Mollabayramlıda adət halını almış düşmən təxribatları
Digər xəbərlər

Mollabayramlıda adət halını almış düşmən təxribatları

Avqustun 13-də axşam saatlarından başlayaraq avqustun 14-ü saat 07:05-dək Ermənistan silahlı qüvvələrinin bölmələri mövqelərimizə qarşı təxribat törədib.

Belə ki, Basarkeçər rayonunun Yuxarı Şorca və Dəvəli rayonunun Arazdəyən yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Mollabayramlı və Sədərək rayonunun Heydərabad yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub. Dərhal bölmələrimiz tərəfindən adekvat tədbirlər görülüb. Bundan sonra Azərbaycan Xarici İşlər Nazirliyi bəyanat yayımlayıb. Bildirilib ki, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycanın suveren ərazilərində hərbi quruculuq işləri və qeyri-qanuni fəaliyyətlə paralel olaraq, son günlərdə Ermənistan tərəfindən delimitasiya olunmamış dövlət sərhədi boyunca növbəti hərbi avantüra məqsədilə irimiqyaslı silah, digər hərbi texnika və şəxsi heyətin toplanması da müşahidə olunub: "Son həftələrdə, beynəlxalq hüququn, habelə Ermənistanın Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatının 4-cü bəndində təsbit olunmuş öhdəliklərinin ciddi pozuntusu olan, Azərbaycan ərazisində qanunsuz yerləşdirilən Ermənistan silahlı qüvvələri hərbi-mühəndislik işlərini və digər hərbi quruculuq fəaliyyətini intensivləşdirib".

Lakin bu erməni qüvvələrinin ordumuza qarşı törətdiyi ilk cinayət və təxribat aktı deyil. İl başlayandan sayca 3-cü olan Mollabayramlı hadisəsi göstərir ki, bu adət halını alıb. Belə ki, düşmən ötən ayın 19-u Azərbaycan Ordusunun Kəlbəcər rayonunun İstisu, Mollabayramlı və Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Boyəhməd yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub. Bölmələrimiz tərəfindən cavab tədbirləri görülüb və təxribatın qarşısı alınıb. Ermənistanın bu çirkin əməlləri 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata tamamən ziddir. Bəyanatda bildirilib ki, Ermənistan öz silahlı qüvvələrini Azərbaycan ərazilərindən çıxarmalıdır. Lakin onların əl atdıqları bu yol onu göstərir ki, üzərlərinə düşən öhdəliyi yerinə yetirməkdən imtina edir. Ermənistan tərəfinin mütəmadi şəkildə bu təxribatları davam etdirməsi göz önündədir. Düşmən ölkə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərini bir daha işğal etməyə çalışır, məcburi köçkünlərin öz doğma torpaqlarına geri qayıtmalarının qarşısını alır, regionda ədalətli və dayanıqlı sülhün bərqərar olması üçün ciddi maneə yaradır, fundamental insan hüquq və azadlıqlarını kobud şəkildə pozur. İşğalçı ölkənin tək niyyəti sülhdən boyun qaçıraraq öz çirkin əməllərini gerçəkləşdirməkdir. Lakin Prezident İlham Əliyevin uğurlu siyasəti və rəşadətli Azərbaycan ordusunun gücü sayəsində hər zaman olduğu kimi, bu dəfə də təxribatın qarşısı alınıb və alınacaq da. Ölkə başçımızın Paşinyan hakimiyyətinə, dünyaya müraciət edərək sülhə çağırması və sadə tələblər irəli sürməsi bir daha onu sübut etdi ki, Azərbaycan sadəcə, öz doğma torpaqlarında sakit, firavan həyat sürmək istəyir. Heç bir əlavə ərazi iddiasının olmaması isə buna sübutdur.

Martın 13-dən martın 14-ü səhər saatlarınadək Ordumuzun mövqeləri 19 dəfə fasilələrlə atəşə tutulub. Belə ki, Ordumuzun Kəlbəcər rayonunun İstisu, Mollabayramlı, Laçın rayonunun Cağazur, Daşkəsən rayonunun Astaf və Təzəkənd yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub. Dərhal Ordumuzun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

Ermənistan tərəfinin törətdiyi təxribatlar iki ölkə arasında münasibətlərin normallaşdırılmasına maneə törədir. Azərbaycan humanist ölkədir, lakin haqsızlığa göz yuman dövlət deyil. Onlar təxribat törətməyə davam etdikcə regionda sülh məsələsi reallaşmayacaq. Qalib dövlət olaraq sülh prosesi istiqamətində Azərbaycan ciddi addımlar atıb. Ermənilər təxribatlara, anti-Azərbaycan hərəkətlərinə son verdiyi, dövlətimizin təklif etdiyi şərtləri qəbul etdikləri təqdirdə, ölkəmiz onları əfv etməyə hazırdır.

Töhfə SƏMƏDOVA,

"Respublika".