Müasir sivilizasiyanın üz qarası Fransanın neokolonializm və müstəmləkəçilik siyasəti iflasa məhkumdur
Siyasət

Müasir sivilizasiyanın üz qarası Fransanın neokolonializm və müstəmləkəçilik siyasəti iflasa məhkumdur

"Ümumiyyətlə, bəşəriyyətin kolonializm tarixinin qanlı cinayətlərinin çoxu məhz Fransa tərəfindən törədilmişdir. Afrika, Cənub-Şərqi Asiya, Sakit Okean, Latın Amerikasında onlarla ölkəni işğal edən, sərvətlərini talan edən, xalqlarını uzun illər əsarətdə saxlayan Fransa həmin ərazilərdə hərbi və bəşəriyyət əleyhinə çoxsaylı cinayətlər törətmişdir, fransız silahlı qüvvələri etnik və dini mənsubiyyətinə görə yüz minlərlə dinc sakini soyqırıma məruz qoymuşdur". Bu fikirlər Prezident İlham Əliyevin "Neokolonializm: İnsan Hüquqlarının Pozulması və Ədalətsizlik" mövzusunda beynəlxalq konfransın iştirakçılarına müraciətində yer alıb.

Ölkə başçısı qeyd edib ki, XX əsrdə 30 il ərzində Fransız Polineziyasında Fransa tərəfindən 200-ə yaxın, 6 il ərzində isə Əlcəzairdə 17 nüvə sınağı həyata keçirilmişdir. Həmin nüvə sınaqlarının ağır fəsadları Polineziya və Əlcəzair xalqı arasında bu gün də yaşanmaqdadır. Bir çox təşkilatın çağırışlarına uyğun olaraq nüvə sınaqlarının vurduğu ziyan qiymətləndirilməli və Fransa tərəfindən müvafiq təzminatlar ödənilməlidir. Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə keçirilən "Neokolonializm: İnsan Hüquqlarının Pozulması və Ədalətsizlik" adlı beynəlxalq konfransda 14 ölkənin, eləcə də Fransanın müstəmləkə altında saxladığı dənizaşırı ərazilərin, həmçinin Korsikanın təmsilçiləri iştirak ediblər. Konfransda Fransanın müstəmləkəsi altında olan dövlətlərdə, ərazilərdə apardığı etnik təmizləmə, insan haqlarının ciddi şəkildə pozulması faktları diqqətə çatdırılıb. Çıxış edənlər Fransanı keçmiş müstəmləkə dövlətlərinin daxili işlərinə qarışmaqda günahlandırıblar.

Neokolonializmi hələ də davam etdirən, müstəmləkə siyasəti çərçivəsində insan haqlarına heç bir önəm verməyən ölkələrdən biri kimi Fransanın bu gün özünü insan haqlarının və beynəlxalq hüququn müdafiəçisi kimi qələmə verməsi riyakarlıqdır. Fransanın heç bir əsası olmayan iddiaları, neokolonializim və müstəmləkəçilik arzuları ilə yaşamaqda davam etməsi iflasa məhkumdur. Onu da qeyd edək ki, Azərbaycanın sədrlik etdiyi Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər toplantısı çərçivəsində 6 iyul 2023-cü ildə Bakıda "Müstəmləkəçiliyin tamamilə aradan qaldırılmasına doğru" adlı tədbirin davamı olaraq, Fransanın dənizaşırı ərazilərinin təmsilçiləri ilə əməkdaşlığın dərinləşdirilməsi məqsədilə həmin ilin 22 sentyabrında Birləşmiş Millətlər Təşkilatının qərargahında Bakı Təşəbbüs Qrupu tərəfindən təşkil edilmiş "Dekolonizasiya: Sakit İnqilab" adlı konfrans çərçivəsində aparılmış müzakirələr neokolonialist siyasətə qarşı mübarizənin əhəmiyyətini göstərib.

"Fransız Polineziyasının tezliklə müstəqilliyə qovuşacağına ümid edirəm". Bunu Polineziya müstəqilliyi uğrunda mübarizə aparan "Tavini huiraatira" partiyasının nümayəndəsi Heynui Le Kai Bakıda "Neokolonializm: İnsan Hüquqlarının Pozulması və Ədalətsizlik" mövzusunda keçirilən beynəlxalq konfransda deyib. O bildirib ki, dənizaşırı Fransa koloniyalarında yaşayan əhali əzab çəkir. Fransa stabilliyi və əməkdaşlığı təşviq etdiyini düşünür. Amma həqiqətdə belə deyil. Fransız Polineziyasında atom bombasının sınaqları keçirilib. Bundan əhali əziyyət çəkib, etirazlar olub. Heynui Le Kai Fransanın Fransız Polineziyasının təbii sərvətləri hesabına 25 milyard dollar qazanmasına da diqqət çəkib: "Fransa Polineziya xalqını saymır. Əksər işlərdə fransızlar işləyir. Biz suveren olmaq, müstəmləkəçiliyi sonlandırmaq istəyirik".

Kaledoniya Birliyi Partiyasının baş katibinin müavini David Vanabo Bakıda "Neokolonializm: İnsan Hüquqlarının Pozulması və Ədalətsizlik" mövzusunda keçirilən beynəlxalq konfransda çıxışında bildirib ki, Bakı Təşəbbüs Qrupu artıq bir sıra təşəbbüslər həyata keçirib: "Məqsəd müstəmləkəçiliyə qarşı mübarizədir. Biz Fransanın inteqrasiyasını, assimilyasiya istəmirik. Onun müstəmləkə metodları hələ də davam edir. Bu, uzun illərdir ki, belədir". Qeyd edib ki, siyasi cəhətdən qandallardan azad olmaq lazımdır. Fransa manipulyasiya siyasəti həyata keçirir. Onunla mübarizə üçün beynəlxalq aləmdə həmrəyliyimizi gücləndirməliyik. Bunun üçün şərait yaradan Bakı Təşəbbüs Qrupuna təşəkkür edirəm.

Bu gün Türkiyə və Azərbaycana qarşı ittihamlar irəli sürən Fransanın müharibə cinayətlərinin tarixi daha qədim, coğrafiyası isə olduqca genişdir. Separatçı erməniləri və işğalçı Ermənistanı dəstəkləyən fransız Senatı isə ilk növbədə, bu əməllərə siyasi qiymət verməlidir. XVI əsrdən müstəmləkəçilik siyasəti yürüdən Fransanın İkinci Dünya müharibəsindən əvvəl işğal etdiyi ərazilər 13,5 milyon kvadratkilometr olub. Öz ərazisindən 20 dəfə böyük bir coğrafiyada talançılıq və qətllər törədən bu dövlətin imperiyanı bərpa etmək xəyalları isə hələ də qalır. Əsrlər boyu Afrikanın 20-dən artıq ölkəsində öz hakimiyyətini quran fransızların müstəmləkə siyasəti İkinci Dünya müharibəsindən sonra iflasa uğradı. Vyetnam, Laos, Hindistan, Kamboca, Nigeriya, Konqo və bir çox keçmiş müstəmləkə ölkələri İkinci Dünya müharibəsindən sonra müstəqillik əldə ediblər. Lakin bu, üçüncü dünya ölkələrinin əksəriyyətinin tabeçilik mövqeyini dəyişmədi və istismar yeni səviyyəyə keçdi. İndi iri transmilli şirkətlər periferiya ölkələrinə kapital ixrac edir və ucuz işçi qüvvəsini istismar edərək geridə qalmış ölkələri daha da yoxsulluğa sürükləyirlər. Yaxud müasir dövrdə Fransa daha qəddar müstəmləkə siyasəti həyata keçirir. Həmin dövlətlərə müstəqillik verməyə məcbur olan Fransa neokolonializm üsuli-idarəsini seçdi. Afrika ölkələrini əlindən buraxmaq istəməyən fransızlar yeni metodlara əl atdılar: həmin dövlətlərin ərazilərində münaqişələr yaratmaq və öz qoşunlarını "sülhməramlı missiya" adı ilə yerləşdirmək. Fransanın Ermənistanı silahla təchiz etməsi Cənubi Qafqaz regionunda da eyni təcrübəni tətbiq etməyə çalışır. Bu yanaşma sülhə xidmət etmir, əksinə, yeni münaqişənin alovlanmasına yönəlib.

Mustafa KAMAL,

"Respublika".