Ermənistanın Azərbaycan və Türkiyənin şərtlərini qəbul edib əlaqə yaratmaqdan başqa çarəsi yoxdur
Siyasət

Ermənistanın Azərbaycan və Türkiyənin şərtlərini qəbul edib əlaqə yaratmaqdan başqa çarəsi yoxdur

İndiki məqamda Ermənistanın Azərbaycan və Türkiyənin şərtlərini qəbul edib, əlaqə yaratmaqdan başqa çarəsi yoxdur. Ermənistan regionda təklənərək güclü Türkiyə və Azərbaycan ilə uzun davam edən mübarizəyə girmək imkanında deyil.

AZƏRTAC xəbər verir ki, bu sözləri Siyasət, İqtisadiyyat və Cəmiyyət Araşdırmaları Fondunun (SETA) xarici siyasət üzrə tədqiqatçısı Can Acun deyib.

O bildirib ki, Azərbaycan Qarabağda suverenliyini tam bərpa etdi və separatçı rejimin varlığına son qoydu:

"İkinci mərhələdə Azərbaycan regionun iqtisadi baxımdan qüdrətli dövləti olaraq Zəngəzur dəhlizini formalaşdırmağa başlayır ki, bunu Türkiyə də dəstəkləyir. Təsadüfi deyil ki, Prezident Rəcəb Tayyib Ərdoğan Naxçıvan səfərindən sonra bəyan etdi ki, Türkiyə Zəngəzur dəhlizinin formalaşması istiqamətində əlindən gələn bütün dəstəyi verəcək və bu layihənin iştirakçısı olacaq. Bu dəhliz sadəcə Naxçıvan ilə Azərbaycanın digər regionlarını birləşməsi deyil, eyni zamanda, Asiya ilə Avropanın ticarət əlaqələrində əhəmiyyətli rol oynayacaq.

Can Acun söyləyib ki, Türkiyə Zəngəzur dəhlizi vasitəsilə Qafqaz və Orta Asiya respublikaları, eləcə də Çin ilə ticarət, nəqliyyat və tranzit əlaqələrini genişləndirəcək.

Ermənistanın özü üçün də faydalı olan bu dəhlizin formalaşmasına rəsmi Yerevan artıq etiraz etmir. Ermənistanda iqtisadi potensialın olduqca zəif olması, dənizə çıxışının olmaması, əhalinin kasıbçılıq ucbatından ölkəni tərk etməsi, sosial vəziyyətin aşağı səviyyədə olması rəsmi Yerevanı praqmatik düşünməyə vadar edib.

Ekspert nəzərə çatdırıb ki, Qərb dövlətləri iqtisadi maraqlara daha çox üstünlük verirlər. Liberal bazar iqtisadiyyatına malik olan Avropa dövlətləri iqtisadi səmərə və fayda əldə edə biləcəkləri beynəlxalq əhəmiyyətli layihələrə dəstək verməyə hər zaman hazırdırlar. Belə məqamlarda iqtisadi maraqlar siyasətdən və ideologiyadan özünü daha qabarıq şəkildə büruzə verir. Zəngəzur dəhlizi də Avropa üçün faydalı hesab olunan və beynəlxalq mahiyyətə malik olan layihələrdən biridir. Bütün bunları Ermənistanda yaxşı başa düşürlər və bu səbəbdən də Zəngəzur dəhlizinin yaranmasına böyük mane ola bilməzlər. Zamanla Ermənistan Türkiyə və Azərbaycan ilə münasibətlərini normallaşdıracaq. Azərbaycanın qələbəsindən sonra erməni siyasətçilər başa düşdülər ki, başqa güclərdən maliyyə və hərbi yardım alıb qonşularla ədavət aparmaq uzun sürməz. Lakin rasional siyasi xətt inkişafa və sülhə aparan yoldur.