“Edelveys”in əvəzini çıxmaq istəyənlər...
Siyasət

“Edelveys”in əvəzini çıxmaq istəyənlər...

İkinci Qarabağ müharibəsinin Qərbdə yaratdığı eyforiyanın izləri hələ də qalmaqdadır. Xüsusən həmin dövrdən sonra Azərbaycan əleyhinə siyasət yürüdən dövlətlərdən biri olan Almaniya son AŞPA hadisəsində baş rolda yer alıb. Avropa Şurası Parlament Assambleyasının qış sessiyası zamanı ölkəmizə qarşı qərəzli çıxışından sonra erməni lobbisi tərəfindən cəmiyyətə süni qəhrəman kimi sırınan Bundestaqın üzvü Frank Şvabeni "dəstəkləyən" qüvvələr yeni macəra axtarışındadır. Belə ki, "Edelveys" əməliyyatının əvəzini çıxmaq istəyənlər ölkəmizə qarşı heç bir əsası olmayan, uydurma, tamamilə xəbis niyyətli sənədli film çəkiblər.

Özünü araşdırmaçı jurnalist adlandıran Deniyel Xarric ötən həftə "Am Abgrund" ("Uçurumun kənarında") adlı ekran işinin treylerini təqdim edib. Frank Şvabenin saxta ittihamları əsasında əsl erməni təxəyyülünün məhsulu olan bu sənədli filmin martın 6-da tam formatda Almaniyanın Birinci kanalında ("Das estre"də) yayımlanması gözlənilir. Bu da Almaniya hökumətinin sözügedən filmdən xəbərdar olduğunu təsdiqləyir. Qeyd etdiyimiz kimi, İkinci Qarabağ müharibəsindən sonra Almaniyada fəallaşan anti-Azərbaycan qüvvələr, görünür, "Edelveys" əməliyyatını unutmayıb, bu gün də intiqam hissi ilə yaşayırlar. Sənədli film adı ilə təqdim olunsa da, əslində heç bir rəsmi sənədin əks olunmadığı ekran işinin tərkibi isə olduqca maraqlıdır. Adı tez-tez mərkəzi Berlində yerləşən erməni-alman cəmiyyəti ilə hallanan Gerd Meyneke filmdə Frank Şvabeni canlandırır, həmçinin digər aktyorlardan fars əsilli Navid Neqahban və Casmin Tabatabayi də İkinci Qarabağ müharibəsi dövründə ermənilərə xeyriyyə yardımı ilə məşhurlaşıb. Ümumilikdə isə, filmdə "erməni dalğası" hökm sürür.

Filmin xüsusi olaraq təxribat xarakterli, planlı şəkildə düşünüb hazırlandığını göstərən əsas məqam isə onun maliyyə məsələsidir. Filmdə Bakının görüntüləri və bəzi uydurma afişalar xüsusi proqramla hazırlanıb. Bu da öncədən düşünüldüyü formada müəllif hüquqları ilə bağlı prosesdir ki, təxribatı hazırlayanlar bu nüansa xüsusi diqqət yetirib. Filmin aktyor heyətinin  əksəriyyətini ermənilər təşkil edir ki, bu da bir daha erməni lobbisinin dəstəyini sübut edir.

Bir sözlə, etnik irqçiliyin yeni dalğası ilə ölkəmizə təzyiq göstərməyə cəhd edən erməni lobbisi məğlubiyyətə məhkumdur. Bu tip heç bir qəlibə sığmayan, ekrandan kənar, yarıtmaz işlərlə onlar heç nəyə nail ola bilməzlər. "Uçurumun kənarında" olan anti-Azərbaycan qüvvələr öz xəbis niyyətlərindən əl çəkməlidirlər.

T.SADIQOV,

"Respublika".