Müasir çağırışlar, yeni iqtisadi modellər
Siyasət

Müasir çağırışlar, yeni iqtisadi modellər

Zəngin ənənələri ilə seçilən, böyük iqtisadi potensiala malik Azərbaycanda sənaye sahəsinin inkişafına xüsusi diqqət yetirilir

Müasir dövrdə sənaye siyasəti rəqabətqabiliyyətlilik, səmərəlilik və ekoloji təhlükəsizlik meyarlarına uyğun yüksək texnologiyaların tətbiqinə yönəldilir, müasir çağırışlara cavab verən yeni yanaşmalara əsaslanır.

Zamanın tələblərinə uyğun aparılan islahatlar, uğurla həyata keçirilən Dövlət proqramları, genişmiqyaslı infrastruktur layihələri, biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması, özəl sektora dövlət dəstəyi və siyasi, makroiqtisadi sabitlik ölkədə güclü sənayenin formalaşdırılması üçün əlverişli şərait yaradır. İqtisadiyyatın şaxələndirilməsi iqtisadi siyasətin prioritet istiqamətlərindən biridir və bu sahədə qabaqcıl təcrübələr öyrənilməklə tətbiq olunur.

Ulu Öndərin başladığı sənayeləşmə siyasətini hazırda ölkə başçısı cənab İlham Əliyev uğurla davam etdirir. Müasir sənaye müəssisələri yaradılır. Qalib dövlət kimi Azərbaycanın qarşısında çox böyük imkanlar açılıb. Bunu nəzərə alan dövlət başçısı növbəti illərdə hərtərəfli tərəqqi üçün yeni milli prioritetlər müəyyənləşdirib. Bütün dövrlərdə baş verə biləcək neqativlərə qarşı əvvəlcədən tədbirlər görən, mühüm qərarlar qəbul edən Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə yeni dövrdə Azərbaycanın daha qüdrətli dövlətə çevrilməsi, növbəti onillikdə sosial-iqtisadi inkişafının yüksəlişi üçün yol xəritəsi hazırlanıb. Postmüharibə dövrü əməkdaşlıq, kommunikasiyaların açılması, nəqliyyat dəhlizləri üçün nadir imkanlar da yaradıb. Azərbaycanda sənayenin yeni regional strukturunun formalaşdırılması siyasəti müsbət nəticələrlə müşayiət olunur. Belə ki, regionlarda yeni yaradılan sənaye müəssisələri fəaliyyət göstərir və ölkənin iqtisadi potensialının artmasına sanballı töhfələr verir. Dövlət başçısının tapşırıqlarına uyğun olaraq bölgələrdə sənaye zonalarının yaradılması qeyri-neft sektorunun inkişafında mühüm amilə çevrilib.

Qeyd edək ki, 2011-ci ildə yaradılan Sumqayıt Kimya Sənaye Parkı Azərbaycanda ilk, Cənubi Qafqazda isə ən böyük sənaye parkıdır. Azərbaycan Prezidenti İlham Əliyev ötən il oktyabrın 23-də burada yeni istehsal müəssisələrinin açılış və təməlqoyma mərasimlərində iştirak edib. Hazırda burada 6600-dən çox insan daimi işlə təmin olunub. Bundan başqa, mövcud layihələr üzrə sənaye parkına əlavə olaraq 394 milyon manatdan artıq investisiyanın yatırılması, 2000-dən çox daimi iş yerinin yaradılması nəzərdə tutulur. İstehsal olunan məhsullar Türkiyə, Rusiya, Ukrayna, Belarus, Çin, Tayvan, Bolqarıstan, Rumıniya, Polşa, Niderland, İtaliya, Makedoniya, Litva, Avstriya, Estoniya, Danimarka, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Tacikistan, Gürcüstan, Qırğızıstan, Braziliya, Misir, Birləşmiş Ərəb Əmirlikləri, Livan, İraq, Yaponiya, Amerika Birləşmiş Ştatları, Kanada və digər ölkələrə ixrac olunub.

 Sumqayıt Kimya, Qaradağ, Pirallahı, Mingəçevir, Balaxanı, Ağdam sənaye parkı və Cəbrayıl rayonunda yerləşən "Araz Vadisi İqtisadi Zonası" və 5 sənaye məhəlləsi: Hacıqabul, Masallı, Neftçala, Sabirabad və Şərur fəaliyyət göstərir. Bu da ondan xəbər verir ki, sənaye parkları və sənaye məhəllələri iqtisadi cəhətdən özünü doğruldur və buna görə də onların regionlarda yaradılması istiqamətində işlər uğurla davam etdirilir. Sənayenin yeni modellərin tətbiqi ilə inkişafı xüsusi əhəmiyyət kəsb edir. Bu baxımdan sənaye parkları və məhəllələri, aqroparklar kimi mütərəqqi mexanizmlər qeyri-neft sənayesinin intensiv inkişafına, bu sahədə sahibkarlığın daha əlverişli şərtlərlə dəstəklənməsinə, ixracyönümlü məhsulların istehsalının genişləndirilməsinə, ölkəyə valyuta axınının, investisiyaların artmasına, neft-qaz amilindən asılılığın daha da azaldılmasına, innovativ və yüksək texnologiyalara əsaslanan rəqabətqabiliyyətli sənayenin inkişafına, yüksəkixtisaslı kadrların yetişdirilməsinə yeni imkanlar açır. Sənaye zonaları qısa zaman ərzində yaradılmalarına baxmayaraq, ölkənin qeyri-neft sektorunun inkişafında mühüm çəkiyə malikdir. İstehsal olunan məhsullar dünyanın 30-dan çox ölkəsinə ixrac edilir. Bu da ölkəmizin idxaldan asılılığının azaldılmasına və ixrac imkanlarımızın genişləndirilməsinə təkan verir və ən əsası "Made in Azerbaijan" brendini dünyada tanıdır.

Ölkə başçısının postmüharibə dövrü üçün müəyyən etdiyi yeni hədəfləri də xüsusi qeyd etmək lazımdır. Sənaye sahəsində mütərəqqi metod və mexanizmlərin tətbiqi ilə yanaşı, idarəetmənin səmərəliliyinin artırılması üçün də islahat davam etdirilir. Bu baxımdan 2021-ci il yanvar ayının 22-də ölkə başçısı İlham Əliyevin imzaladığı Fərmanla İqtisadiyyat Nazirliyinin tabeliyindəki "Sumqayıt Kimya Sənaye Parkı" MMC-nin əsasında İqtisadi Zonaların İnkişafı Agentliyi yaradılmasını xüsusi qeyd etmək olar. İqtisadi Zonaların İnkişafı Agentliyi sənaye parklarının, sənaye məhəllələrinin və aqroparkların fəaliyyətinin təşkili, onların idarə olunması və inkişafı ilə bağlı tədbirlər hazırlayan, həyata keçirilməsini təmin edən, o cümlədən bu istiqamətdə göstərilən dövlət dəstəyi tədbirlərində iştirak edən publik hüquqi şəxsdir. Agentliyin yaradılmasında məqsəd əksər sənaye parkları, sənaye məhəllələri və aqroparkların fəaliyyətinin daha təkmil şəkildə qurulmasına, eyni zamanda innovativ metodlardan istifadə edilməsinə nail olmaqdır. Sənaye parklarının, sənaye məhəllələrinin və aqroparkların bir agentlik tərəfindən idarə olunması və nəzarətin həyata keçirilməsi həm də dövlət dəstəyinin gücləndirilməsi baxımından çox vacibdir.

Sahibkarlıq subyektinin inkişafı üçün tam əlverişli investisiya mühiti yaradılıb. Bu da ki, istər yerli, istərsə də xarici sahibkarlar üçün cəlbediciliyi daha da artırır. Belə ki, sənaye parklarının rezidentləri qeydiyyata alındıqları tarixdən 10 il müddətinə əmlak, torpaq, gəlir və ya mənfəət vergisindən, istehsal məqsədilə idxal etdikləri texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı ƏDV-dən və 7 il müddətinə gömrük rüsumlarından azad olunurlar. Ölkədə sənaye məhəllələrinin fəaliyyəti regionlarda sənaye sahələrinin mərkəzləşməsini, daha səmərəli fəaliyyət göstərmələrini, yeni müəssisələrin yaradılmasını və müəssisələrarası istehsal kooperasiyasını təşviq edir. Sənaye məhəllələri həm də kiçik və orta sahibkarlığa, məşğulluğun artırılmasına dəstəkdir.

30 ilə yaxın dövr ərzində işğal altında qalan ərazilərin azad edilməsi Azərbaycana iqtisadi imkanlarını daha da genişləndirməyə əlverişli şərait yaradıb. İqtisadi resursları, təbii ehtiyatları, enerji mənbələri, yeraltı metal filizi yataqları, termal suları, tikinti materialları üçün xammal bazası, nəqliyyat-tranzit, turizm imkanları azad edilmiş ərazilərimizə investor marağını da artırır. Şərqi Zəngəzur iqtisadi rayonunun Arazboyu ərazisinin əsasən düzənlik relyefə və bölgənin cənub istiqamətində giriş qapısı mövqeyinə malik olması "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkının fəaliyyəti üçün əlverişli şəraiti təmin edir. Logistik imkanlar baxımından əlverişli ərazidə təşkil olunması investorların diqqətini cəlb edən əsas məqamlardan biridir. Ötən il iyunun 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və ölkəmizdə səfərdə olan Rusiya Federasiyasının Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanov Cəbrayıl rayonunda "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkında "Avto Lizinq Azərbaycan" MMC-nin açılışında iştirak ediblər. 200 hektar ərazini əhatə edən sənaye parkının prioritet istiqamətləri kimi, logistika və ticarət mərkəzi, anbar kompleksləri, topdan və pərakəndə satış obyektləri, TIR parkı, gömrük, yanacaqdoldurma, avtomobil və digər texnikaların təmiri məntəqələrinin təşkili müəyyənləşdirilib. Sənaye Parkında quruculuq işləri mərhələli şəkildə həyata keçirilir. Parkın ərazisi tam olaraq minalardan və hərbi sursatlardan təmizlənib. Sənaye Parkında fəaliyyət göstərəcək işçilərin və sahibkarların rahatlığının təmin edilməsi məqsədilə mobil şəhərcik salınıb. Sənaye parkı yeni salınan magistral avtomobil və dəmir yollarının üzərində yerləşir ki, bu da ərazidən həmin magistral yollara birbaşa giriş-çıxışı təmin edəcək. Bu avtomobil və dəmir yolları Zəngəzur dəhlizi vasitəsilə Azərbaycandan Türkiyəyə və Türkiyədən Azərbaycana, eləcə də Azərbaycan ərazisindən Rusiyaya yüklərin daşınması üçün əlverişli imkanlar yaradacaq.

Mustafa KAMAL,

"Respublika".