Nikol Paşinyan yenidən xəyanət ampluasında
Siyasət

Nikol Paşinyan yenidən xəyanət ampluasında

Dünya ictimaiyyətinin görkəmli şəxsləri Cənubi Qafqazda yaşayan xalqları təsvir edərkən gürcülər və azərbaycanlılardan fərqli olaraq ermənilər haqqında ən mənfi fikirləri dilə gətirib, onların yaramaz xislətlərini qısa və aydın sözlərlə ifadə ediblər. Bu gün ermənipərəst mövqeyi ilə diqqət mərkəzində olan Fransa hökumətinin nümayəndələri iki əsr əvvələ nəzər salsalar görərlər ki, elə öz yerliləri olan  fransız səyyahı qraf De-Şolye "bacı" bildikləri ermənilər haqqında bu fikirləri deyib: "Mən onlarla (ermənilərlə) heç zaman dil tapa bilmədim. Onların hiyləgərliyi olduqca iyrənc, alçaqlığı olduqca dözülməz, əclaflığı olduqca təəssüfləndiricidir". Və yaxud da  Polyak əsilli tanınmış rus dramaturqu, yazıçı və diplomatı A.S.Qriboyedov Rus imperatoruna məktubunda erməniləri belə təsvir etmişdi: "Əlahəzrət, mərkəzi rus torpaqlarında ermənilərin məskunlaşmasına icazə verməyin. Onlar elə tayfadırlar ki, bir neçə il yaşadıqdan sonra dünyaya hay-küy salacaqlar ki, bura bizim qədim dədə-baba torpağımızdır". Erməni xalqı haqqında söylənən yüzlərlə  belə mənfi fikirlər var. Yalnız təkcə bu iki ziyalının haylar barəsində səsləndirdiyi bir-iki cümlə bir xalq olaraq onların hansı xarakterə malik olduğunu göstərir. Əsrlər keçsə də günümüzdə müşahidə etdiyimiz hadisələrdən  belə qənaətə gəlmək olar ki, ermənilər hələ də öz dədə-babalarının iyrənc xasiyyətlərinə sadiq qalıblar. Bunu deməyə əsas verən son dönəmdə Qarabağ ətrafında baş verən hadisələr və onların rəhbər şəxslərinin etdiyi həyasızlıqlardır.

2018-ci ildə Ermənistanda baş verən "Məxməri inqilab"dan sonra baş nazir vəzifəsinə gələn Nikol Paşinyan əvvəlcə Ermənistan-Azərbaycan arasındakı Qarabağ münaqişəsinin həllində "analoqu olmayan sülh  təklifi"  ilə çıxış etmişdi. Daha sonra Şuşada sərxoş halda rəqs etməsi və "Qarabağ Ermənistandır" sözləri Paşinyanın heç də sülh göyərçini olmadığından xəbər verdi. Paşinyan münaqişəni beynəlxalq hüququn prinsipləri və BMT qətnamələrinə uyğun şəkildə nizamlamaq cəhdindən fərqli olaraq xələflərinin izi ilə gedərək Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış edirdi. Yalnız İkinci Qarabağ müharibəsindən sonra erməni baş nazirin Azərbaycanla bağlı fikirlərində müəyyən qədər dəyişiklik sezildi.  Əvvəlcə o, 2022-ci ilin oktyabr ayında Praqada Azərbaycan Prezidenti İlham Əliyevin Fransa Prezidenti Emmanuel Makron və  Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin iştirakı ilə keçirilən görüşdə Azərbaycanın ərazi bütövlüyünü tanıdı. Belə ki,  görüşün sonunda Ermənistan və Azərbaycan BMT Nizamnaməsinə və 1991-ci il Alma-Ata Bəyannaməsinə sadiqliyini bir daha nümayiş etdirərək bir-birinin ərazi bütövlüyü və suverenliyini tanıması haqqında bəyanat yayıldı. Bundan sonra 2023-cü il mayın 14-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə keçirilən Brüssel platformasında danışıqlar zamanı erməni tərəfi 1975-ci ilin xəritələrini qeyd etməkdə israr etsə də, bu, baş tutmamışdı. Bunun əvəzində isə Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğu səsləndirildi. Prezident İlham Əliyev və Ermənistan baş naziri Paşinyan görüşün yekununda Azərbaycanın 86,6 min kv.km və Ermənistanın 29,8 min kv.km-lik ərazi bütövlüyünə sadiqliyini təsdiq etdilər. Bu isə o deməkdir ki, Paşinyan və Ermənistan Azərbaycanın ən azı 86.6 min kvadratkilometr ərazisini tanımaqla Qarabağın Azərbaycan ərazisi olduğunu rəsmən və açıq şəkildə bəyan etmişdi.

Təbii ki, düşmənin belə etirafı sülh prosesinin gedişinə müsbət təsir edə bilərdi. Amma biz də sadəlövh olmadıq. Bilirdik ki, Ermənistan və onun rəhbəri hansısa məcburiyyət altında Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. Yəni belə demək mümkündürsə, bu etiraf səmimi olmayıb. Bunu Qarabağ ətrafında gedən son proseslər bir daha təsdiq etdi. Nikol Paşinyan yenə də öz ampluasına qayıdaraq milli kimliyinə uyğun şəkildə aylar əvvəl işlətdiyi sözləri təkzib etdi. Qarabağ ermənilərinin "təhlükəsizliyi və hüquqlarının müdafiəsi" məsələsi həllini tapmadığı halda, "Dağlıq Qarabağın ərazi vahidi kimi mövcud olmaması" ilə bağlı bəyanatlar səsləndirməklə danışıqlar prosesini müşkülə salmaqda davam edir. Həmçinin "Dağlıq Qarabağın müstəqillik bəyannaməsi"nin qəbul edilməsi günü münasibətilə xalqı təbrik etməsi də onun hansı xarakterə malik olmasını əyani olaraq göstərir.

Bu gün Ermənistan 2022-ci ilin dekabr ayından başlayaraq "Qarabağda humanitar vəziyyət", "blokada" kimi bəhanələri təkrarlayaraq destruktiv mövqe sərgiləməkdə davam edir. Ermənilərin bu iddialarının boş və yalan olduğu gün kimi aydın olduğu halda, bəzi ölkə rəsmilərinin bölgə üzrə mövcud vəziyyətə dair yanlış təəssürat formalaşdıran fikirlər səsləndirməsinin isə yalnız bir cavabı var. Rus tədqiqatçısı V.L.Veliçko sanki bu günlərdə baş verən hadisələri əsrlər öncə şərh edib  "Qafqaz" əsərinə yazıb:

"Məhz ermənilər hər cür bəhanə ilə hay-küy qoparmaq qabiliyyətinə malikdirlər. Onları özgə evinə buraxmadıqda, yaxud hər hansı bir hiylələrinin üstünü açdıqda, ya da oğrularını məhkəməyə verdikdə təkcə özləri hay-küy qoparmırlar, həm də özgə xalqdan olan, səfeh, yaxud satqın adamları da hay-küy qoparmağa məcbur edirlər".

Musa BAĞIRLI,

"Respublika".