Müstəqil Azərbaycanın gömrük xidməti
Digər xəbərlər

Müstəqil Azərbaycanın gömrük xidməti

Gömrük sisteminin elmi-hüquqi əsaslarla təşkili ilk dəfə Azərbaycan Xalq Cümhuriyyəti dövründə olmuşdur. Azərbaycan ərazisini qeyri-qanuni ticarətdən və qaçaqmalçılıqdan qorumaq məqsədilə hökumətin 1918-ci il 12 iyul tarixli qərarı ilə Qazax qəzasının Salahlı və Şıxlı kəndlərində, Poylu dəmir yolu stansiyasında ilk gömrük postları yaradılmışdı. Azərbaycan hökuməti gömrük sisteminin fəaliyyətə başlamasını təmin edən sənədi 1918-ci il avqustun 10-da qəbul etmişdi. Azərbaycan parlamentinin 1918-ci il 18 avqust tarixli qanununa əsasən, qaçaqmalçılıqla mübarizə, ölkənin ərazisini qeyri-qanuni ticarətdən qorumaq məqsədilə Azərbaycanın sərhədlərində 99 gömrük postu yaradılmışdı və burada 992 gömrük işçisi keşik çəkirdi. Aprel işğalı digər sahələrdə olduğu kimi, gömrük sistemində də işlərin başa çatdırılmasına imkan vermədi.

Müstəqil Azərbaycan gömrüyü dövlət müstəqilliyimizlə həmyaşıddır. Dövlət Gömrük Komitəsi dövlət müstəqilliyinin bərpasından üç ay sonra - 1992-ci il yanvarın 30-da yaradılıb. O zaman dövlət quruculuğu sahəsində təxirəsalınmaz vəzifələrdən biri də ölkənin iqtisadi maraqlarının və mənafelərinin qorunması, səmərəli xarici-iqtisadi fəaliyyət və idxal-ixrac əməliyyatlarına dövlət nəzarət sisteminin yaradılması, sərhədlərin iqtisadi təhlükəsizliyinin təmin edilməsi idi. Qısa zaman kəsiyində ölkənin milli gömrük xidmətinin yaradılması və formalaşdırılması bütün kəskinliyi ilə qarşıda dururdu. Həmin illərdə Dövlət Gömrük Komitəsi yaradılsa da, o dövrdə mürəkkəb ictimai-siyasi vəziyyət gömrük orqanlarının formalaşmasına imkan vermədi. Yalnız ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra bütün sahələrdə olduğu kimi, gömrük sistemində də islahatlar aparıldı, Dövlət Gömrük Komitəsinin fəaliyyətində ciddi dönüş yarandı. 

Respublikamız müstəqilliyini bərpa etdikdən sonra təşəkkül tapmış yeni strukturlardan biri gömrük sistemi olub. Ölkəmizin təhlükəsizliyi istiqamətində mühüm rola malik gömrük xidməti dövlət xəzinəsini gəlirlə təmin edən ən mühüm dövlət atributlarından biridir. Gömrük sistemi həm də ölkəyə qeyri-qanuni yolla müxtəlif malların gətirilməsinin, habelə ölkənin ən mühüm strateji sərvətlərinin aparılmasının qarşısını alır. Məhz Heydər Əliyevin gömrük sisteminin formalaşması üçün verdiyi dəyərli tövsiyələr və bu qurumun modernləşməsinə yönələn iqtisadi siyasəti nəticəsində bu gün Azərbaycanda dünya standartlarına uyğun gömrük xidməti formalaşıb. Ümummilli lider Heydər Əliyev vurğulayıb ki, biz elə bir gömrük orqanı yaratmalıyıq ki, o, xarici-iqtisadi əlaqələrimizdə öz yerini tutsun, iqtisadiyyatımızın inkişafına xidmət etsin, bütün hallarda müstəqil Azərbaycanın nüfuzunun yüksəldilməsinə öz töhfəsini versin. Ulu öndərin sərəncamına əsasən, 1997-ci ildən 30 yanvar tarixinin gömrükçülərin peşə bayramı günü kimi qeyd edilməsi də bu orqanın fəaliyyətinə verdiyi çox yüksək qiymətin, diqqət və qayğının bariz təzahürü idi.

Ümummilli liderin siyasətini uğurla həyata keçirən və yeni çalarlarla zənginləşdirən Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət Azərbaycanı regionda ən sürətlə inkişaf edən, məqsədlərinə doğru inamla irəliləyən dövlətə çevirib. Ölkə başçısı digər sahələrdə olduğu kimi, gömrük sisteminin də bütün istiqamətlər üzrə daha da təkmilləşdirilməsi işini daim diqqət mərkəzində saxlayır. Bunun nəticəsidir ki, son illər Azərbaycan gömrük xidməti dinamik inkişaf edir və yeni, müasir layihələr həyata keçirməklə beynəlxalq standartlara cavab verən nümunəvi təşkilat kimi inamla irəliləyir. Azərbaycan gömrük xidməti öz fəaliyyətində informasiya-kommunikasiya texnologiyalarının tətbiqinə xüsusi önəm verərək bu sahədə köklü islahatlar aparıb. Hərtərəfli dövlət qayğısı ilə əhatə olunan gömrük orqanlarının və onun əməkdaşlarının əsas məqsədi göstərilən etimadı doğrultmaq, dövlətə, dövlətçiliyə sədaqət nümayiş etdirməklə qarşıya qoyulan vəzifələri vicdanla yerinə yetirməkdir. Son illərdə gömrük sistemində şəffaflığın təmin olunması, idarəçiliyin təkmilləşdirilməsi, elektron xidmətlərin sayının artırılması və digər sahələrdə islahatların əhatə dairəsi genişləndirilib ki, bu da xidmət mədəniyyətinin yüksəldilməsində, xarici ticarət iştirakçılarında könüllü riayət prinsiplərinin formalaşdırılmasında və beynəlxalq ticarətin asanlaşdırılmasında ifadə olunur. Kadr potensialının artırılması, gömrük əməkdaşlarının peşə biliklərinin və psixoloji hazırlıq səviyyəsinin yüksəldilməsi məqsədilə regional baş idarələrin tabeliyində olan gömrük postlarının fəaliyyət xüsusiyyətləri nəzərə alınmaqla, orada xidmət keçən əməkdaşlar üçün ehtiyac duyulan sahələr üzrə peşəkar təlimçi, mütəxəssis və psixoloqlar cəlb olunmaqla təlim, treninq və seminarların təşkil edilməsi nəzərdə tutulur. Gömrük xidməti respublikamızın inkişafına təkan verməklə, ölkənin iqtisadi qüdrətinin artırılmasında, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasında Prezident İlham Əliyevin həyata keçirdiyi iqtisadi siyasətin yeni-yeni uğurlar qazanmasında mühüm rol oynayır. Gömrük orqanları dövlətə, dövlətçiliyə sədaqətlə xidmət edərək qarşıya qoyulan bütün vəzifələri vicdanla yerinə yetirməkdədir.

Azərbaycan gömrükçüləri müstəqil Azərbaycanın beynəlxalq nüfuzunun daha da artırılması, xalqımızın firavan gələcəyinin təmin edilməsi işində yaxından iştirak edir, qarşıya qoyulan təxirəsalınmaz vəzifələrin müvəffəqiyyətlə yerinə yetirilməsi üçün bütün qüvvə və bacarıqlarını sərf edir.

Mustafa KAMAL,

"Respublika".