Erməni etirafı:
Digər xəbərlər

Erməni etirafı: "adam dəli olur..."

Azərbaycanın davamlı inkişafı işğaldan azad edilən Qarabağda və Şərqi Zəngəzurda daha aydın görünür, dövlətimizin gücünün, xoş niyyətinin, iradəsinin təntənəsi bu iqtisadi rayonlarda aparılan genişmiqyaslı işlərdə əks olunur. İkinci Qarabağ müharibəsini qələbə ilə başa çatdıran və 30 il işğal altında qalan torpaqlarımızı  azad edərək ərazi bütövlüyünü bərpa edən Azərbaycan Ermənistan tərəfindən dağıdılmış və talan edilmiş 8 şəhərin və 300-ə yaxın kəndin yenidən salınması üçün heç bir dövlətə, heç kəsə müraciət etmədən, kömək gözləmədən Lüksemburq böyüklüyündəki ərazidə tikinti-quruculuq işləri aparır, özü də keyfiyyətlə, inamla...

Azərbaycan həm də XXI əsrin müharibəsini apardı, yüksək döyüş peşəkarlığı sayəsində müasir hərbi silahları tətbiq etməklə işğalçıların başını əzdi, bel sütununu sındırdı, qəsbkarları mənəvi-psixoloji cəhətdən sarsıtdı. Qalib, rəşadətli Azərbaycan ordusu tərəfindən otuz ilə yaxın Ermənistanın işğalı altında qalan torpaqlarımız cəmi 44 günə qəsbkarlardan azad edildi. Qarabağda və Şərqi Zəngəzurda erməni faşizmi tərəfindən törədilən vəhşilik, qəddarlıq dəhşət saçır, şəhərlərin və kəndlərin dağıdılaraq xarabalığa çevrilməsi, təbiətə qarşı vəhşi münasibət faşist erməni mahiyyətinin ən iyrənc təzahüründən xəbər verir. İki yüz ildir ki, Azərbaycan torpaqlarına qarşı iddia irəli sürən ermənilərdən soruşmaq lazımdır ki, əgər bu torpaqlar onlara aid olubsa, onda 30 il ərzində oraları niyə tikib qurmayıblar?! Ancaq boş-boş danışıb, lovğalanıblar. Əslində, ermənilər Qarabağın və Şərqi Zəngəzurun onlara aid olmadığını yaxşı bilirdilər. Fəqət xunta rejiminin başçıları, əlləri dirsəklərinə qədər xalqımızın qanına batmış, uşaq qatilləri Robert Köçəryan və Serj Sərkisyan havadarlarının köməyinə arxalanaraq iki xalq arasında qatı düşmənçilik yaratdılar. Bu düşmənçiliyin yaraları çox dərinə işləyib, Qarabağda və Şərqi Zəngəzurda aşkar edilən kütləvi məzarlıqlar erməni vəhşiliyindən xəbər verir, insanların dərdini, qan axan yaralarını  sağaltmaq mümkün deyil, yüz minlərlə ailə bu cəlladların cinayətlərindən əziyyət çəkib, övladlarını itiriblər. Bu faciələri yaşadan işğalçı Ermənistan 2020-ci ilin noyabr ayında ağır məğlubiyyətə uğradı, silahlı qüvvələri tar-mar edildi, döyüş texnikaları sıradan çıxarıldı, bir çoxu qənimət kimi ələ keçirildi, minlərlə əsgər və zabiti döyüş meydanında məhv edildi, şəhidlərimizin qisası düşməndən alındı, torpaqlarımız öz azadlığına qovuşdu. Müharibədən cəmi 8 gün sonra  Qarabağda və Şərqi Zəngəzurda bərpa və yenidənqurma işlərinə başlanıldı və bu nəhəng layihələrin icra edilməsi dörd mərhələ üzrə aparılır: şəhərlərin Baş planının hazırlanması, ərazilərin minalardan təmizlənməsi, infrastrukturun qurulması və Böyük Qayıdış. Dünyada müharibə ilə üzləşən ölkələr arasında Azərbaycan analoqu olmayan bir sıçrayışla, dirçəlişlə, qətiyyətlə, sürətli quruculuqla iki il yarım müddətində Qarabağa və Şərqi Zəngəzura keçmiş məcburi köçkünlərin qayıdışını təmin edir. Böyük və ləyaqətli qayıdış Talış, Ağalı kəndlərini, Laçın və Füzuli şəhərlərini əhatə edir. Onlarla kəndin təməl daşı qoyulub, bir çoxunda tikinti işləri aparılır, infrastruktur yaradılır.

İşğaldan azad olunmuş Qubadlı rayonunda daha bir yaşayış məntəqəsində bərpa və yenidənqurma işlərinə başlanılır. Söhbət bu ilin mayında təməli qoyulan və birinci mərhələdə 159 evin tikiləcəyi Zilanlı kəndindən gedir. Kəndin salınması üçün torpaq işləri görülür. Xatırladaq ki, hazırda Qubadlı rayonunun  Mahruzlu kəndində də bərpa və yenidənqurma işləri davam edir. Həmin yaşayış məntəqəsində ümumi ərazinin planlaşdırılması üzrə nəzərdə tutulan işlər yerinə yetirilir. Qubadlının hər iki kəndində bərpa və yenidənqurma işlərinə cəlb edilmiş şirkətlər açıq tender yolu ilə müəyyən edilib. Bundan başqa, işğaldan azad edilmiş ərazilərdə yeni tədris ilində dörd məktəb açılacaq. Belə ki, yeni tədris ilində Füzuli şəhər 1 nömrəli tam orta məktəbdə 349 şagird təhsil alacaq. Şuşa şəhərindəki 1 nömrəli tam orta məktəbdə isə 314 məktəbli oxuyacaq. Bununla yanaşı, Laçında da iki məktəbin açılması nəzərdə tutulub - Laçın şəhər 2 nömrəli tam orta məktəb və Ədalət Məmmədov adına Zabux kənd tam orta məktəbi. 2 nömrəli məktəbdə 227, Zabux kənd məktəbində isə 147 şagird təhsil alacaq.

Qarabağda və Şərqi Zəngəzurda aparılan modern və çağdaş şəhərsalma işlərini, yeni və müasir kəndlərin salınmasını, həyatın bütün sahələrini əhatə edən infrastruktur layihələrin icra edilməsini, qısa müddət ərzində yüzlərlə keçmiş məcburi köçkün ailəsinin doğma yurd yerlərinə qayıdışını diqqətlə izləyən ermənilərin nə hala düşdüyünü təsəvvür etmək heç də çətin deyil. Bu, erməni jurnalist Bella Lalayanın "Facebook" səhifəsində yazdıqlarından da aydın görünür. Erməni jurnalist qeyd edir: "Azərbaycanın gördüyü nəhəng işləri görəndə adam dəli olur. Aydın məsələdir ki, Əliyev Füzulini, Laçını, Ağdamı, Qubadlını yenidən qurur ki, bizi incitsin. Amma tikir axı. Siz də inşa edərdiniz! Ay simic vətənpərvərlər, "liderlər"! Bu iki il ərzində gördükləri işlərin həcmini görəndə adam dəli olur. Sonra da deyirsiniz ki, Azərbaycan video və fotolarını yaymayın. Niyə? Çünki mənfur niyyətləriniz üzə çıxıb? İki ildə görülən işin iki faizini 30 ildə etməmisiniz? 30 ildir ki, normal informasiya strategiyası və mübarizəsi belə formalaşdıra bilməmisiz. Tikinti-quruculuq işlərindən söz düşmüşkən qeyd edək ki, bir az əvvəl Ermənistanın  baş naziri Nikol Paşinyan inşaatçılar gününə həsr olunmuş tədbirdə bildirib ki, ölkəmizdə tikinti sənayesinin əsas problemlərindən biri tikinti mədəniyyətinin olmamasıdır. Söhbət ölkənin strateji inkişafından, yeni tikinti mədəniyyətindən, yeni keyfiyyətdən, yeni standartlardan, yeni yanaşmalardan və templərdən gedir. Bizdə binanın söküntüsü illərlə davam edir. Müdafiə Nazirliyinin keçmiş binasını 4 ildir sökürük. Bu həm özəl sektor, həm də dövlət sektoru üçün problemdir. Mən hələ yeni binanın tikintisi müddətindən danışmıram. Bir çox başqa ölkələrdə (Azərbaycan deyə bilməyib) bir neçə günə tikilən binanı Ermənistanda illərdir tikirlər, tikirlər, amma tikib qurtara bilmirlər". Baş nazir   acı həqiqəti, Ermənistanın düşdüyü acınacaqlı vəziyyəti açıqlayıb. Erməni mətbuatı başqa bir reallığı gündəmə gətirib. Qeyd olunur ki, 1994-cü ildə atəşkəs elan olunandan sonra Azərbaycan əhalisi 2 dəfə artıb, Ermənistan əhalisi isə xeyli azalıb. Qəzet yazır ki, 1994-cü ildə atəşkəs elan olunan zaman qeyd olundu ki, Ermənistan tərəfi müharibədə qalib gəlib, Azərbaycan tərəfi isə məğlub olub. Bəs niyə bu qələbə nəticəsində Ermənistanın əhalisi artmadı, əksinə azaldı və Azərbaycanı iqtisadiyyat sahəsində rəqabətdə məğlub etmək mümkün olmadı? Bax belə! Ermənistandakı iqtisadi tənəzzülü, qıtlığı, polis zorakılığını aydın hiss edən erməni ailələri ölkəni tərk edirlər. Erməni mətbuatının yazdığına görə, ötən il Ermənistanı 7 mindən çox insan tərk edib. Vaxtilə "böyük Ermənistan" qurmaq istəyən xəyalpərvərlər  düşdükləri bataqlıqdan xilas olmaq üçün qaçırlar. Qarabağdan da qaçış başlayıb. İrəvandakı ermənilərin hamısı ABŞ və Fransadan kömək gözləyir. Erməni siyasi şərhçinin fikirləri dediyimizlə üst-üstə düşür. Qeyd olunur ki, hamımız bilirik ki, Azərbaycan güclü dövlətdir. Onun nefti və digər təbii sərvətləri mövcuddur. Bəs bizim nəyimiz var? Əlimizdə olanları da ruslara vermişik. Xəritədə Ermənistan kiçik bir dövlətdir, hansısa görünməyən nöqtədir. Mən heç vaxt bizim millətin bəzi nümayəndələri kimi axmaq insanlar görməmişəm.

Bir daha qeyd edək ki, Qarabağa və Şərqi Zəngəzura 30 ildən sonra həyat qayıdır, o torpaqların yeni dövranı başlayır... Ermənilərin vəhşiliklə törətdikləri dağıntılar aradan qaldırılır, xarabalıqlar üzərində yeni və müasir şəhərlər salınır. Rusiya, Azərbaycan və Ermənistan arasında imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatda yeni yolun inşası nəzərdə tutulmuşdu. Azərbaycan Laçın şəhərindən yan keçən və Qarabağın dağlıq hissəsini Ermənistanla birləşdirən yeni yolu nəzərdə tutulduğundan iki il tez istifadəyə verdi. Laçın dəhlizinə alternativ olan bu yol iki hərəkət zolaqlıdır. Azərbaycan tərəfinin çəkdiyi yeni yol Ermənistanla sərhəddən - Gorusun Kornidzor kəndindən başlayır, Laçından yan keçərək Şuşa rayonunun Kiçik Qaladərəsi və Böyük Qaladərəsi kəndlərinədək uzanır və Turşsu kəndində mövcud magistralla kəsişir. Yeni yol Laçın rayonunun 6 kəndindən keçir. Laçın yolunda quraşdırılan sərhəd-keçid məntəqəsi isə Azərbaycanın suveren hüququdur və artıq bu yoldan yüzlərlə erməni ailəsi sərbəst şəkildə istifadə edir. Yol açıqdır, ermənilər hər gün bu yoldan keçirlər. Belə isə onda  gecə-gündüz "blokada"dan danışan Xankəndidəki  separatçı rejim və onların əlaltıları həqiqətən axmaqdırlar.

Ağır məğlubiyyətlə barışa bilməyən ermənilər və onların havadarları Qarabağda və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı tikinti-quruculuq işlərinə də paxıllıq edir, Azərbaycanın uğurlarını ağrı ilə, sancı ilə qarşılayırlar. Azərbaycanda isə Qarabağda və Şərqi Zəngəzurda qazanılan tarixi qələbəmizin, şanlı Zəfərimizin üçüncü ildönümünə hazırlaşırlar. Xalqımızın coşqusu və yüksək əhvali-ruhiyyəsi ilə qeyd olunan həmin tarixi gün həm də Silahlı Qüvvələrimizin Qalib Ali Baş Komandanı İlham Əliyevin, dövlət başçısı kimi adını tarixin səhifələrinə həkk edən liderin günüdür.

Salman ALIOĞLU,

"Respublika".