Xalq-Lider birliyi
Digər xəbərlər

Xalq-Lider birliyi

Azərbaycanın uğurlarının əsasında dayanan amillərdən biri məhz budur

"Mən Azərbaycanın xoşbəxt gələcəyinə inanıram". Nədir inam? İnsanı yaşadan, onu qurub-yaratmağa sövq edən daxili bir hiss, duyğudur inam. Hələ 2003-cü ildə Prezident seçkilərində qələbə qazandıqdan sonra andiçmə mərasimində söyləmişdi bunu dövlət başçısı. Elə bu hiss və duyğu ilə, özünə inamla yola çıxmışdı. Azərbaycanı qüdrətli ölkəyə çevirmək üçün ən başlıcası ölkədə Heydər Əliyev siyasətinə sadiq qalacağına, verdiyi sözə əməl etməyə də bu daxili inam ona güc vermişdi. Ölkəmizin suverenliyinin möhkəmlənməsi üçün effektiv iqtisadiyyatı mühüm və əvəzolunmaz vasitə kimi dəyərləndirib onu təmin etdi. Bu amil də siyasi, sosial, mədəni-humanitar problemlərin həllində universal açar rolunu oynadı.

Xalqa güvənən, onu özünə arxa-dayaq bilən rəhbərlər həmişə qalib olurlar. İlham Əliyev bunu yaxşı bilirdi, çünki bir qərinəyə qədər bu ölkəyə rəhbərlik edən ulu öndərin həyat amalı idi xalqa güvən, etimad, xalqa xidmət. Onun fəaliyyətində uğurlarının mayasını da bu amillər təşkil edirdi. Dövlət başçısı seçilən ilk gündən İlham Əliyev də xalqın içində oldu, onun dərdinə, ağrı-acısına şərik çıxdı, taleyin sınağına çəkilmiş qaçqınlıq-köçkünlük həyatı yaşayanları ümidləndirdi, hər görüşündə, hər çıxışında: "Biz o yerlərə qayıdacağıq!", - söylədi. Xalq isə səs verib seçdiyi prezidentinə inandı. Beləcə, Xalq-Lider birliyinin möhkəm təməli qoyuldu.

2021-ci il 12 noyabr... İstanbul. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə görüşü. Görüş İstanbulun Demokratiya və Azadlıq Adasında keçirilirdi. Dövlət və hökumət başçılarının toplantısını Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açaraq qonaqları salamladı, Zirvə görüşünün əlaqələrimizdə yeni mərhələ açacağına əminliyini ifadə edərək dedi: "Sədrliyi təhvil aldığımız can Azərbaycana pandemiyaya baxmayaraq, həyata keçirdiyi uğurlu fəaliyyətlər münasibətilə təbriklərimi çatdırıram".

İlk baxışdan adi görüş xarakteri daşıyırdı. Bir çox məsələlərin müzakirəsindən sonra Türkiyə Prezidentinin "İndi qardaşım cənab Əliyevə Ordenin təqdim olunması mərasiminə başlayırıq", - deməsilə toplantının bir qədər ab-havası dəyişdi. Məsələ burasındadır ki, bununla bağlı Türkdilli Ölkələrin Dövlət Başçıları Şurası qərar qəbul etmişdi və qərarda deyilirdi: "Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan Zati-aliləri İlham Əliyevin rəhbərliyilə Azərbaycan Respublikasının ərazilərinin işğaldan azad edilməsini və ərazi bütövlüyünün bərpasını təmin edərək türk birliyinə mühüm töhfə verən və bölgədə davamlı sülh və sabitliyin əldə olunmasına yol açan tarixi qələbəyə görə Dövlət Başçıları Şurası Türkiyə Respublikasının Prezidenti Zati-aliləri Rəcəb Tayyib Ərdoğanın təklifi ilə Zati-aliləri İlham Əliyevin böyük şərəflə "Türk Dünyasının Ali Ordeni" ilə təltif edilməsi haqqında qərar qəbul etmişdir". Bu xəbər xalqımızın böyük sevincinə səbəb oldu. Vətəndaşı olduğun bir ölkənin liderinə belə bir yüksək mükafatın verilməsi hamını sevindirmişdi.

Dövlət başçısının belə yüksək mükafata layiq görülməsini şərtləndirən amillər isə çoxdur. Əvvəla, Prezidentin Türk dünyasında öndərliyini, təşəbbüskarlığını dünya görür və qəbul edir. Türkdilli dövlətlərin mənafelərinin qlobal miqyasda qorunmasında, müdafiəsində İlham Əliyevin xidmətləri illərdir ki, hər kəs tərəfindən aydın şəkildə müşahidə olunur.

Azərbaycan liderinin türkdilli dövlətlərin əməkdaşlığının genişlənməsində, onların yaxınlaşmasında da rolu danılmazdır. Xarizmatik, prinsipial bir lider kimi onun yüksək nüfuzu da bu sırada xüsusi qeyd edilməlidir. Ən əsas məsələ isə qədim türk torpağı olan Qarabağın işğaldan azad edilməsində oynadığı roldur. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasının ərazilərinin işğaldan azad edilməsi, bir türk dövlətinin ərazi bütövlüyünün bərpası türk birliyinə böyük töhfədir. Çünki faktiki olaraq Qarabağın azadlığı türkün şərəfinə şərəf qatmaq deməkdir.

Dövlətimizin başçısı İlham Əliyev 2003-cü ildə Prezident seçilərkən qarşıdakı illərin prioritetlərini açıqlayaraq əsas amalının Azərbaycanın ərazi bütövlüyünü təmin etmək olduğunu bəyan etmişdi. Buna nail olmaq üçün bütün sahələrdə daha da güclənmək, ən əsası tarixi faktlara, reallığa söykənərək Azərbaycanın diplomatik mübarizədə qələbəsini təmin etmək lazım idi. Artıq tarixə qovuşan Qarabağ münaqişəsinin ədalətli həlli üçün möhkəm hüquqi baza mövcud idi. Bir sözlə, güclü iqtisadiyyatın, qüdrətli ordunun, ölkəmizin beynəlxalq arenada önəmli mövqeyinin, müstəqil xarici siyasətinin fonunda Azərbaycanın Qələbəyə gedən yolunun aydın mənzərəsi yaranmışdı. Və xalqımız bu Qələbəni təmin etdi. Prezident İlham Əliyev təqdimetmə mərasimində demişdir: "Mənə verilən Türk Dünyasının Ali Ordeni Azərbaycan xalqına verilmiş ordendir".

Bu kontekstdə Azərbaycan xalqının onu birmənalı şəkildə dəstəkləməsi, Vətən müharibəsində hər kəsin yumruq kimi birləşməsi, Xalq-Prezident birliyi xüsusi vurğulanmalıdır. Tarixi Zəfərimizi də məhz bu birlik təmin etdi.

Dünyanın siyasi xəritəsində kiçik bir ərazini tutan Azərbaycan artıq geosiyasi məkana çevrilə bilmişdir. Bir çox iqtisadçılar dövlət quruculuğunda və sürətli iqtisadi inkişafda əldə edilmiş uğurları bəzən təbii sərvətlər amili ilə izah etməyə üstünlük verirlər. Ancaq bu da bir həqiqətdir ki, zəngin təbii sərvətlərə malik olan ölkələrin heç də hamısı dövlətimizin nail olduğu yüksəlişə, inkişafa müvəffəq ola bilməmişdir. Doğrudur, təbii resursların mövcudluğu ciddi amilə çevrilərək müəyyən rol oynayır. Bununla bərabər sərvətlərin səmərəli istifadə edilməsi, fəaliyyətin forma və metodları da olduqca əhəmiyyətlidir. Eyni zamanda, ölkə ərazisinin beynəlxalq kommunikasiya dəhlizlərinin sıx şəbəkəsindəki mobil bir halqaya çevrilməsinin də həlledici rolu danılmazdır. Ticari, sənaye və maliyyə kapitalının informasiya məhsulunun dövriyyə qabiliyyəti bundan çox asılıdır. Bütün bunların fonunda həm də beynəlxalq səviyyədə ciddi aktor qismində çıxış edən subyektə çevrilmək tamam başqa məsələdir. Bunun üçün güclü, iradəli, uzaqgörən, yüksək idarəetmə məharəti kimi keyfiyyətlərə malik nüfuzlu lider olmalı idi.

İlham Əliyev məhz bu keyfiyyətləri özündə cəmləyə bilmişdir. Onun üçün xalqının maraqları hər şeydən ucada dayanır. Xalq-Lider birliyi ona güc, qüvvə verir. İstər döyüş meydanında, istər informasiya savaşında, istərsə də siyasi arenada liderliyini qoruyub saxlamaq üçün də gücü, qüvvəni xalqdan alır dövlət başçısı. Xalq onu sevir, xalq ona güvənir, xalq ona minnətdardır. Bu sevgi, güvən onun xalqla, sadə insanlarla görüşündə açıq görünür: "Uzun illərin həsrətinə son qoydunuz, bizə sevinc yaşatdınız. Çox sağ olun, Allah-taala sizə uzun ömür versin", - sözlərində də torpağına, doğma yurduna qovuşan insanların minnətdarlığı var.

Biz də bu alqışa qoşuluruq. Qoy Tanrı yardımçınız olsun, qarşıda hələ görüləcək işləriniz çoxdur!..

Zümrüd QURBANQIZI,

"Respublika".