Özbaşınalıq Fransanı dalana aparır – Makron məsxərəyə qoyulub
Siyasət

Özbaşınalıq Fransanı dalana aparır – Makron məsxərəyə qoyulub

Qərb bloku müasir dövrümüzdə bəşəri problemlərə destruktiv yanaşma sərgiləyir. Münaqişələri sülh yolu ilə həll etmək əvəzinə daha çox bölgələrdə xaosu dərinləşdirməyə çalışanlar ədalət tərəzisini pozurlar. Xüsusilə, “qoca qitə”dən gələn direktivlər qlobal balansı açıq şəkildə təhdid edir. Sözügedən güc dairələrinin beynəlxalq sferada özlərini “ədalət qoruyucuları”, “hüquq və azadlıqların təminatçısı” kimi qələmə vermələri isə gülüncdür. Rusiya-Ukrayna müharibəsi səbəbindən qütbləşən avropalılar təkcə öz qitələrində deyil, digər ərazilərdə gedən müharibələrə də təsir etməyə çalışırlar.

Bu yolla qərb bloku dividendlər əldə etməyi güdür ki, bu proseslərin reallaşması istiqamətində neokolonialist Fransa xüsusi canfəşanlıq göstərir. Əsrlər boyu Afrikada törədikləri qanlı cinayətlər, soyqırımı və etnik təmizləmə kimi insanlığa sığmayan əməlləri ilə tanınmış bu ölkə müasir dövrümüzdə də çirkin xislətini gizlədə bilmir. Fransa qlobal güclərdən biri kimi, sülh və rifaha yönəlmiş siyasət aparmaq yerinə Rusiya-Ukrayna müharibəsini daha da qızışdırır, Yaxın Şərqdə davam edən münaqişəni alovlandırmaq məqsədilə silah satışını davam etdirir. Elə, Cənubi Qafqazda da sabitliyə əngəl törədən Fransadır. Ermənistana missiyanın göndərilməsi, haylara silah-sursat və hərbi texnika yardımları azmış kimi, canlı qüvvə kimi “müşahidəçilər”in də sayı artırılır. Fransa regionda “binokl diplomatiyası”nı genişləndirməyi hədəfləyir.

Ümumiyyətlə, Makron rejiminin hakimiyyəti dövründə Yelisey sarayının riyakarlığı kəskin sürətdə artıb. Bu, həm də bütöv Fransanın imicinə xələl gətirir. Daxili sabitliyi tənzimləyə bilməyən hökumət regional və qlobal proseslərə fikir bildirir, fiziki olaraq iştirakdan da çəkinmir. Belə olduğu halda, Makron rejiminə qarşı etiraz dalğası getdikcə böyüyür. “Sarı jiletlilər”dən sonra fermərlər də yerli hakimiyyətin ədalətsizliyinə dözməyərək aksiyalara başlayıb. Qeyd edək ki, bir müddət əvvəl Fransada hüquq-mühafizə orqanları Paris yaxınlığındakı Ranjis ərzaq bazarını ələ keçirməyə cəhd edən 79 etirazçı fermeri saxlayıb. Fermerlərin etirazları Makron rejimini ciddi narahat edir. “Aqrar qiyam”ın aradan qaldırılması üçün aparılan danışıqlar isə hələlik fayda vermir. Çünki xarici siyasətdə izlənilən yanlış yol xəritəsi əhalidə qıcıq yaradır.

Xatırladaq ki, ötən gün Makron növbəti dəfə Fransanın nüfuzuna xələl gətirəcək addım atdı. Fransa prezidentinin Ukraynaya qoşun göndərilə biləcəyi haqda dedikləri rəqiblərinin gülüş obyektinə çevrildi, ölkədaxili etirazlar da məhz bundan sonra daha da artdı. Avropa Birliyinə üzv ölkələrin quru qoşunlarının Ukraynaya göndərilə biləcəyi haqda bəyanat verən Fransa lideri artan narazılıqları görüb geri addım atdı. Parisdə Ukraynaya dəstək üzrə sammitdə müharibə zonasına qoşun göndəriləcəyini istisna etməyən Makron ardınca “quru qoşunlarının Ukraynaya göndərilməsi ilə bağlı bu gün konsensus yoxdur” açıqlamasını verərək rəsmən rüsvay oldu. Hətta Makronun bəyanatı artıq sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib. Onlar Makronun cəsarətini Napoleonla müqayisə edib, onun da özünü çox hərb meydanına atdığı, amma bir az çətinə düşən kimi sülhə razılaşdığını yada salıblar.

Fransanın Avropa İttifaqına sədrlik etdiyi hamıya məlumdur. Lakin bu, daxili balansı qorumadan sərsəm bəyanatların dilə gətirilməsinə rəvac vermir. Məhz etirazların da ana xətti bundan ibarətdir. Görünür, Makron rejimi Afrikada aldığı zərbəni Rusiya-Ukrayna müharibəsində tutduğu mövqe ilə unutmağa çalışır. Bununla yanaşı, Makronun etdiyi tamamilə özbaşınalıqdır. Məlumdur ki, Avropa Birliyi dövlətlərinin Ukrayna məsələsində yekun rəyi yoxdur. Qitədə açıq şəkildə qütbləşmə var. Yəni, Makron ağına-bozuna baxmadan bu cür siyasi manevrlər etməyə davam edəcəksə bunun sonu heç də yaxşı bitməyəcək.

Nurlan ABDALOV,

“Respublika”.