dəstəklədiyini deyə bilərik. Həqiqətən də biz, Şarl Mişelin tam bir moderator rolunda bu görüşlərdə iştirak etməsinin şahidi olmuşuq. Ona görə də Brüssel görüşünün keçirilməsi daha çox təqdirəlayiqdir. Lakin məlum məsələdir ki, Ermənistan tərəfi bu günə qədər bütün bu kimi görüşlərində özünün sülh gündəliyinə yeni parametrlər əlavə etmək cəhdləri edib. Əlbəttə ki, söhbət Paşinyanın cidd-cəhdlə irəli sürməyə çalışdığı beynəlxalq mexanizm və Qarabağda yaşayan ermənilərin hüquqlarının, təhlükəsizliklərinin təminatı məsələsindən gedir. Lakin Rəsmi Bakı bu məsələnin müzakirə masasına çıxarılmasını qəti şəkildə rədd edir. Çünki Prezident İlham Əliyev qeyd edib ki, bu məsələ Azərbaycanın daxili işidir və ermənilərin təhlükəsizliyinin təminatı Azərbaycan qanunvericiliyi çərçivəsində həllini tapacaq. Ölkə rəhbəri onu da bildirib ki, beynəlxalq mexanizm məsələsi, ümumiyyətlə, heç bir formatda gündəmə gətirilə bilməz. Çünki biz Ermənistanın ərazi bütövlüyünü tanıdığımız kimi, Ermənistan da bizim suverenliyimizi tanımalıdır. Onlar sözdə ərazi bütövlüyümüzü tanıdıqlarını deyirlər. Lakin Ermənistan tərəfi Azərbaycanın sərhədləri çərçivəsində legitim olan hakimiyyətə paralel olan, başqa bir mexanizmin yaradılmasına cəhd edirlər. Bu, birbaşa olaraq, Cenevrə Konvesiyasının protokollarının, Vyana Konvensiyasının, Haaqa  Konvensiyasının və Helsinki Yekun Aktının prinsiplərinin pozulması deməkdir.

Bundan əlavə, bilirsiniz ki, Beynəlxalq Qırmızı Xaç Komitəsinin də vasitəçisi olduğu qaçaqmalçılıqla bağlı olaraq Azərbaycan Laçın yolunu bağlayıb. Təbii ki, bu yol humanitar məqsədlər üçün açıqdır. Lakin digər vasitələrlə keçidin qarşısı alınıb. Hesab edirəm ki, bu məsələ də Brüssel görüşündə Paşinyan tərəfindən irəli sürüləcək. Çünki onsuz da Ermənistan tərəfi masaya yeni müzakirələr atmağın tərəfdarıdır. Elə düşmən tərəfi Azərbaycanın adekvat tədbir görəcəyini bildiyi üçün bu kimi təxribatlar törədir. Çünki onlar Azərbaycana qarşı qarayaxma kampaniyası başlatmaq niyyətindədirlər. Lakin Azərbaycan öz diplomatik, hərbi, siyasi, iqtisadi gücü hesabına öz qanunvericiliyini bərqərar edəcək. Elə ən son təxribat da onu deməyə əsas verir ki, Laçın yoluna alternativ, Ağdam-Xankəndi yolu yaxın gələcəkdə istifadəyə veriləcək. Beləliklə, ermənilərin reinteqrasiyası başladılacaq".

Nuranə DAXİLQIZI,

"Respublika".