Qoşulmama Hərəkatının əsas ideoloji xətti BMT-də daha aktiv rol almaqdır
Digər xəbərlər

Qoşulmama Hərəkatının əsas ideoloji xətti BMT-də daha aktiv rol almaqdır

1945-ci il iyunun 25-də Birləşmiş Millətlər Təşkilatı beynəlxalq sülhün və təhlükəsizliyin qorunub saxlanılması, millətlər arasında dostluq əlaqələrinin inkişafı və sosial tərəqqiyə yardım, insan həyatının və hüquqlarının müdafiəsi səviyyəsinin yüksəldilməsi məqsədilə yaradılıb. Təşkilatın yaranması dünya ölkələri arasındakı problemlərin beynəlxalq hüquq əsasında tənzimlənməsinə böyük ümidlər verirdi. Lakin müxtəlif regionlarda baş verən silahlı toqquşmalar, işğalçılıq siyasəti, hər hansısa bir dövlətin daxili zəifliyindən istifadə edərək torpaqlarının zəbt olunması, qonşu dövlətin əhalisinə qarşı qeyri-insani davranışlar, əsirlərə qarşı münasibətdə beynəlxalq konvensiyalara zidd hərəkətlər, qanunsuz olaraq digər dövlətin ərazisini minalarla çirkləndirmə, müasir dövrdə hələ də müstəmləkəçilik siyasətinin davam etməsi kimi mənfi hallar bunu deməyə əsas verir ki, BMT bu məsələlərin həllində çarəsiz qalır, ölkələrin mənsub olduğu dinə və irqə görə ikili standartlar həyata keçirilir. Hətta bir az da irəli getsək, BMT-ni kollektiv Qərbin “sanksiya maşını” adlandırmaq olar. Nüfuzlu təşkilatın qlobal və regional məsələlərin həllində çarəsiz qalması ən çox 3-cü dünya ölkələrini narahat edir. Səbəbi isə ondan ibarətdir ki, beynəlxalq hüquqa əməl olunmaması bu ölkələrin ərazi bütövlüyünə, suveren ərazilərinə ciddi təhdidlər törətsə də, hegemon və iri dövlətlər hərəkətdə olan “dəyirman çarxına” heç bir müdaxilə etmək istəmir. Bu məsələni son illər dünya ictimaiyyətinə bəyan edən, açıq-aşkar çəkinmədən fikirlərini dilə gətirən dövlət başçısı İlham Əliyev BMT Təhlükəsizlik Şurasının fəaliyyətindən haqlı olaraq narazılığını ifadə edir. Azərbaycan regionun ən güclü dövləti olması ilə yanaşı, son illər üçüncü dünya adlanan ölkələr qrupu siyahısından, orta dövlətlər sırasına qatılması ilə dünya miqyasında söz sahibi olan ölkələrdən birinə çevrilib. Məhz Azərbaycanın təşəbbüsü ilə Qoşulmama Hərəkatı COVID-19 əleyhinə peyvəndlərin ölkələr arasında ədalətli şəkildə bölgüsünün aparılması məqsədilə 2021-ci ildə BMT-nin İnsan Hüquqları Şurasında və BMT Baş Assambleyasında qəbul edilmiş iki qətnamənin təşəbbüskarı oldu. Buna qədər isə dünyanın ən nüfuzlu qurumunda peyvəndlərin kortəbii şəkildə paylanması ilə bağlı bir ölçü götürülməmişdi.

Təşkilatın əsas tənqid istiqamətlərindən biri Təhlükəsizlik Şurasının say tərkibi ilə bağlıdır. Dünyada 200-dən çox müstəqil ölkənin olmasına baxmayaraq, beş qitədə yaşayan insanların taleyüklü qərarları, kiçik bir qrupun əlində cəmləşib. Təəssüflər olsun ki, BMT Təhlükəsizlik Şurasının daimi üzvlərindən biri Fransadır. Əli məzlum müsəlman qanına bulaşmış bu ölkə dünyada gedən proseslərə hələ də istiqamət verə bilir. Təkcə Fransanın Təhlükəsizlik Şurasında daimi üzv olması, BTM-də islahatları zəruri edir.

Dünyada yaşayan insanların 24-25 faiz aralığında müsəlman olduğunu nəzərə alsaq mütləq bir ölkə İslam coğrafiyasından burada yer almalıdır ki, müsəlmanların haqq səsləri dünya arenasında səslənsin, maraqları ciddiyə alınsın. Əlavə olaraq Qoşulmama Hərəkatının say tərkibi və əhatə etdiyi coğrafiyanın genişliyi göz önünə alınsa, Prezident İlham Əliyevin səsləndirdiyi fikir çox ədalətlidir: “…Bir daimi yer Qoşulmama Hərəkatına verilməlidir və Qoşulmama Hərəkatına sədrlik edən ölkə növbəli şəkildə bu yerə sahib olmalıdır. Mən Qoşulmama Hərəkatına üzv ölkələri bu məsələ ilə bağlı məsləhətləşmələrə başlamağa və öz fikirlərini BMT-nin müvafiq komitəsinə təqdim etməyə çağırıram...”. Belə olan təqdirdə yaranan yeni dünya nizamında ədaləti təmin etmək mümkün ola bilər. Qoşulmama Hərəkatının daimi üzvlüyə alınmasını vacib edən digər bir amil isə bura daxil olan ölkələrin heç bir hərbi alyansa qoşulmamasıdır. Adından məlum olduğu kimi, neytral mövqe sərgiləyən bu təsisat, ən azından “beşlik” ölkələrindən fərqli olaraq multilateralizm üzərindəki təhlükəni aradan qaldıraraq beynəlxalq təhlükəsizlik arxitekturasının möhkəmlənməsinə böyük töhfələr verə bilər. İkinci Qarabağ müharibəsində QH-nin BMT-dən fərqli olaraq ədalətli mövqe ortaya qoyması bütün bunlara ciddi əsas verir.

Musa BAĞIRLI,

“Respublika”.