Müstəqilliyimizə təhdid yaradanlar layiqli cəzasını aldı
Siyasət

Müstəqilliyimizə təhdid yaradanlar layiqli cəzasını aldı

1995-ci il martın 15-də Bakı şəhərində Xüsusi Təyinatlı Polis Dəstəsinin komandiri Rövşən Cavadovun rəhbərliyi ilə dövlət çevrilişinə cəhd edildi.

Bu qanlı hadisənin təşkilatçıları dövlətçiliyimizin qüvvətlənməsini istəməyən qüvvələr idi. Belə ki, martın 16-dan 17-nə keçən gecə paytaxtın 8-ci kilometr qəsəbəsində yerləşən "OMON"çuların qərargahı yaxınlığında atışma baş verdi. Xain Ermənistanın torpaqlarımızı zor gücü ilə işğal etdiyi bir zamanda, vəzifə xülyasında olan bir qrup şəxs ölkədə hakimiyyəti ələ keçirmək üçün çevriliş cəhdi etdi. Onların bu xain hərəkəti çoxlu sayda insan tələfatına səbəb oldu. Cavadov qardaşları kimi tanınan xəyanətkarların hakimiyyəti qeyri-konstitusion yolla ələ keçirmək cəhdləri nəticəsində 22 hərbçi, 7 mülki şəxs, 1 polis və Xüsusi Təyinatlı Polis Dəstəsinin (XTPD) 8 əməkdaşı həyatını itirdi. Hadisə nəticəsində, həmçinin 105 nəfər yaralandı. XTPD rəhbəri Rövşən Cavadov isə aldığı güllə yarasından vəfat etdi.

XX əsrin 90-cı illərində Azərbaycanda hakimiyyətə gəlmək uğrunda müxtəlif qüvvələr arasında mübarizə gedirdi. Xəyanətkar güclərin əsas məqsədi idarəçiliyi ələ keçirməklə ölkəmizi parçalamaq planlarını həyata keçirmək idi. Həmin dövrdə respublikamızın beynəlxalq aləmdə getdikcə artan nüfuzunu gözü götürməyənlər ölkəmizə zərbə vurmaq niyyəti güdürdülər. Dövlətimizi parçalanma təhlükəsindən xilas edən isə məhz ulu öndər Heydər Əliyev oldu. Ümummilli liderin xalqın iradəsi ilə, demokratik və qanuni yolla hakimiyyətə qayıdışı ölkəmizi sevməyən qüvvələri ciddi şəkildə narahat edirdi. Azərbaycan lideri Heydər Əliyevin müdrik daxili və xarici siyasəti nəticəsində siyasi hakimiyyət böhranı, anarxiya və özbaşınalığın qarşısı alındı. Dövlətçilik tariximizin yeni mərhələsi - müstəqilliyinin möhkəmləndirilməsi dövrü başlandı.

Ümummilli lider Heydər Əliyev dünyanın bir çox aparıcı ölkələrinin rəhbərləri, nüfuzlu beynəlxalq təşkilatlar və işgüzar dairələrlə yüksək səviyyəli rəsmi görüşlər təşkil edərək Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində mühüm işlər gördü. Hələ AXC-Müsavat dövründə respublika iqtisadiyyatının tamamilə çökməsi, xalqın rifah halının aşağı düşməsi hər kəsə məlum idi. Şimalda "Sadval" separatizmi, cənubda isə talış-muğan respublikası məsələsi, qərbdə erməni işğalı vəziyyəti daha da gərginləşdirmişdi. Ümumiyyətlə, 1993-1995-ci illər müasir Azərbaycanın tarixinə dövlət müstəqilliyinin qorunub saxlanılması uğrunda mübarizə dövrü kimi həkk olunub. Ümummilli lider Heydər Əliyev 17 mart 1995-ci il dövlətçiliyin qorunub saxlanması məsələlərinə həsr olunmuş müşavirədə çıxışı zamanı deyib ki, iki gün ərzində məsələni sülh yolu ilə yatırmaq və onun qarşısını almaq üçün görülən tədbirlər nəticəsiz qaldı. Ulu öndər deyirdi: "Martın 13-dən 14-nə keçən gecə həmin silahlı dəstə öz niyyətini yerinə yetirmək üçün, yəni Tovuz, Gəncə bölgələrini zəbt etmək üçün Tovuzda olan hərbi hissəyə hücum etdi, döyüş başlandı və bu döyüş nəticəsində o banda darmadağın oldu. Orada olan itkilər və bizim çətinliklərimiz sizə məlumdur. Bu gün artıq sizə deyə bilərəm ki, həmin bu bandanın üzvləri, - orada deyirdilər ki, XTPD-nin cəmi 60 üzvü var, lakin onlar kənardan da adamlar cəlb edib silahlandırmışdılar, - 160 nəfər həbs olunmuşdur".

Siyasi cəhətdən bu cür mürəkkəb bir zamanda ulu öndər Heydər Əliyev vətəndaş qarşıdurmasının qarşısını aldı. Həmin dövrdə baş verənlər bir daha xalqımızın və ordumuzun ölkə daxilində qarşıdurma yaratmaq istəyənləri dəstəkləmədiyini və onları müdafiə etmədiyini təsdiqlədi. Törədilən dövlət cinayətləri qan tökülməsinə gətirib çıxarsa da müstəqil Azərbaycan dövlətinin möhkəm, qüdrətli olduğunu bir daha bütün dünyaya göstərdi. Bu, həmçinin zor işlətməyin mənasızlığını sübuta yetirdi. Xatırladaq ki, ulu öndər hadisələrin gedişatını təhlil edərək dövlət çevrilişinə cəhd edənləri bu yoldan çəkindirmək üçün martın 15-də televiziya ilə xalqa müraciət etdi. Müraciətin əsas məqsədi Rövşən Cavadov və onunla əlbir olan qüvvələrin Azərbaycanı dağıtmaq, qan tökmək istəyinin qarşısını almaq idi. Ölkəmizin yüksəlişini gözü götürməyən və onların oyuncağına çevrilən "sapı özümüzdən olan baltalar" xain niyyətlərini reallaşdırmağa çalışsalar da bu, baş tutmadı.

Bu gün respublikamız ulu öndərin ideyalarına sadiqdir və Prezident İlham Əliyevin həmin siyasəti uğurla davam etdirməsi nəticəsində Azərbaycan bütün sahələrdə yeni nailiyyətlərlə sürətli inkişaf mərhələsinə qədəm qoyub. Beynəlxalq məsələlərə müasir yanaşmalar və milli iqtisadi prioritetlər əsasında mükəmməl islahatlar konsepsiyasının hazırlanması və icrası Azərbaycanı son illərdə yüksək inkişaf templərinə görə dünyanın lider dövlətləri sırasına çıxarıb.

Nəzrin ELDARQIZI,

"Respublika".