Naxçıvan eksklavına çıxış Cənubi Qafqazın inkişafında əsas prioritetdir
Region

Naxçıvan eksklavına çıxış Cənubi Qafqazın inkişafında əsas prioritetdir

Prezident İlham Əliyev ötən ay "Euronews" telekanalına verdiyi müsahibəsində Naxçıvana quru yolu məsələsinə toxunub: "İkinci Qarabağ müharibəsi nəticəsində Ermənistanın imzaladığı sənəddə onun öhdəliyi var ki, bizim eksklavımız olan Naxçıvana çıxışımız olsun. Lakin bu, hələ də baş vermir. Beləliklə, sülh sazişinin əsas bəndləri nazirlər tərəfindən tərtib edilir. Bizim görüş isə hesab edirəm ki, yaxşı mühit yaradır. Lakin əgər biz Ermənistan tərəfindən konstruktiv yanaşma görsək və ən vacibi isə əgər onlar ərazi bütövlüyümüzü mübahisələndirən bütün iddialarını kənara qoysalar, onda biz tezliklə, bəlkə də ilin sonunadək sülh variantını tapa bilərik".

Dövlət başçısının müsahibəsindən aydın olur ki, Azərbaycanla Ermənistan arasında sülhdə açar rolunu oynayacaq məsələlərdən biri də Naxçıvan eksklavıdır. Ümumiyyətlə, eksklav nədir? Azərbaycanın Naxçıvandan başqa eksklavı varmı?

Bir ölkənin əsas ərazisindən kənarda olan və digər ölkələrin (bir və ya bir neçə) əraziləri ilə əhatə olunmuş qeyri-müstəqil ərazi eksklav adlanır. Eksklav latın sözü olan "clavis"dən götürülüb, mənası açar deməkdir.

Anklav sözü isə "enclavatus" sözündən olub, məhkum edilmiş, kilidlənmiş mənasını verir. Anklav bir ölkənin ərazisinin başqa bir ölkənin ərazisi ilə tam əhatə olunmasıdır. Eyni ərazi aid olduğu ölkə üçün eksklav, onun ərazisi ilə əhatə olunmuş ölkə üçün isə anklav hesab edilir. Əgər bir ölkənin qeyri-müstəqil ərazisi əsas ərazisindən kənarda olmaqla bir neçə ölkənin ərazisi ilə məhdudlaşarsa, tam eksklav adlanır və bu, digər ölkələr üçün anklav hesab olunmur. Adi eksklavda eyni ərazi aid olduğu ölkə üçün eksklav, digər ölkə üçün isə anklav hesab olunur. Buna görə də Naxçıvan MR Azərbaycanın tərkibinə daxil olmaqla, Türkiyə, İran və Ermənistan tərəfindən əhatə olunsa da, həmin ölkələr üçün anklav deyil, Azərbaycanın isə eksklavıdır. Məsələn, Qazax rayonunun Ermənistan ərazisində olan kəndləri Azərbaycanın eksklavı olmaqla yanaşı, həm də anklavdır. Planetimizdə belə hallar mövcuddur. Alyaska ABŞ-ın dənizə çıxışı olan eksklavı, Kanadanın isə anklavıdır.

Bəs Naxçıvan necə "eksklav torpaq" oldu, bizi tarixi torpaqlarımızdan necə ayrı saldılar? Adı tarixin səhifələrində "Nəqşi-cahan" olan bu qədim diyarımız ilk dəfə real erməni təhlükəsini çar Rusiyası dövründə gördü. Tarixdə ermənilərin Azərbaycana rəsmi olaraq köçürüldüyü həmin dövrdə imzalanan Türkmənçay sülh müqaviləsi (1828) nəticəsində "Nəqşi-cahan" köçürülən ermənilər çörəyimizdən yeyib suyumuzdan içə-içə həm də bizə qarşı kin-küdurət bəsləyirdilər. Təxminən 100 ilə yaxın bir dövrdən sonra, 1917-ci ildə daşnaklar burada insanlıq əleyhinə cinayətlər törətmiş, nə qədər satqın xalq olduqlarını bir daha sübut etmişdilər.

1918-ci ilin mayında müstəqil olduqdan sonra Naxçıvana göz qoyan haylar İngiltərə və ABŞ-ın da dəstəyini aldılar. O zamanlar Naxçıvanda olan Osmanlılar isə Birinci Dünya müharibəsindən sonra imzalanan Mudros müqaviləsi (1918) ilə bu torpaqlardan çıxmağa məcbur oldular. Yerli türk əhalisinin genosidə məruz qalacağına heç şübhə etməyən Osmanlıların dəstəyi ilə burada Araz-Türk Respublikası yaradıldı. Lakin xarici qüvvələrin dəstəyinə arxalanan daşnaklar Naxçıvan və Şəruru işğal etdilər. İngilislərin getməsini bilən Milli Komitə erməniləri Naxçıvandan qovdu. 1924-cü il fevralın 9-da Naxçıvan MSSR quruldu.

Beləcə, hər zaman başı bəlalı olan "Nəqşi-cahan" tarixi boyunca daşnakların hücumlarna şahidlik edib. Bu baxımdan, gələcəkdə belə fors-major halların yaşanmaması üçün Naxçıvan MR ilə Azərbaycan arasında quru sərhədlərinin açılması vacib faktordur.

Bəs bu amilə mane olan səbəblər nədir? İlk öncə onu qeyd etmək olar ki, Naxçıvan yolu Türkiyə ilə əlaqələrin və İpək yolunun formalaşması baxımından çox vacibdir. Bəzi nəhəng güclər bu iqtisadi-ticarət yolunun açılması ilə Cənubi Qafqazda Türkiyənin rolunun hədsiz artacağından narahatdırlar. İkinci faktor isə bu yolun açılması türk dövlətlərini əhatə edən tarixi "TURAN" birliyinin qurulması üçün açar rolunu oynaya bilər. Bu amil isə təkcə burada möhkəmlənmək istəyən qüvvələrin deyil, bütün dünyada türk dövlətlərinin qüdrətinin artacağından qorxan qüvvələrin qorxulu yuxusudur. Azərbaycanın bu eksklavına rahat şəkildə çıxışı regionun iqtisadi inkişafına səbəb olacaq. Azərbaycanla Naxçıvan eksklavı arasında sovet vaxtı mövcud olan dəmir yolunun bərpası tranzit yüklərin daşınmasında mühüm vasitə ola bilər. Ermənistan öz xislətindən əl çəkib müstəqil qərarlar qəbul edərsə, Naxçıvan eksklavı Cənubi Qafqazda mühüm iqtisadi zəminə çevrilə bilər.

T.SADIQOV,

"Respublika".