Müasir dövrün “Səlib yürüşü”
Siyasət

Müasir dövrün “Səlib yürüşü”

Fransanın təşəbbüsü ilə çağırılan BMT Təhlükəsizlik Şurasının təcili iclası növbəti dəfə anti-Azərbaycan dairələrinin fiaskosu ilə nəticələndi. Əsas xətt regiondakı məsələlərin müzakirəsi olsa da, Azərbaycanın üzləşdiyi ədalətsizlik, möhtəkirlik və hələ də davam edən mina terroru ilə bağlı Ermənistana heç bir təzyiq göstərilmədi. Xüsusilə, Fransa və Almaniya mövcud prosesə biganəlik nümayiş etdirdi.

Fransa və Ermənistanın BMT TŞ-dən istifadə etmək cəhdi yeni deyil. 30 illik işğal dövründə də onlar bu kimi platformalardan öz xain əməlləri üçün istifadə etməyə cəhd göstərmişlər. Lakin Azərbaycan dövlətinin siyasi qətiyyəti və diplomatik əzmi nəticəsində bütün planlar uğursuzluqla nəticələnmişdir. TŞ-də ölkəmizin əleyhinə heç bir sənədin qəbul olunmaması bunu deməyə əsas verir ki, Azərbaycanın haqq işinə və onun iradəsinə heç kim təsir edə bilməz.

Avropa Parlamenti deputatlarının son günlər verdikləri qərəzli açıqlamalar göstərir ki, onlar artıq Azərbaycana qarşı səlib yürüşünə çıxıblar. Natali Luazo, Fransua Bellami, Marina Kalyurand, Andrey Kovaçev, Lukas Furlas və s. deputatlar aşkar şəkildə erməni lobbisinin təsiri altındadır. Bu qərəzli şəxslərin iştirakına platformanın şərait yaratması 30 il boyunca Ermənistana hər hansı bir təsir və ya təzyiq göstərməyən Avropa Partlamentinin, eləcə də Təhlükəsizlik Şurasının iç üzünü göstərir.

Keçirilən təcili iclasda Almaniya xarici işlər naziri və Aİ-nin xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsinin Azərbaycana qarşı qərəzli çıxışı diqqətdən yayınmır. Belə ki, Aİ, Almaniya və Fransa Ermənistanın Qarabağdakı qanunsuz silahlı birləşmələrinin çıxarılmasının vacibliyi və azərbaycanlılara qarşı törətdiyi mina terroru ilə bağlı konstruktiv mövqe sərgiləmək əvəzinə, əksinə yenə də ikiüzlülük və siyasi riyakarlıqla Ermənistanı müdafiə etməyə çalışdılar. Növbəti dəfə şahid olduq ki, qlobal güclər BMT-dən yalnız şəxsi mənafeləri üçün istifadə edirlər. Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borelin Azərbaycana qarşı ikili yanaşması ölkəmizə qarşı Aİ ölkələri adından bəyanat qəbul olunmasına cəhd etməsi növbəti möhtəkirlik əlamətidir. Azərbaycan Xarici İşlər Nazirliyi Cozep Borelin bəyanatına cavabında bildirib: "Azərbaycanın öz suveren ərazilərində qeyri-qanuni yerləşən erməni silahlı qüvvələrinin çıxarılması istiqamətində legitim tədbirlərinin bu qanunsuz qüvvələrin növbəti təxribat və hücumların qarşısının alınmasına yönəldiyini, Azərbaycanın antiterror tədbirlərinin guya erməni sakinlərə qarşı aparıldığı barədə iddialarla bağlı isə, bu iddiaların hətta Ermənistan baş nazirinin 21 sentyabr tarixli əhaliyə müraciətində də təkzib edildiyini bir daha xatırladırıq". Avropa İttifaqının Azərbaycanın suveren ərazilərinin 30 ilə yaxın işğalı, azərbaycanlılara qarşı aparılan etnik təmizləmə siyasəti və insanlıq əleyhinə cinayətləri araşdırmaq, bu çərçivədə Ermənistanı qınamaq əvəzinə bu cür çıxış etməsi qəbuledilməzdir. Xatırladaq ki, 2020-ci ildə baş vermiş müharibədən sonra da hər vəchlə çalışdılar ki, Azərbaycanın haqq işinə kölgə salsınlar. Bütün bunlar Cənubi Qafqazdakı destabilliyin qorunub saxlanılmasına xidmət edir ki, Azərbaycan bunun hər zaman qarşısında dayanacaq. Ölkəmizin bölgədə sülh və stabilliyin bərqərar olması ilə bağlı addımlarına qarşı bu cür destruktiv mövqe sərgiləyənlər sadəcə öz nüfuzunu aşağı salmaqla məşğuldurlar. Xüsusən də Ermənistan xarici işlər naziri və onun timsalında hakimiyyət rəsmiləri artıq neçənci dəfədir ki, bu cür mötəbər tədbirlərdə rüsvay olurlar. Lakin bu dəfə məsələ olduqca qəribədir. Fransadan mədət umub təcili iclas təşkil etdirən Ermənistanın təmsilçisi Ararat Mirzoyan xarici işlər nazirimiz Ceyhun Bayramovun çıxışı zamanı masadan qalxaraq nəyə görə iclası tərk etdi? Dünyanın ən mötəbər təşkilatının danışıqlar masasından bu cür ayrılmaq ilkin növbədə siyasi səriştəsizlikdən xəbər verir. Bundan başqa, görünür, Ermənistan və onun havadarları üçün acı olan həqiqətləri Mirzoyan artıq dinləmək istəmir. Xatırladaq ki, bir müddət əvvəl - Ermənistanın "blokada" şousu zamanı da təcili iclas keçirilmişdi və təmsilçimiz Yaşar Əliyev Ararat Mirzoyanı Xankəndidəki ziyafət fotoları ilə pərt etmişdi. Onun növbəti məğlubiyyəti həzm edə bilməməsinin əsas səbəbi də bundan qaynaqlanır. Bu, bir daha onların destruktiv mövqeyindən xəbər verir.

Azərbaycan apardığı uğurlu xarici siyasətlə, bəşəriyyətə sülh və davamlı inkişaf gətirən dəyərləri təbliğ etməklə beynəlxalq təhlükəsizliyə və sabitliyə mühüm töhfələr verir. Eyni zamanda, ölkəmiz qlobal əhəmiyyət daşıyan uğurlu neft-qaz və infrastruktur layihələri ilə regionun, bütün Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında və davamlı inkişafında mühüm rol oynayır. Bütün bunlar isə öz növbəsində ölkəmizin qlobal miqyasda artan nüfuzundan xəbər verir. Belə bədxah qüvvələr davamlı şəkildə "qara piar" kampaniyası apararaq ölkəmizin imicinə müxtəlif yollarla xələl gətirməyə cəhd göstərirlər.

Əgər bu gün Xankəndidəki separatçıların zərərsizləşdirilməsi bəzi qlobal dairələr tərəfindən təqdir yox, tənqid edilirsə, bu özü cinayətdir. Bütün bunları görməməzliyə vuran Avropa Parlamentinin ədalətsiz mövqeyi bu quruma olan inamı getdikcə heçə endirir.

Nurlan ABDALOV,

"Respublika".