Monteneqronun sabiq Prezidenti Filip Vuyanoviçdən
Məktublar

Monteneqronun sabiq Prezidenti Filip Vuyanoviçdən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Fürsətdən istifadə edərək, doğum gününüz münasibətilə Sizə ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.

Həm Prezident olduğum illərdə, həm də sabiq Prezident kimi fəxri status daşıdığım dövrdə Sizin rəhbərliyinizlə Azərbaycanın qazandığı böyük uğurların şahidi olmağımdan məmnunluq duyuram. Bu müddət ərzində bir sıra sahələrdə intensiv əməkdaşlığımız sayəsində dəyərli dostluğumuzu dərinləşdirməyə nail olduq və dövlətlərimiz arasında bugünkü münasibətlərin təməlini qoyduq.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü kimi dünyanın müxtəlif guşələrinin elmi, mədəni və akademik dairələrinin təmsilçiləri, beynəlxalq təşkilatların rəhbərləri, yüksək səviyyəli dövlət rəsmiləri ilə birlikdə dünya miqyaslı və dəyərli təşkilatın çoxsahəli fəaliyyətində iştirakımdan da xüsusi məmnuniyyət duyuram. Məhz görkəmli şair Nizami Gəncəvinin əsərlərinin və ruhunun, eyni zamanda, Azərbaycan xalqının mədəniyyəti və adət-ənənələrinin təməlini təşkil edən multikulturalizm, sülh, əmin-amanlıq, sevgi, qarşılıqlı hörmət, bərabərlik kimi dəyərlər bütün qitələrdən müxtəlif mədəniyyətləri, fərqli mentalitet və maraqları bir araya gətirə bilib.

Bu əlamətdar gün, eyni zamanda, Nizami Gəncəvinin qeyd olunan dəyərlərindən qaynaqlanaraq Sizin tarixi uğurlarınızı vurğulamaq üçün gözəl fürsətdir. Siz Azərbaycanın beynəlxalq arenada mövqelərini daha da möhkəmləndirməyə nail oldunuz, xalqınıza sevinc və məmnunluq hisslərini bəxş etdiniz.

Möhtərəm Prezident, ən dərin ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

 Filip Vuyanoviç

Monteneqronun 2003-2018-ci illərdə Prezidenti