İnkişafa, rifaha həsr edilmiş şərəfli ömür
Siyasət

İnkişafa, rifaha həsr edilmiş şərəfli ömür

"Həyatımın sonuna qədər xalqıma sədaqətlə xidmət edəcək və bütün fəaliyyətimi Azərbaycan Respublikasının gələcək inkişafına sərf edəcəyəm".

Bu fikirlər Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevə məxsusdur. Tanrı verən ömrü kimi özü, kimi doğmaları və əzizləri, kimi isə milləti, xalqı, vətəni üçün yaşayır. Amma şübhəsiz ki, hər bir millətin hamıdan fərqlənən, seçilən bir övladı, təmənnasız cəfakeşi, çıraq kimi öz içindən alışıb qaranlıq yolları aydınladan lideri olur. Heydər Əliyev də öz mənalı və zəngin ömrünü bütövlükdə dövlətinə həsr edib. Millətini canından artıq sevən Ulu Öndərə olan sonsuz xalq məhəbbətinin sirri də məhz elə budur.

Heydər Əliyev müasir dünya tarixinə parlaq və silinməz iz qoyan böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi kimi düşdü. Onun həyat yolu yüksək insani-əxlaqi keyfiyyətləri özündə təcəssüm etdirən nümunəvi məktəbdir. Ümummilli Liderin ölkəmizə rəhbərlik etdiyi illər tariximizə intibah, tərəqqi, milli oyanış, nəhayət, müstəqil dövlət quruculuğu dövrü kimi daxil oldu. Göstərdiyi yüksək diqqət və qayğı ilə, imzaladığı fərman və sərəncamlarla, keçirdiyi çoxsaylı görüşlərlə, söylədiyi dərin məzmunlu nitqlərlə uzaqgörən sərkərdə milli sərhəd siyasətimizi formalaşdırdı, ölkəmizin sərhədlərinin mühafizəsi strategiyasını zərgər dəqiqliyi ilə müəyyənləşdirdi. Müdrik siyasətçi Azərbaycana rəhbərliyinin birinci dövründə imperiyanın təsir və təzyiqlərinə baxmayaraq, respublikamıza intibah dövrünü yaşatdı. 1969-cu ildəki tarixi nitqində prioritetləri açıqlamaqla vəzifədən sui-istifadə sayılan dövlət əmlakının dağıdılmasına, rüşvətxorluq hallarına qarşı mübarizədə heç kimə güzəşt edilməyəcəyini bildirdi. Sosial-iqtisadi həyatın bütün sahələrinin gerilədiyi, mənfi meyillərin güclənərək getdikcə daha dərin kök saldığı, hakimiyyət uğrunda gizli rəqabətin artdığı bir dövrdə rəhbərliyə gələn Heydər Əliyev, ilk növbədə, iqtisadi potensialın dağılmasının, ictimai-siyasi həyatda yaranmış tənəzzülün, xalqın mənəvi-psixoloji vəziyyətinə mənfi təsir göstərən amillərin qarşısını aldı.

İdarəetmə strukturlarında çalışan məmurların milli kadrlar hesabına formalaşdırılmasına diqqət artırıldı. Buna görə də 1969-cu ildən bəri yaşanan illər tariximizdə Heydər Əliyev dövrü, milli özünüdərkin, özünəqayıdışın başlanğıcı kimi xarakterizə olunur. Ölkəyə rəhbərlik etdiyi birinci mərhələdə yanacaq energetika kompleksinin inkişafını diqqətdə saxlayaraq, bu sahəyə əsaslı vəsait qoyuluşunu artırmaqla aqrar ölkə kimi tanınan Azərbaycanı sənaye ölkəsinə çevirdi. Ölkədə neft sənayesi, neftmaşınqayırma, elektronika sahəsi inkişaf etdirildi, yeni texnologiyalar əsasında təkmilləşdirilən, ittifaq əhəmiyyətli Kondisioner Zavodu kimi onlarla iri sənaye müəssisələri şəbəkəsi yaradıldı. Neft sənayesini inkişaf etdirən ulu öndərin tarixi xidmətlərindən olan "Əsrin müqaviləsi"nin imzalanması ilə xalqlar arasında əməkdaşlıq, dostluq və həmrəylik körpüsü yaradıldı. Heydər Əliyevin uzaqgörənliklə atdığı addımlardan biri də azərbaycanlı gənclərin müxtəlif ixtisaslara yiyələnməsi üçün keçmiş sovetlər ittifaqının nüfuzlu ali məktəblərinə göndərmək təcrübəsi kimi təhsil islahatlarının əsasını qoyması idi. Bu yolla Azərbaycanın elmi və kadr potensialı təmin olunduğu kimi, xalqımızın milli-mənəvi, əxlaqi dəyərlərinin təbliği də həyata keçirilirdi. Ulu öndərin səyi ilə həm də 1978-ci il Konstitusiyasında Azərbaycan dilinin dövlət dili statusu təsbit olundu. Dövr və şərait baxımından sözün əsl mənasında qətiyyət və siyasi iradə tələb edən belə bir addım məhz müstəqillik naminə atılmışdı.

Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz olaraq tutduğu vəzifələrdən istefa verdi. Amma 1993-cü ilin may-iyun aylarında ölkədə vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandığına görə, Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbini irəli sürdü və ölkənin o dövrkü rəhbərliyi dahi lideri Bakıya dəvət etməyə məcbur oldu. Ulu öndər 1993-cü ildə hakimiyyətə qayıtmaqla müstəqilliyimizin əbədi qarantı kimi tarixə imza atdı, vətəndaşlıq sevgisini, dünya şöhrətli dövlət xadimi olduğunu genişmiqyaslı islahatları ilə təsdiqlədi. 1994-1995-ci illərdə dövlətçiliyimizə qarşı törədilən cəhdlərin qarşısını almaqla xilaskarlıq missiyasını yerinə yetirdi. Hakimiyyətə qayıdışının ilk günlərindən Heydər Əliyev ayrı-ayrı sahələrdə Azərbaycan dövlətinin qarşısında duran  çox çətin, həlli qeyri-mümkün görünən vəzifələrə dair aydın proqram müəyyənləşdirdi və onu qətiyyətlə həyata keçirməyə başladı. Qürurla demək olar ki, məhz həmin tarixi günlərdən indiyədək Azərbaycan Respublikası Heydər Əliyev dühasının işığında uğurla irəliləyir. Dahi şəxsiyyət 2003-cü ilin 12 dekabrında dünyasını dəyişsə də aramızdan ayrılsa, ötən hər gün bizi ulu öndərdən cismən uzaqlaşdırsa da Heydər Əliyev mənən, ruhən bizimlədir.

Qədim yunan filosofu Platonun müdrik kəlamı var: "Başqalarının xoşbəxtliyinə çalışanlar öz xoşbəxtliklərini qazanırlar". Heydər Əliyev də həyatını millətin xoşbəxtliyinə həsr etdiyi üçün xalqın qəlbində əbədiyaşar oldu. Ulu öndərin canından çox sevdiyi Azərbaycan müstəqildir, suverendir, ərazisi bütöv və tamdır. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində böyük Zəfərə nail olduq. Rəşadətli Azərbaycan ordusu düşmən ordusunu darmadağın etməklə Paşinyanı kapitulyasiyaya məcbur etdi. Erməni işğalçılarının zəbt etdikləri torpaqlarımızın azad olunması ilə birgə uzun illər ağır məcburi köçkün həyatı sürmüş soydaşlarımız yurdlarına qayıdırlar. Zəfər dövlətimizin hərtərəfli inkişafı üçün yeni üfüqlər açdı. Son illərdə dövlətimizin beynəlxalq aləmdə əməkdaşlığı həm məzmun, həm də formasına görə təkmilləşir və möhkəmlənir. Ulu öndərin bizə ərməğan etdiyi Azərbaycan zirvələrə doğru inamla irəliləyir.

Jalə QASIMZADƏ,

"Respublika".