Minsk qrupunun bərpası cəhdləri nəticəsiz qalmağa məhkumdur
Siyasət

Minsk qrupunun bərpası cəhdləri nəticəsiz qalmağa məhkumdur

Ermənistanın baş naziri Nikol Paşinyan iyulun 25-də keçirdiyi brifinqdə bildirib ki, ölkəsi hər zaman Azərbaycanın ərazi bütövlüyünü tanıyıb, sadəcə bu, indiyədək bəyan edilməyib. Paşinyan bildirib ki, dünyada elə bir ölkə yoxdur ki, Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımasın.

Amma bir qədər keçmişə nəzər salsaq görərik ki, 44 günlük müharibədən əvvəl Nikol Paşinyan Azərbaycana qarşı ərazi iddiaları irəli sürürdü. Ordumuzun cavab tədbirləri nəticəsində isə o, kapitulyasiya aktına qol çəkməyə məcbur oldu. İndi görünən odur ki, vaxtilə təxribatyönümlü çıxışları ilə ön plana çıxan Nikol Paşinyan da artıq Azərbaycanın yaratdığı yeni geosiyasi reallığı qəbul etməkdən başqa çıxış yolunun qalmadığı ilə barışıb.

Hələlik razılaşdırılmamış bəndlər qalsa da, ümumi tendensiya bundan ibarətdir ki, son dövrdə Azərbaycanla Ermənistan arasında sülh danışıqları üzrə təmaslar artıb. Hətta iyulun 15-də Brüsseldə Avropa İttifaqı Şurası rəhbəri Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan liderlərinin görüşünü diplomatiyamızın uğuru hesab etmək olar. Çünki sayca 6-cı toplantıda ilk dəfə olaraq Qarabağda yaşayan ermənilərə Ağdam vasitəsi ilə humanitar təminatın həyata keçirilməsi qeyd olundu. Eyni zamanda, "Laçın yolu" ifadəsi işlədildi. Bunlar Brüsselin birmənalı şəkildə Qarabağı Azərbaycan ərazisi kimi tanıması deməkdir. Amma onu da bilirik ki, görüşlər hər nə qədər konstruktiv keçsə də, Ermənistan və Azərbaycan arasında sülhün əldə olunmamasının əsas səbəbi müxtəlif siyasət dəhlizlərində ayrı-ayrı dövlətlər tərəfindən İrəvana verilən gizli dəstək və vədlərdir.

Hazırda bəzi Qərb ölkələri çoxdan tarixin tozlu rəflərində yer almış ATƏT-in Minsk qrupunun fəaliyyətinin bərpa edilməsi istiqamətində cəhdlər göstərirlər. Nəticəsiz qalmağa məhkum olan bu cəhdlər okeanın o tayındakı bəzi mərkəzlər tərəfindən də dəstəklənir. Sözsüz ki, bu, qərbin siyasi riyakarlığıdır. Çünki kollektiv Qərb Ukrayna xalqının faciəsi hesabına Rusiya ilə hərbi-siyasi hesablaşma aparır. Digər tərəfdən isə öz strateji qazancları naminə Azərbaycanın maraqlarına qarşı Moskva ilə sövdələşməyə hazır görünür. Yəni Ukraynada bir-birinin başına bomba yağdıran tərəflərin Cənubi Qafqazda əməkdaşlıq etmək planları siyasi riyakarlığın bariz nümunəsidir. Şübhəsiz ki, bu, onların xülyasından başqa bir şey deyil və reallaşmayacaq. Çünki keçmiş Minsk qrupunun fəaliyyətinin bərpası yeni münaqişə yaratmaq deməkdir. Azərbaycan isə ona qarşı yeni vahid cəbhənin yaradılmasına imkan verməyəcək. Odur ki, Minsk qrupunun dirçəldilməsindən söhbət belə gedə bilməz.

Cənubi Qafqazla bağlı proseslərə müdaxilə etməyə çalışan bütün aktorlar anlamalıdırlar ki, 30 illik işğal dövrü geridə qalıb. 44 günlük müharibədə əldə etdiyimiz zəfər ilə regionda yeni geosiyasi reallıqlar yaranıb. Bu gün Azərbaycan hüquqi olaraq qalib və diktə edən tərəfdir. Bu müstəvidə Prezident İlham Əliyevin iyulun 21-də "4-cü Sənaye İnqilabı dövründə Yeni Media" mövzusunda Şuşa Qlobal Media Forumunda çıxışı və iştirakçıların suallarına cavabı Azərbaycan həqiqətlərinin, postmünaqişə dövrünün reallıqlarının dünya ictimaiyyətinə çatdırılması üçün zəngin mənbə hesab oluna bilər. Sözügedən çıxışda region üçün perspektivlərdən bəhs edən dövlət başçımız diqqəti hazırkı dövrün əsas çağırışlarından olan Ermənistanla münasibətlərdə yeni səhifənin açılması, bölgədə dayanıqlı sülhün və təhlükəsizliyin yaradılması məqsədilə sülh müqaviləsinin imzalanması təklifinə yönəltdi. Bildirdi ki, əslində regional inkişaf, əsasən Azərbaycanla Ermənistan arasında münasibətlərin yaxşılaşmasından asılıdır. İlham Əliyev onu da vurğuladı ki, hazırda bir sıra beynəlxalq təşkilatlar qarşılıqlı qəbul olunacaq həlli tapmaqda yardım etməyə çalışırlar. Amma bir məqamı xüsusilə vurğuladı ki, əgər işğal dövründə belə bəyanatlar olsaydı, çox güman İkinci Qarabağ müharibəsi başlamazdı:

"Təəssüf ki, uzun illər - 28 il ərzində Minsk qrupu çərçivəsində gedən danışıqlar heç bir nəticə vermədi. Ümumiyyətlə, həll üçün hər hansı düstur ortaya qoyulmadı. O dövrdə çox ziddiyyətli, çox mücərrəd bəyanatlar verilirdi, bundan məqsəd münaqişənin dondurulması idi və bu, Azərbaycan üçün məqbul deyildi. Bəziləri çalışırdılar ki, bu münaqişəni dondursunlar, danışıqları sonsuz etsinlər və ictimai diplomatiya təşəbbüsləri ilə Azərbaycana müəyyən bir əməkdaşlıq təlqin olunsun".

Dövlət başçımızın da qeyd etdiyi kimi, Azərbaycan 30 illik işğal dövründə ən yüksək tribunalardan dünyanı ikili standartlara əsaslanan siyasətə son qoymağa, beynəlxalq hüququn norma və prinsiplərinin tətbiq etməyə çağırdı. Amma ölkəmiz haqlı tələbinin icra olunması üçün 28 il gözlədi. Sonda isə özümüz bunun öhdəsindən gəlməli olduq, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələri döyüş meydanında icra etdik. Bunun nəticəsində də Cənubi Qafqazda yeni dövr başladı. Azərbaycan bu dövrdə qalib ölkə olaraq sülh gündəliyinin və yeni əməkdaşlıq formatlarının müəllifidir.

Jalə QASIMZADƏ,

"Respublika".