Nazir Ceyhun Bayramovun Devid Bednar ilə görüşüb
Siyasət

Nazir Ceyhun Bayramovun Devid Bednar ilə görüşüb

XİN-in mətbuat Xidmətindən verilən məlumatda bildirilir ki, 26 may 2023-cü il tarixində nazir Ceyhun Bayramov ölkəmizdə səfərdə olan ABŞ-ın Yuta ştatında yerləşən “İsa Məsih Sonuncu Günlərin Müqəddəsləri” Kilsəsinin 12 Həvarilər Kvorumunun üzvü Devid Bednarın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Görüş zamanı çoxmillətli və multikonfessional ölkə olaraq Azərbaycanın bütün dinlərə etiqad edənlərin sülh və əmin-amanlıq içərisində yaşadığı ölkə olduğunu və hazırda Azərbaycanın mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun qlobal mərkəzlərindən birinə çevrildiyi qeyd edilib.

Müxtəlif xalqların mədəni və dini irsinə hərtərəfli diqqət və qayğının təmin edildiyi Azərbaycanın nümunəvi dövlət-din münasibətlərinin mövcud olduğu ölkələrdən biri olduğu, belə bir şəraitdə xristian həmvətənlərimizin öz adət-ənənələrini, dini inanclarını, mədəniyyətlərini sərbəst şəkildə yaşadaraq ölkəmizin sosial-mədəni həyatının bütün sahələrində fəal iştirak etdikləri müqabil tərəfin diqqətinə çatdırılıb.

Devid Bednar Azərbaycanın tolerantlıq və multikulturalizm ənənələri və dinlərarası dialoqa töhfə verən mühüm təşəbbüsləri barədə məlumatlı olduğunu və beynəlxalq müstəvidə dini, irqi və etnik zəmində ayrı-seçkiliyin xüsusilə kəskin miqyas aldığı hazırkı dövrdə Azərbaycan cəmiyyətinin sahib olduğu dəyərlərin olduqca əhəmiyyətli olduğunu bildirib.