GƏNCLƏRİN HAQQ-ƏDALƏT UĞRUNDA MÜBARİZƏSİ DAVAM EDİR
Digər xəbərlər

GƏNCLƏRİN HAQQ-ƏDALƏT UĞRUNDA MÜBARİZƏSİ DAVAM EDİR

"İlk növbədə o gənclərə "Eşq olsun" demək istəyirəm, onlar bizim fəxrimizdir. Qeyd etdiyiniz kimi, gecə-gündüz şaxtalı-qarlı havada oradadırlar, öz haqlarını tələb edirlər və bir daha Azərbaycan gəncinin nə qədər yüksək keyfiyyətlərə malik olmasını bütün dünyaya göstərirlər". Bu fikirləri 2023-cü il yanvarın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində müxbirin sualını cavablandırarkən demişdir.

Bu gün Laçın-Xankəndi yolunda böyük fədakarlıq göstərən gənclərimiz düşmənə yenə də göz dağı verirlər. Bir aydan artıqdır ki, əsasən, gənclərdən ibarət olan azərbaycanlı ekofəallar Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqları, xüsusilə "Qızılbulaq" qızıl və "Dəmirli" mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq Laçın-Xankəndi yolu üzərində dinc aksiyanı davam etdirirlər.  Aksiya iştirakçıları qazıntı yataqlarının qanunsuz talanmasını dayandırmağı və Rusiya sülhməramlı qüvvələrinin komandanı, general-mayor Andrey Volkovun əraziyə gəlməsini tələb edirlər. Havanın sərt, qarlı, şaxtalı keçməsi də gənclərimizi qorxutmur və onları tutduqları haqq yolundan çəkindirə bilmir. Bununla da, Azərbaycan gənci nə qədər yüksək keyfiyyətlərə malik olmasını bütün dünyaya nümayiş etdirir. Azərbaycanlı ekofəalların tələbləri tam ədalətlidir. Odur ki, tələbləri yerinə yetirilənə qədər bu aksiyanı davam etdirəcəklərini qarşılarına məqsəd qoyublar.

Əslində, Azərbaycan gəncləri öz gücünü dünyaya çoxdan göstərib. Belə ki, 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribat əməllərinin qarşısını almaq məqsədilə minlərlə gənc ayağa qalxaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbələrinə üz tutdu və könüllü olaraq cəbhəyə gedib düşmənə divan tutmağa hazır olduqlarını bildirdi. İkinci Qarabağ döyüşlərində 44 gün ərzində düşməni diz çökdürən Silahlı Qüvvələrimizin əksəriyyətinin gənclərdən ibarət olması və onların sinələrini sipər edərək Vətənin hər qarış torpağını düşməndən azad etməsi bütün Azərbaycan xalqını qürurlandırdı.

Demək olar ki, artıq ekofəallar öz məqsədlərinə nail olurlar. Yəni aksiya keçirdikləri müddətdə Xankəndiyə Ermənistandan silah-sursat daşınmasının qarşısı alınıb. Həmçinin, xalqımıza məxsus təbii sərvətlərin - qanunsuz şəkildə hasil edilən əlvan metal filizlərinin emal üçün Ermənistana göndərilməsi də dayandırılıb. Xankəndidə yaşayan mülki ermənilərin kömək üçün azərbaycanlı hərbçilərə müraciət etməsi də separatçıların olan-qalan ümidlərini məhv edib. Çünki artıq beynəlxalq ictimaiyyətə də bəllidir ki, azərbaycanlı ekofəalların, könüllülərin keçirdikləri aksiya humanitar məqsədlidir və mülki əhaliyə qarşı hər hansı qərəzli niyyət daşımır.

Artıq İran avtomobilləri də humanitar yardım adı ilə Ermənistana silah-sursat, narkotik maddələr daşıya bilmir. Prezident İlham Əliyev bunu yerli televiziya kanallarına müsahibəsində də diqqətə çatdırıb. Dövlət başçımız İran maşınlarının erməni separatçılarına yanacaq daşımaları, hətta o maşınları üzərinə saxta erməni nömrələri yapışdırmaqla xalqımızı, həmçinin beynəlxalq ictimaiyyəti aldatmaq faktlarını da xatırladıb. İndiyə qədər 20-yə yaxın İran vətəndaşının Xankəndiyə qanunsuz girmələri Laçın-Xankəndi yolundakı özbaşınalığın təsdiqi idi. Demək olar ki, hazırda bu hallar təkrarlanmır. Xankəndidə yaşayan ermənilər ümidlərini Azərbaycana bağlayırlar. Yaxşı görür və hiss edirlər ki, Ruben Vardanyan kimilərindən onlara arxa-dayaq olmayacaq. Çünki Vardanyanın məqsədi artıq uşaqdan-böyüyə hər kəsə məlumdur. O, özünün şəxsi maraqları naminə Xankəndiyə gəlib və havayı yerə pul xərcləmir. Yalnız qeyri-qanuni aksiyalar keçirilən zaman daha çox iştirakçı cəlb etmək üçün cüzi miqdarda pul xərcləməli olur.

Dövlətimizin başçısı Qarabağda Azərbaycan bayrağı altında yaşamaq istəyən ermənilər üçün şərait yaradılacağını dəfələrlə vurğulayıb. Azərbaycan vətəndaşları kimi, onların hüquqları da, təhlükəsizliyi də təmin olunacaq. Ona görə Laçın-Xankəndi yolunda ekofəalların aksiya keçirmələrinə blokada demək, ədalətsizlikdir. Gənclərimiz haqq-ədalət uğrunda mübarizə aparırlar. İnanırıq ki, Vətən müharibəsində zəfər çalan bu gənclər xalqımıza yeni-yeni qələbə sevinci yaşadacaqlar. Dövlət başçımızın dediyi kimi, xalqımız belə gənclərlə fəxr edir və qürur  duyur. Eşq olsun sizə, Azərbaycan gəncləri!..

Nurəngiz ADİLQIZI,

"Respublika".