Minatəmizləmə işləri davam etdirilir
Digər xəbərlər

Minatəmizləmə işləri davam etdirilir

Vətən müharibəsindən sonra Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşları tərəfindən işğaldan azad olunmuş ərazilərimizdə fəal şəkildə minatəmizləmə əməliyyatları davam edir.

Ərazilərimizdə dağıdılmış, viran edilmiş iri şəhərlərin, kəndlərin partlayıcı sursatlardan təmizlənməsi işləri sürətlə aparılır. Bu işlərə Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin minaaxtaran-istehkamçı qrupları da cəlb edilib. Əməkdaşlar ən müasir avadanlıqlarla təchiz olunub və bu sahədə beynəlxalq kurslarda iştirak edərək akkreditasiyadan keçiblər. Ərazilərin partlamamış hərbi sursatlarla (PHS) çirklənmə miqyası həddindən artıq geniş olduğu üçün minaaxtaran itlərin də köməyindən istifadə olunur.

Minatəmizləmə Agentliyi mina və partlamamış hərbi sursatların təmizlənməsi əməliyyatlarını Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Tərtər rayonları və Şuşa şəhəri ərazisində aparır. Bərdə-Ağdam, Füzuli-Zəngilan-Ağbənd dəmir yolu xətlərinin, Füzuli-Şuşa, Suqovuşan-Talış-Tapqaraqoyunlu istiqamətlərində avtomobil yollarının, Füzuli-Şuşa, Ağdam və Tərtər rayonunun Suqovuşan kəndinə çəkiləcək yüksəkgərginlikli elektrik xəttinin keçəcəyi ərazilərin, Qubadlı, Ağdam və Zəngilan rayonları ərazisində əkin sahələrinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatları hazırda davam etdirilir. Bu əməliyyatlar əllə minaaxtarma, texniki minatəmizləmə maşınları ilə həyata keçirilir. Bu işə dost ölkələrin istehkamçıları ilə yanaşı, xaricdən gəlmiş ekspertlər də cəlb olunub. Türkiyə, Rusiya, ABŞ, Böyük Britaniya kimi ölkələr işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsində ölkəmizə dəstək verir.

Ermənistan tərəfin Azərbaycan tərəfinə təqdim etdiyi mina xəritələrinin dəqiqliyi 25 faiz təşkil edir. Bu fakt Azərbaycan tərəfindən müxtəlif platformalarda dəfələrlə bəyan edilib.

Bu isə onu göstərir ki, Ermənistan tərəfi ərazilərin minalardan təmizlənməsində də öz çirkin, qeyri-səmimi hərəkətlərindən əl çəkmir, əksinə, təhlükənin regionda davam etməsində maraqlıdır. Onu da qeyd edək ki, 2020-2022-ci illərdə 57,6 min hektar ərazi minalardan təmizlənib. 2023-2026-cı illərdə 215 min hektar ərazinin minalardan təmizlənməsi planlaşdırılır. Beləliklə, 2026-cı ilin sonunda 280 min hektar ərazi minalardan təmizlənmiş olacaq. Bu ilin yanvar ayında Tərtər, Kəlbəcər, Ağdam, Xocalı, Xocavənd, Laçın, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarının ərazilərində aparılmış minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 61, tank əleyhinə 157 mina və 523 ədəd partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib. Ay ərzində ümumilikdə 1504,56 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.

ANAMA-dan verilən məlumata görə, ferval ayının əvvəllərindən Tərtər, Ağdam, Xocavənd, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə mina aşkarlanmayıb, tank əleyhinə 42 mina və 118 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib. Nəticədə, 250 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib. Ümumilikdə, işğaldan azad edilmiş ərazilərdə Vətən müharibəsi başa çatandan indiyədək minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən 81 mindən çox mina və partlamamış hərbi sursat aşkarlanıb ki, onlardan 14 minə yaxını tank əleyhinə minalardır.

  Əli SADIQOV,

 "Respublika".