İdman: Daim zirvələrdə
İdman

İdman: Daim zirvələrdə

Paralimpiyaçılarımız 13 medal qazanıblar

Niderlandın Rotterdam şəhərində keçirilən Avropa Paralimpiya Çempionatı başa çatıb. Ölkəmizi  7 idman növündə 35 idmançı təmsil edib. Milli komandanın üzvləri Şəhanə Hacıyeva, Xanım Hüseynova cüdo, İmaməddin Xəlilov, Əbülfəz Abuzərli taekvondo üzrə Avropa Paralimpiya Çempionatının qızıl medalını qazanıblar. Namiq Abaslı, Dürsədəf Kərimova, İlham Zəkiyev cüdo üzrə, Röyalə Fətəliyeva taekvondo üzrə çempionatın gümüş medalına sahib çıxıblar. Millinin digər üzvləri İsmayıl Muradov, Xatirə İsmiyeva cüdo üzrə, Sabir Zeynalov, Amin Şıxalıyev taekvondo üzrə və Aybəniz Babayeva güllə atıcılığı yarışlarının bürünc medalını qazanıblar.

 

Qadın şahmatçılar arasında Dünya Kubokuna yekun vurulub

Bakıda qadın şahmatçılar arasında Dünya Kubokunun bağlanış və mükafatlandırma mərasimi keçirilib. Mərasim Azərbaycan Respublikasının Dövlət Himni və FIDE-nin rəsmi himninin səsləndirilməsi ilə başlayıb.  Ukraynalı Anna Muziçuka bürünc, bolqarıstanlı Nurgül Salimovaya gümüş, yarışın qalibi rusiyalı Anna Qoryaçkinaya isə qızıl medal və Dünya Kuboku verilib. Mükafatları Mahir Məmmədov, Arkadi Dvorkoviç və Fərid Qayıbov təqdim ediblər. Yüksək səviyyəli təşkilatçılığa görə Azərbaycana təşəkkür edən A.Dvorkoviç xalqımızın qonaqpərvərliyini də xüsusi vurğulayıb. Ardınca qaliblərə mükafatlar təqdim olunub. Sonda Arkadi Dvorkoviç qadınlar arasında Dünya Kuboku yarışını bağlı elan edib.

 

Parataekvondoçularımızdan bir qızıl, bir bürünc medal

Azərbaycan parataekvondoçusu İmaməddin Xəlilov Koreyanın Çunçeon şəhərində keçirilən dünya açıq çağırış turnirində qızıl medal qazanıb. İdmançımız 70 kiloqram çəki dərəcəsində birinci olub. O, daha əvvəl Niderlandın Rotterdam şəhərində təşkil olunmuş Avropa çempionatında qalib seçilib. Daha bir parataekvondoçumuz Əbülfəz Abuzərli G4 kateqoriyalı turnirin ikinci günündə (80 kiloqram, K-44) bürünc medal qazanıb. Bununla da komandamızın turnirdə qazandığı mükafatların sayı ikiyə çatıb.

 

Boksçularımız yarımfinala yüksəlib

Sloveniyanın Maribor şəhərində məktəbli boksçular arasında Avropa birinciliyində 1/4 final döyüşlərinə start verilib. Mərhələnin ilk günündə millimizin iki idmançısı növbəti mərhələyə yüksəlib.  Komandamızın tərkibində İsmayıl Vəliyev (70 kiloqram) və Səftər Məmmədzadə (90 kiloqram) yarımfinala yüksəlməklə özləri üçün ən azı bürünc medalı təmin ediblər. Qeyd edək ki, 1/4 finalın ikinci günündə Toğrul Quliyev (57 kiloqram), Şahin Aslanov (52 kiloqram), Seydəmir Quliyev (54 kiloqram), Adil Zalov (63 kiloqram), Nicat İmanov (66 kiloqram) və Mədinə Məmmədova (60 kiloqram) yarımfinal üçün mübarizə aparacaq.

Nərgiz İSMAYILOVA,

"Respublika".