NƏQLIYYAT VASITƏSININ QƏZAYA UĞRAMASI NƏTICƏSINDƏ HƏLAK OLAN HƏRBÇIMIZ ZƏRDABDA DƏFN EDILIB
Sosial həyat

NƏQLIYYAT VASITƏSININ QƏZAYA UĞRAMASI NƏTICƏSINDƏ HƏLAK OLAN HƏRBÇIMIZ ZƏRDABDA DƏFN EDILIB

Sentyabrın 13-də çətin relyefli dağlıq ərazidə hərbi nəqliyyat vasitəsinin qəzaya uğraması nəticəsində həlak olan hərbçi Əliyev Taleh Saleh oğlu doğulduğu Zərdab rayonunda dəfn edilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, vida mərasimində hərbçinin ailə üzvləri, Zərdab Rayon İcra Hakimiyyətinin rəsmiləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Vida mərasimindən sonra Əliyev Taleh Saleh oğlunun nəşi Dövlət Himninin sədaları altında Zərdab rayonu Gödəkqobu kənd qəbiristanlığında torpağa tapşırılıb.

Rayon icra hakimiyyətinin başçısı Mərdan Camalzadə hərbçinin tabutuna sarılmış üçrəngli bayrağı onun atasına təqdim edib.

Müddətdən artıq hərbi xidmət qulluqçusu Taleh Əliyev evli idi, iki qız övladı var.

Xatırladaq ki, sentyabrın 13-ü çətin relyefli dağlıq ərazidə hərbi nəqliyyat vasitəsinin qəzaya uğraması nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları Əliyev Taleh Saleh oğlu, Həsənov Elgün Elşad oğlu və Namazov Nihad Kamrəddin oğlu həlak olublar