Növbədənkənar prezident seçkiləri dövlətimizin mövqeyini möhkəmləndirəcək
Siyasət

Növbədənkənar prezident seçkiləri dövlətimizin mövqeyini möhkəmləndirəcək

İlham Əliyev xalqdan aldığı etimadı daha da gücləndirərək yeni nailiyyətlərə imza atacaq

Gələn il fevralın 7-də növbədənkənar prezident seçkiləri keçiriləcək. Məlum olduğu kimi, dekabrın 15-də YAP-ın İdarə heyəti İlham Əliyevin namizədliyini irəli sürmüşdür.

Bu seçkilər ilk dəfə olaraq Azərbaycanın azad olunmuş bütün ərazilərində də keçirilir. 20 mindən artıq seçici hərbçilər daxil olmaqla həmin ərazidə səs verəcək. Yəni dövlət suverenliyimizin ərazi bütövlüyümüzün təmin olunduğu bir vaxtda keçirilən ilk seçkidir. Hesab edirəm ki, İlham Əliyev qalib gələcək, xalqdan aldığı etimadı daha da möhkəmləndirərək dövlət quruculuğunda yeni nailiyyətlərə imza atacaqdır. Heç şübhə etmirəm ki, ciddi islahatlar keçiriləcək. Hətta Konstitusiya, Parlament seçkiləri, yerli icra hakimiyyəti və bələdiyyələrə aid digər islahatlar olacaq. Azərbaycan yeni bir dövrə daxil olacaqdır. Biz işğaldan azad edilmiş ərazilərin bərpası ilə yanaşı, logistika imkanlarımızı möhkəmləndirərək beynəlxalq aləmdə nüfuzumuzu artıracaq və iqtisadiyyatın da artımına nail olacağıq. Bunu təkcə arzu etmirəm və həm də buna inanıram. Hörmətli namizədimizə bu sahədə uğurlar arzu edir, xalqımıza isə yeni bir dövrün başlanğıcı kimi seçkiləri qiymətləndirməyi və İlham Əliyevi müdafiə etməyi tövsiyə edirəm.

Mən Azərbaycan Respublikasının Prezidentinə hər zaman güvənirəm. O deyib ki, "nəyi nə zaman etməyi mən bilirəm". Xalqımız da, mən də inanıram ki, bu çox ciddi bir məsələdir. Təhlil edəndən sonra, bu qənaətə gəlirəm ki, növbədənkənar prezident seçkiləri Azərbaycanın dövlət mövqeyini həm daxildə, həm xaricdə çox möhkəmləndirəcək. Bilirsiniz ki, Azərbaycan Respublikası Prezidentli Respublikadır. Yəni ən ali vəzifə Prezidentdir. Prezident seçkilərində təkrar Prezident seçildikdən sonra dövlət quruculuğunun, kadr siyasətinin, islahatların növbəti mərhələsi başlaya bilər. Hətta Konstitusiyada, Parlament seçkiləri, paralel strukturların çıxarılması, dövlət sistemində ciddi dəyişikliklər ola bilər. Mən hesab edirəm ki, İlham Əliyev dövlət quruculuğunda çox ciddi dəyişiklik edəcək. Xankəndi üzərində suverenliyimiz bərpa olunub. Azərbaycan xalqının, zəfər çalmış bir millətin, dövlətin növbədənkənar prezident seçkiləri yeni bir situasiya yaradacaq. Artıq ən böyük problemimiz Qarabağ problemi həll olunandan sonra dövlət quruculuğu sahəsində ciddi addımlar atılacaq. Buna böyük inamım var. Azərbaycan daha böyük, daha ciddi nailiyyətlər qazanacaq.

Tahir KƏRİMLİ,

Vəhdət Partiyasının sədri,

Milli Məclisin deputatı.