Dövlət Xidməti və Agentlik razılaşma imzalayıb
Digər xəbərlər

Dövlət Xidməti və Agentlik razılaşma imzalayıb

Artıq ölkənin Şimal bölgəsində ilkin hərbi qeydiyyata alınan və müddətli həqiqi hərbi xidmətə çağırılan, habelə təkrar tibbi şəhadətləndirilməyə cəlb edilən vətəndaşların tibbi müayinəsi regional tibb müəssisəsində - Quba Rayon Mərkəzi Xəstəxanasında (RMX) aparılacaq.

İlkin hərbi qeydiyyata alınan və hərbi xidmətə çağırılan vətəndaşların tibbi müayinəsinin regional xəstəxanada aparılması ilə bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən birgə pilot layihənin icrasına başlanılır. Belə ki, 6 may 2024-cü il tarixindən Xidmətin Quba, Qusar, Xaçmaz, Siyəzən və Şabran rayonları üzrə ilkin hərbi qeydiyyata alınan və müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların Quba RMX-də tibbi müayinəsi aparılacaq.

Qurumun icimaiyyətlə əlaqələr şöbəsi bildirir ki, bu məqsədlə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Mürsəl İbrahimov və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev razılaşma sənədi imzalayıblar. Layihənin əsas məqsədi tibbi müayinələrin aparılması işinin mərkəzləşdirilməsi, yaxın məsafədə tibbi xidmətin əlçatanlığını və vətəndaş məmnunluğunu təmin etməkdir.

Vətəndaşların qəbulu və əyani olaraq tibbi yoxlamanın aparılması üçün Quba şəhəri, Fətəli Xan küçəsi 42 ünvanında yerləşən Quba RMX-də qəbul və müvafiq otaqlar ayrılıb. Müayinə otaqları bütün lazımi avadanlıqlarla təchiz edilib. Tibbi baxış zamanı çağırışçılar həkim-mütəxəssislər tərəfindən müayinə ediləcəkdir.

M.Mirzə,

“Respublika”.