Müasir infrastruktur
İqtisadiyyat

Müasir infrastruktur

Kəlbəcər yolunda regionun ən böyük avtomobil tuneli inşa edilir

Dövlət proqramları, əsaslı investisiya qoyuluşları yol-nəqliyyat kompleksindəki problemlərin həllində, bu sistemin müasir dövrün tələblərinə uyğunlaşdırılmasında mühüm rol oynayıb. Nəticə etibarilə ümumi istifadədə olan yerli əhəmiyyətli magistral, eləcə də rayonlararası, şəhərdaxili yolların təmiri və yenidən qurulması prosesi geniş vüsət alıb. Görülmüş tədbirlər nəticəsində ölkədə yol infrastrukturu daha da yaxşılaşdırılıb və beynəlxalq standartlara uyğunlaşdırılıb, Azərbaycan qlobal nəqliyyat qovşağı kimi mövqelərini möhkəmləndirib.

Torpaqlarımızın işğaldan azad edilməsi isə yol-nəqliyyat infrastrukturu sahəsində çağırışları yeniləyib və azad edilmiş ərazilərdə yolların bərpasını bu sahə üzrə məsul olan qurumların əsas vəzifəsinə çevirib. Təsadüfi deyil ki, işğaldan azad olunmuş ərazilərin yenidən qurulmasında ilk addım da avtomobil yollarının yenidən qurulması ilə bağlı oldu. Qarabağ və Şərqi Zəngəzurda onlarla yeni yolun təməli qoyulub və onlardan bir neçəsinin inşası başa çatdırılıb.

İndi ölkəmizdə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasının prioritet istiqamətlərindən biri məhz yol infrastrukturunun müasir standartlara cavab verən səviyyədə yenidən qurulmasıdır. Hazırda işğaldan azad edilmiş ərazilərdə müasir yol-nəqliyyat infrastrukturunun yaradılması bu ərazilərin bərpası proqramı çərçivəsində əsas prioritetlərdən biri kimi müəyyən edilib. Çünki müasir yol-nəqliyyat infrastrukturu olmadan soydaşlarımızın həmin ərazilərə qayıtmasını təmin etmək, burada təsərrüfat fəaliyyəti aparmaq, ölkənin digər regionları ilə əlaqələr qurmaq, iqtisadi reinteqrasiya məsələlərini həll etmək mümkün deyil. İkinci Qarabağ müharibəsindəki qələbədən sonra işğaldan azad edilmiş ərazilərdə minlərlə kilometr uzunluqda avtomobil yolu çəkilir. Qarabağ münaqişəsinin həlli regionumuzda nəqliyyat-kommunikasiya layihələrinin inkişafı üçün yeni imkanlar yaradır. Zəngəzur dəhlizi açıldıqdan sonra bu, region ölkələrinin nəqliyyat imkanlarını daha da artıracaq və marşrut boyu yerləşən bütün ölkələr üçün faydalı olacaq. Azərbaycan dəhlizin açılması üçün avtomobil və dəmir yolu layihələrinin icrasını demək olar ki, yekunlaşdırmaq üzrədir.

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının ərazisində icra olunan və işğaldan azad edilmiş rayon və kəndlərin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq yol infrastrukturu layihələrində ümumi uzunluğu 66 kilometrə yaxın olan 39 avtomobil tunelinin inşası da həyata keçirilir. 2026-cı ilə qədər həm də azad edilmiş bütün şəhərlərin daxili yollarının tikintisinin başa çatdırılması proqnozlaşdırılır.

Azad olunan ərazilərdə ən böyük yol layihələrindən biri Füzuli rayonundan Şuşa şəhərinə çəkilən "Zəfər" yoludur. Uzunluğu 101 kilometr olan yol 2 hərəkət zolaqlı olmaqla ikinci texniki dərəcəyə uyğun inşa edilib. Başlanğıcını Hacıqabul-Mincivan-Zəngəzur dəhlizi magistral avtomobil yolundan götürməklə "Zəfər yolu" Qarabağımızın tacı olan Şuşa şəhərinə qədər uzanır. İşğaldan azad edilmiş ərazilərdə icra olunan yol infrastrukturu layihələrindən biri də Toğanalı-Kəlbəcər-İstisu avtomobil yoludur. Göygöl və Kəlbəcər rayonlarını birləşdirən avtomobil yolunun layihə uzunluğu 80.7 kilometrdir. Yolun Murovdağ silsiləsi hissəsində dağın altından 11.7 kilometrlik tunel tikilir. Murovdağ silsiləsindən sonra 2830 və 460 metr uzunluğunda daha 2 avtomobil tunelinin inşası da nəzərdə tutulur. Beləliklə, yol boyu ümumi uzunluğu 15 kilometrə yaxın olan 3 tunel tikiləcək. Tunellər bir istiqamət üzrə 2 hərəkət zolaqlı və 12 metr enində olacaq. 3 tuneldə artıq qazma, püskürtmə və beton işləri başa çatıb. Murovdağ tunelində isə qazma işləri davam etdirilir. Artıq tuneldə hər bir istiqamət üzrə 5 kilometrə yaxın qazma, püskürtmə və beton işləri tamamlanıb, 14 ehtiyat keçidinin tikintisi yekunlaşıb.

Azad olunan bölgələrdə sürətlə icra olunan daha bir yol layihəsi Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yoludur. Başlanğıcını Hacıqabul-Mincivan-Zəngəzur dəhlizi magistral avtomobil yolunun Cəbrayıl rayonu Şükürbəyli kəndindən keçən hissəsindən götürməklə Xocavənd rayonunun Hadrut qəsəbəsinə qədər uzanır. Tikintisi aparılan yolun uzunluğu 39.7 kilometrdir.

Hazırda bu ərazilərdə hətta sovet dövründə olmamış marşrutlarda da yeni yollar salınır və bütün Qarabağ və Şərqi Zəngəzuru əhatə edən geniş yol-nəqliyyat şəbəkəsi yaradılır. Yol həm də inkişaf, yüksəliş və rifah deməkdir. Bu gün Qarabağ və Şərqi Zəngəzurda salınan yollar azad olunmuş ərazilərimizin bərpasında böyük rol oynadığı kimi, gələcəkdə bu torpaqların inkişafına da xidmət göstərəcək. Azad edilmiş ərazilərdə yaradılan yeni yollar həm də Azərbaycanın quruculuq əzminin göstəricisidir. Ən əsası bu yolların hər biri dövlətimizin gücünü, malik olduğu potensialı təcəssüm etdirir.

Kəlbəcər yolunda regionun ən böyük avtomobil tuneli inşa edilir və 2025-ci ilə qədər təhvil verilməsi nəzərdə tutulub. Bir istiqamət üzrə 11,6, iki istiqamət üzrə isə 23,3 kilometr uzunluğunda yol inşa olunur. Ümumi uzunluğu 82 kilometr olan Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun tikintisi və ərazinin sərt dağlıq və qayalıq relyefinin olmasını nəzərə alaraq, yolun əsas hissəsinin II texniki dərəcəyə uyğun, yəni hərəkət hissəsinin 2 zolaqdan, yoxuşlarda isə əlavə zolaq verilməklə tikintisi nəzərdə tutulub. Tunel və körpü olan hissələrdə isə 1-ci texniki dərəcəyə uyğun 4 hərəkət zolağının inşası planlaşdırılır. Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun tikinti layihəsi Göygöl rayonunun Toğanalı kəndindən keçməklə inşa edilir. Layihənin 16-cı kilometrlik hissəsindən Murovdağ silsiləsi başlanır və yüksəklik 1900 metrdən Murovdağ zirvəsinədək 3250 metrə qədər artır.

Bu gün ölkə həyatının bütün sahələri ilə yanaşı, yol təsərrüfatının sistemli və hərtərəfli inkişafına xüsusi diqqət göstərilir. Bunun nəticəsidir ki, respublikamızın yol təsərrüfatı yeniləşir və müasirləşir, dövlətimizin gücünün və qüdrətinin artırılmasına, xalqımızın rifahının yüksəldilməsinə xidmət edən quruculuq proqramları uğurla reallaşdırılır. Ötən illər ərzində Azərbaycanda nəzərdə tutulan bütün infrastruktur layihələri, sosial proqramlar yüksək səviyyədə reallaşdırılıb, o cümlədən sosial infrastrukturun mühüm sahələrindən sayılan yol təsərrüfatının yenidən qurulması, yeni yolların salınması, mövcud yolların isə əsaslı şəkildə təmiri ilə bağlı layihələr uğurla davam etdirilib. Paytaxtda və regionlarda çoxsaylı yol ötürücüləri, körpülər, tunellər, yeraltı və yerüstü piyada keçidləri inşa olunub.

Mustafa KAMAL,

"Respublika".