Minatəmizləmə prosesi sürətlə davam edir
Digər xəbərlər

Minatəmizləmə prosesi sürətlə davam edir

"Ermənistanın işğalının digər mənfi fəsadı minalardır. Azərbaycan hazırda dünyada minalarla ən çox çirkləndirilmiş on ölkə sırasındadır. 2020-ci ilin noyabrında Vətən müharibəsi başa çatdıqdan sonra mina partlayışı nəticəsində təxminən 300 azərbaycanlı həlak olub və ya ağır yaralanıb. İşğaldan azad edilmiş ərazilərdə baş verən hər bir mina partlayışı Ermənistanın törətdiyi hərbi cinayətlərin uzun siyahısının davamıdır. Mina problemi Ermənistan tərəfindən Azərbaycan xalqının fundamental insan hüquqlarının pozulmasıdır". İyulun 5-də Bakıda keçirilən Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun "Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə və qətiyyətli" mövzusunda nazirlər görüşü zamanı bu fikirləri səsləndirən ölkə başçımız düşmən ölkənin ərazilərimizə basdırdığı minaların yenidənqurma prosesini və keçmiş məcburi köçkünlərin azad edilmiş ərazilərə qayıdışını ləngitdiyini vurğulayıb.

Bir xalqa, millətə məxsus genetik xüsusiyyətləri dəyişmək sözsüz ki, mümkün deyil. Ümumilikdə yüksək mədəniyyətə, intellektual səviyyəyə malik olan millətlər digər xalqlarla birgəyaşayışa müsbət yanaşır, humanist, sülhsevər ideyalara sadiqlik nümayiş etdirirlər. Bu xüsusiyyətlərdən məhrum olan millətlər isə mövcud olduqları hər yerdə müharibələr, qarşıdurmalar yaratmaq, ədavət toxumu səpmək üçün fürsət güdürlər. Bu baxımdan, hər bir xalqın mentaliteti onun kimliyini müəyyən edir. Məsələn, soyu, kökü elmə məlum olmayan erməni toplumunu sülhsevər, tolerant, qurub-yaradan, humanist xalq kimi tanıyan bir ölkə çətin ki, tapıla. Lakin "məzlum" xalq sıralamasında ermənilər birinciliyi əldən vermirlər. Havadarlarından onlara miras verilən "məzlum" ifadəsi də bu millətin fonunda öz mənasını dəyişib. Barbar, vəhşi, dağıdıcı bir millət məzlum ola bilməz axı…

İkinci Qarabağ müharibəsindən sonra Cənubi Qafqaza yeni ab-hava gətirən, regionda yeni reallıqlar yaradan Azərbaycan işğaldan azad etdiyi bütün bölgələrində genişmiqyaslı quruculuq işlərinə start verdi. 30 il düşmən tapdağı altında olan, vandal ermənilərin yerlə-yeksan etdikləri ərazilərin dirçəldilməsinə başlandı. Dövlət öz iqtisadi potensialını, gücünü bu istiqamətə yönəltdi. Dağıdılmış şəhərlərin, kəndlərin, qəsəbələrin yenidən salınması, bu yerlərdə məhv edilmiş mədəni irsin bərpası geniş vüsət alıb. Lakin vəhşi, barbar ermənilərin işğal dövründə, elə işğaldan sonra da minaladığı əraziləri təmizləmək bu işləri ləngidir.

İşğaldan azad olunmuş rayonlarda minatəmizləmə işləri sürətlə aparılır, mina və PHS-ləri təmizləmək üçün geniş tədqiqat, xəritəçəkmə və təmizləmə əməliyyatları həyata keçirilir. Azərbaycan dövlət qurumlarını və mülki minatəmizləmə təşkilatlarını cəlb etməklə milli minatəmizləmə strategiyası müəyyənləşdirib. Qabaqcıl texnologiya və qoruyucu vasitələrlə təchiz edilmiş, yüksək təlim keçmiş minatəmizləmə qrupları partlayıcı təhlükələri zərərsizləşdirir. İlk növbədə yaşayış məntəqələri, əkin sahələri, yollar və infrastruktur obyektləri minalardan təmizlənir. Təhlükəsizliyin təmin olunması, çirklənmiş ərazilərin təmizlənməsi və bərpasından sonra yenidənqurma işləri aparılır. 25 il öncə, 1998-ci il iyulun 18-də ümummilli lider Heydər Əliyevin Fərmanı əsasında yaradılan, ötən dövr ərzində öhdəsinə düşən vəzifələri uğurla yerinə yetirən ANAMA-nın məlumatına görə, 2020-ci ilin noyabrından bu yana 95 min hektardan çox ərazi minadan təmizlənib. 30 minə yaxın piyada əleyhinə mina, 17 minə yaxın tank əleyhinə mina və 40 mindən çox partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilib. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mühəndis istehkam qoşunları və Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin mütəxəssisləri işğaldan azad olunmuş ərazilərin mina və partlamamış hərbi sursatlardan təmizlənməsində beynəlxalq təcrübədən də yararlanırlar. Bu sahədə əsasən Türkiyə, İsrail, Pakistan, Böyük Britaniya və s. ölkələrlə əməkdaşlıq həyata keçirilir. Dost ölkələr azərbaycanlı mütəxəssislərdən ibarət peşəkar heyətlərin hazırlanmasında, həm də öz mina təmizləmə qruplarını, avadanlıqlarını işğaldan azad edilmiş ərazilərimizə göndərilməsində yaxından iştirak edirlər. Düşmənin var gücü ilə bu prosesə mane olmasına baxmayaraq, Azərbaycan dövləti işğaldan azad olunmuş ərazilərin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsi, orada məskunlaşacaq soydaşlarımızın təhlükəsizliyinin təmin edilməsi istiqamətində əhəmiyyətli addımlar atır. Belə ki, artıq ölkəmizdə minatəmizləmə maşınları istehsal edilir. Bu günlərdə Azərbaycanın "İmprotex" Şirkətlər Qrupunun istehsalı olan "Revival P" minatəmizləmə texnikasının ANAMA-ya təqdim edilməsi işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işlərinin sürətlənməsi istiqamətində atılmış uğurlu addımdır. İki ildir ki, xarici ölkələrdən minatəmizləmə maşınları alan Azərbaycan artıq yerli istehsalını təqdim edib.

Bu gün işğaldan azad olunmuş ərazilərdə gözəgörünməyən düşmənlə mübarizə sürətlə davam edir. İkinci Qarabağ müharibəsində heç bir ölkədən yardım almadan, öz gücü, qüdrəti sayəsində torpaqlarını işğaldan azad edən Azərbaycan artıq 3 ilə yaxındır ki, tarixi ərazilərinin bərpasında qətiyyət, əzm göstərir, öz iqtisadi gücü ilə bu yerləri gülüstana çevirir.

Mehparə ƏLİYEVA,

"Respublika".