Mina məsələsində də
Siyasət

Mina məsələsində də "böyük bacı"sının yolu ilə

Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri tərəfindən Qarabağ bölgəsində əraziyə baxış zamanı içərisində xeyli sayda müxtəlif təyinatlı mina və kustar üsullarla hazırlanmış partlayıcı qurğularla dolu anbarlar aşkar edilib.

Müdafiə Nazirliyindən verilən məlumatda bildirilib ki, minaların bir qisminin 2021-ci ildə Ermənistanda istehsal olduğu, əldəqayırma partlayıcı qurğuların isə artilleriya mərmilərindən kustar üsullarla hazırlandığı müəyyən edilib. Hazırda Azərbaycanın prioritetinin işğaldan azad edilmiş ərazilərin bərpası və məcburi köçkünlərin qayıdışının təmin edilməsi olduğunu nəzərə alsaq, deyə bilərik ki, mina məsələsi ölkəmizin ən aktual problemidir.

Bu səbəbdən də Prezident İlham Əliyev iştirak etdiyi mötəbər tədbirlərdə dəfələrlə bu barədə çıxış edib, İrəvan rəhbərliyini mina xəritələrini verməyə çağırıb. Son olaraq, bu məsələ ölkə başçımızın oktyabrın 20-də Bakıda "Neokolonializm: İnsan hüquqlarının pozulması və ədalətsizlik" mövzusunda keçirilən beynəlxalq konfransın iştirakçılarına ünvanladığı müraciətində əksini tapıb. İlham Əliyev bildirib ki, Ermənistanın vaxtilə işğal etdiyi Azərbaycan ərazilərində basdırdığı minalar nəticəsində təkcə son 3 ildə 340-a yaxın azərbaycanlı mina qurbanı olub. Onların arasında mülki şəxslər də var. Prezident mina məsələsində Ermənistan və Fransanın arasında dərin oxşarlıq olduğuna da diqqət çəkib. İlham Əliyevin sözlərinə görə, Fransa dünyada ən çox mina istifadə edən ölkələrdən biridir. Təkcə Əlcəzair ərazisində 5 milyondan artıq partlayıcı qurğu basdırılıb. Nəticədə, Azərbaycan kimi Əlcəzair də dünyada mina problemindən ən çox əziyyət çəkən ölkələr sırasında ön yerlərdən birini tutur. Buradan da aydın olur ki, Fransa və İrəvanı bir-birinə belə sıx bağlayan səbəblərdən biri məhz hər ikisinin mina terroru ilə məşğul olmaq təcrübəsidir.

Müstəmləkəçi Fransa Əlcəzair xalqına qarşı bir əsrə yaxın zülm edib, onlara qarşı soyqırımı törədib. Fransızlar bununla da kifayətlənməyərək bu ölkənin torpağında minalar basdırıblar. Əlcəzairin Reggan və İn Ecker ərazilərində Fransa tərəfindən 17 nüvə sınağı gerçəkləşdirilib ki, onlardan 11-i yeraltı sınaqlar olub. Eyni zamanda, Fransa həmin sınaqların və tullantıların yerli əhaliyə göstərdiyi təsirlərin qiymətləndirilməsi və müvafiq kompensasiyanın verilməsi məsələsindən də boyun qaçırır. Görünür, Yelisey sarayı "kiçik bacısına" da bu dərsi keçib və Ermənistan da ustadının dərslərindən faydalanaraq, Azərbaycan torpaqlarını mina ilə çirkləndirib. Bu da təsadüfi deyil, çünki dünyanın üç yerində böyük erməni icması var, onlardan ən böyüyü Fransada yerləşir və həmin icma da hər zaman terrora dəstək olub, terroristlərə maliyyə ayırıb. Məhz buna görə də itirilən canların, Azərbaycana dəyən ziyanın fransızlar üçün bir önəmi yoxdur və Ermənistanı beynəlxalq ictimaiyyətdə qorumağa davam edir. Bu isə ona işarədir ki, Fransada Makronun təqdim etdiyindən fərqli olaraq, demokratiyadan əsər-əlamət yoxdur. Üstəlik, Paris bu günə qədər aşkar edilməmiş kimyəvi, radioaktiv və zəhərlənmiş tullantıların yerləşdiyi ərazilərə dair topoqrafik xəritələri Əlcəzair tərəfinə təqdim etmir. Paşinyan hökuməti də Makron Administrasiyasının izindən davam edir. Çünki Ermənistan Azərbaycanın vaxtilə işğal altında saxladığı torpaqlarında basdırılmış minalara dair autentik xəritələri tam şəkildə Bakıya hələ də təqdim etmir. Bu isə beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır. Doğrudur, Azərbaycan və Ermənistan 1980-ci il "Konvensional Silahlar Haqqında Konvensiya" və 1997-ci il "Ottava Konvensiyası"na qoşulmasalar da, cari mina problemi beynəlxalq hüququn normaları baxımından nəzərdən keçirilir. Bu normaların bir qismi 1980-ci il Konvensiyasına əlavə edilmiş II Protokolda kodifikasiya edilib. Sənədə əsasən, minanı basdıran tərəf maddi-texniki bazaya sahib olmalıdır və bu, hüquqi öhdəlikdir.

Prezident İlham Əliyevin təşəbbüsü ilə qlobal miqyasda Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün Azərbaycan humanitar minatəmizləmə üzrə yeni və xüsusi - 18-ci Dayanıqlı İnkişaf Məqsədini təklif edib. Hesab edirik ki, bu, dünya birliyinin diqqətini qlobal mina təhdidinə yönəldəcək. Bu təşəbbüs humanitar təmizləmə aksiyasını özündə təcəssüm etdirir. BMT, Avropa İttifaqı və Avropa Şurasının nüfuzlu və rəhbər şəxsləri bu təklifləri dəyərləndirməli, Azərbaycanın mina problemi tezliklə öz həllini tapmalıdır.

Jalə QASIMZADƏ,

"Respublika".