Heydər Əliyev ideyalarının aparıcı qüvvəsi
Siyasət

Heydər Əliyev ideyalarının aparıcı qüvvəsi

Ötən əsrin sonlarında yaranmış dərin siyasi-iqtisadi və sosial böhran Azərbaycan dövlətini getdikcə daha ağır vəziyyətdə salırdı. Ermənistanın ölkəmizə qarşı ərazi iddiaları, azərbaycanlıların öz yurd-yuvalarından didərgin salınması və dövləti idarə edənlərin yarıtmaz fəaliyyəti daha ağır fəsadlara gətirib çıxardı.

1990-cı ildə xalqımız daha bir faciə yaşadı. 20 yanvar tarixində Bakıda sovet qoşunları tərəfindən qanlı hadisə törədildi. O zaman ulu öndər Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinin qarşısında SSRİ və Azərbaycan rəhbərliyini baş vermiş qanlı hadisədə açıq şəkildə ittiham etdi. Heydər Əliyevin bu cəsarətli çıxışından sonra ona qarşı təzyiqlər başlamışdı. 1990-cı il iyulun 20-də Bakıya gələn Heydər Əliyev iki gün sonra doğma Naxçıvana getmiş və qədirbilən Naxçıvan camaatı ulu öndəri böyük sevgi ilə qarşılamışdır. 1990-cı il avqust ayında Naxçıvan xalqının yekdil qərarı ilə Heydər Əliyev həm Azərbaycan SSR Ali Sovetinə, həm də Naxçıvan MSSR Ali Sovetinə deputat seçilmişdir. Muxtar Respublikanın Ali Sovetinin 1990-cı il noyabr ayının 17-də keçirilən birinci sessiyasında Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adından "sovet" və "sosialist" sözləri çıxarılmışdır. Naxçıvan MSSR Ali Sovetinin adı dəyişdirilərək Naxçıvan Muxtar Respublikasının Ali Məclisi adlandırıldı. Ali Məclisin birinci sessiyasında, həmçinin Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli, ay-ulduzlu bayrağının muxtar respublikanın dövlət bayrağı kimi qəbul edilməsi haqqında qərar qəbul olundu.

Həmin dövrdə ölkədə ağır günlər yaşanırdı. Bu isə ziyalıları, xalqın qabaqcıl insanlarını çox narahat edirdi. Azərbaycanın taleyini düşünən insanlar yaranmış böhrandan çıxış yolu kimi yalnız yeni partiyanın yaranmasını və xalqın həmin partiya ətrafında birləşməsini vacib hesab edirdilər. Partiyaya rəhbərlik edə biləcək şəxs ulu öndər idi. Beləcə, 1992-ci il noyabrın 21-də Naxçıvanda ümummilli lider Heydər Əliyevin sədrliyi və Azərbaycanın bütün regionlarından seçilmiş nümayəndələrin təmsil olunduğu 550 nəfərdən ibarət təşəbbüs qrupunun iştirakı ilə konfrans keçirildi. Təsis konfransı Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar, partiyanın proqram və nizamnaməsini qəbul etdi. Konfransda Heydər Əliyev yekdilliklə partiyanın Sədri seçildi. Həmçinin partiyanın Siyasi Şurası, İdarə Heyəti və sədrin müavinləri də təyin olundu. Həmin gün üzərinə götürdüyü böyük missiya və öhdəliklərlə Azərbaycan tarixində əbədiləşən Yeni Azərbaycan Partiyası yarandı. Partiyanın Ədliyyə Nazirliyində qeydiyyata alınması isə 1992-ci il dekabr ayının 18-də reallaşdı. Beləliklə, Yeni Azərbaycan Partiyasının qısa müddət ərzində ölkənin bütün rayonlarında təşkilatları və özəkləri yaradıldı. Xalqın böyük inam və ümidlə yaratdığı Partiya ona bəslənilən etimadı doğrultdu.

1993-cü il oktyabrın 3-də ümummilli lider Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi partiyanın həyatında yeni dövrün əsasını qoydu. Azərbaycanın ictimai-siyasi həyatında cəmiyyətdəki qüvvələr nisbətini, gələcəkdə ölkədə baş verəcək hadisələrin axarını köklü şəkildə dəyişəcək nüfuzlu bir partiya meydana gəldi. Xalqın Heydər Əliyev şəxsiyyətinə olan böyük inamı partiyanı qısa müddət ərzində ölkənin ən nüfuzlu siyasi qüvvəsinə çevirdi.

Ümummilli lider Heydər Əliyev Yeni Azərbaycan Partiyasının I Qurultayında yenidən partiyanın Sədri seçildi. Ulu öndərin Yeni Azərbaycan Partiyasının və Naxçıvan Ali Məclisinin Sədri seçilməsi dövlətçilik tariximizdə yeni bir səhifənin başlanğıcı oldu. Dövlətçiliyimizin memarı Heydər Əliyevin birbaşa rəhbərliyi altında müstəqil dövlət quruculuğunun zəruri və vacib məsələləri məhz o zaman öz həllini tapdı. Həmin dövrdə əsası qoyulmuş müstəqil dövlət quruculuğu və ölkənin taleyində həlledici rol oynayan tarixi qərarlar məhz bugünkü Azərbaycanın müstəqilliyinə və suverenliyinə hesablanmışdı. Bu mənada, milli həmrəyliyi, mənəvi bütövlüyü təmin edən azərbaycançılıq ideologiyasının banisi, dövlətçiliyimizin xilaskarı olan ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında xidmətləri ölçüyəgəlməz dərəcədə böyükdür. Müstəqil Azərbaycan Heydər Əliyev dühasının ən böyük əsəridir. Ölkəmizin bugünkü inkişafının və qüdrətinin təməlində Heydər Əliyev ideyaları dayanır.

Yeni Azərbaycan Partiyası bu gün də xalqın, cəmiyyətin arxalandığı partiyadır. Bütün təbəqələrin təmsil olunduğu YAP yarandığı gündən şərəfli yol keçərək möhtəşəm uğurlar əldə edib. Bu gün ətrafında yüz minlərlə insanı birləşdirən Yeni Azərbaycan Partiyası nəinki ölkənin, hətta Cənubi Qafqazın ən böyük siyasi partiyasına çevrilib. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan partiyanın məqsəd və prinsipləri bu gün Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə layiqincə yerinə yetirilir. Ölkə başçısının apardığı məqsədyönlü siyasət nəticəsində düşmənlə mübarizədə qazanılan böyük tarixi Zəfərin sevincini, qürurunu yaşadıq. Bu gün İlham Əliyevin sədri olduğu Yeni Azərbaycan Partiyası ölkəmizi dünya miqyasında şərəflə təmsil edərək yeni uğurlara yol açır.

Ramidə YAQUBQIZI,

"Respublika".