Paşinyan, yoxsa Cənubi Qafqaz sevgisi
Siyasət

Paşinyan, yoxsa Cənubi Qafqaz sevgisi

Cənubi Qafqazda gərginlik Ermənistanın qeyri-konstruktiv siyasəti nəticəsində getdikcə artır. Forpost ölkənin xəyanətinin regiona nələr gətirəcəyi isə hələlik sual altındadır. Rusiya ilə münasibətlərin pozulması qərb dairələrinin sifarişi ilə Cənubi Qafqazda yeni cəbhənin yaradılması kimi xəbis niyyətlərdə maşa kimi istifadə olunan Ermənistan riyakarlığını davam etdirir. Qərb qonşumuz bu addımla bir daha bölgənin rifahını, regional məsələlərinin vacibliyini revanşizm siyasətinə qurban verir. Necə deyərlər, alçaq içəridən olanda, qapı kilid tutmaz (Dədə Qorqud).

Parisi ermənilərin durumu əsla maraqlandırmır. Özünü Ermənistanın xilaskarı kimi aparan Fransa Cənubi Qafqazı təsir dairəsinə salmaq, müstəmləkəçilik siyasətini burada da yürütmək niyyətindədir. Rəsmi Bakının bu planları pozması Fransanı hiddətləndirir. Regionda isə psevdo, xəyanətkar və bu planlar üçün yeganə uyğun profildə dövlət qalır ki, o da Ermənistandır.

Baş rolda Fransanın olduğu anti-Azərbaycan təbliğatı onu göstərir ki, ölkəmiz ədaləti bərpa etdikcə, illərdir pozulmuş beynəlxalq hüquq tərəzisini tarazlaşdırdıqca onun qarşısında duran qüvvələrin sayı artır. Deməli, 30 il boyunca sülh prosesinə "vasitəçilik" edənlərin Cənubi Qafqazdakı stabil vəziyyətlə barışmamaları bir daha sübut edir ki, məqsəd prosesləri dondurmaq və Ermənistanın təcavüzünü daha da artırmaqdır. Fransadakı erməni lobbisi tərəfindən yemlənən Makron komandası Ermənistanı silahlandırmaqla Cənubi Qafqazda gərginlik yaratmağa çalışır. Atdığı son addımlar göstərir ki, bu ölkə Qafqazda sülh və əmin-amanlığın bərqərar olmasında ən neqativ qüvvə kimi çıxış etməyi qarşıya məqsəd qoyub. Paris 30 illik işğala son qoyan 44 günlük Qarabağ zəfərinin nəticələri ilə barışmaq istəmir.

Fransanın Ermənistanı silahlandırması qismən qapalı şəkildə həyata keçirilirdisə, indi rəsmi Paris artıq bunu açıq bildirir. Lakin oktyabrın 3-də Fransa xarici işlər naziri Katrin Kolonnanın Ermənistan paytaxtına səfəri zamanı verdiyi açıqlamalar iki ölkə arasında münasibətlərin yeni mərhələyə qədəm qoymasına və aşkar şəkildə silah-sursat tədarükünü nəzərdə tutan hərbi əməkdaşlıq səviyyəsinə yüksəldiyinə işarədir. Oktyabrın 11-də isə Katrin Kolonnanın Fransa Senatındakı çıxışı müstəmləkəçilərin Cənubi Qafqazda möhkəmlənmə arzusunu bir daha təsdiqləyir. O, BMT Təhlükəsizlik Şurasında qətnamə qəbul edilməsi ilə bağlı təşəbbüsünü də məhz bu tribunadan elan edib. Fransanın xarici işləri naziri və digər siyasətçiləri Xankəndi və ətraf rayonlardan könüllü gedən erməniləri geri qaytaracaqlarını və onların Qarabağda yaşaması üçün əllərindən gələni edəcəklərini bildiriblər.

Fransa kimi ölkələr Cənubi Qafqazın gələcək inkişafına, sabitliyə diplomatik müstəvidə zərər verəcək addımlar atır. Fransanın Ermənistana silah-sursat verməsi, XİN başçısının İrəvandakı və Senatdakı çıxışı olduqca qərəzli və təxribat xarakterlidir. Fransa rəsmisi bəyan etdi ki, ermənilərin Azərbaycana qayıdışına, BMT-nin Təhlükəsizlik Şurasında qətnamə qəbul edilməsinə dair təşəbbüs irəli sürəcəklər. Görünür, onlar mətbuatı, Azərbaycan dövlətinin siyasətini izləmirlər. Qarabağ ermənilərinin reinteqrasiyası ilə bağlı xüsusi sayt yaradılıb. Orada reinteqrasiya şərtləri, müddəalar yer alıb. Başlıca şərt isə ermənilərin vətəndaşlığımızı qəbul etmələridir. Azərbaycan dövləti etnik ermənilərə Qarabağda yaşamaları üçün hər cür şərait yaradıb.

Yelisey sarayının Ermənistana hərbi-siyasi dəstəyi Cənubi Qafqazla bağlı planlara söykənir. Ötən ayın son həftələri Qafqazın tarixində hərbi müstəvidə ən sabit dövr kimi yadda qala bilər, o zaman Fransa başda olmaqla bəzi Qərb dairələrinin bu qədər narahatlığını anlamaq elə də çətin deyil. Fransa çox yaxşı anlayır ki, Cənubi Qafqazda sabitlik regiona daxil olmaq istəyən qüvvələr üçün ən böyük əngələ, maneəyə çevrilə bilər. Rəsmi Paris onu da yaxşı başa düşür ki, bölgədəki bu sabitlik Azərbaycanın mülki əhaliyə zərər yetirmədən, yalnız legitim hərbi hədəfləri zərərsizləşdirməsi və qanunsuz xunta rejiminə son qoymasından sonra baş verdi.

Avrasiya İqtisadi Birliyindən çıxmağı hədəfləyən Ermənistan bununla da Cənubi Qafqazda Fransanın forpostuna çevriləcək. Elə buna görə də Ermənistanın baş naziri Bişkekdə keçirilən MDB ölkələrinin dövlət başçılarının sammitində iştirakdan imtina etdi. Bunu bir çox səbəblərlə izah edən siyasi təhlilçilər hesab edirlər ki, Paşinyanın Bişkekə getməməsi sırf Rusiya amili ilə bağlıdır.

Son vaxtlar Ermənistanda anti-Rusiya kampaniyası, Paşinyanın son müsahibələrində Rusiya əleyhinə fikirlər, ən başlıcası isə Ermənistan parlamentinin Roma statunu ratifikasiya etməsi Baş naziri Putinlə üz-üzə gəlməkdən çəkindirdi. Qranadaya uçub Bişkekə gələ bilməyən Paşinyan da məhz bu addımla bir daha öz mövqeyini göstərmiş oldu. Lakin unutmasınlar ki, regiona xəyanət edənlər, qonşuluq münasibətlərində kəskin mövqe sərgiləyənlər Cənubi Qafqazın iqtisadi potensialından faydalana bilməyəcəklər. Necə ki, Zəngəzur dəhlizi layihəsindən kənarda qaldılar, eləcə də digər önəmli layihələrdən də Ermənistan təcrid olunacaq. Azərbaycana qarşı hərbi-siyasi güc əldə etmək istəyən Ermənistanın bu planı da digərləri kimi iflasa məhkumdur.

N.ETİBAROĞLU,