İmişli Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 15 iyun – Milli Qurtuluş Günü münasibətilə “Milli dövlətçiliyimizin xilaskarı” mövzusunda konfrans keçirilib. Konfransda İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, millət vəkilləri Hikmət Babaoğlu, Elşad Mirbəşiroğlu, rayonun hüquq-mühafizə, idarə-təşkilat rəhbərləri və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
İlk öncə tədbir iştirakçıları Heydər Əliyev Mərkəzinin qarşısında ucaldılmış Ulu Öndər Heydər Əliyevin əzəmətli abidəsi ziyarət ediblər, önünə gül dəstələri qoyublar. Sonra İmişli rayonunun Heydər Əliyev Mərkəzində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan fotosərgiyə baxış keçirilib. Rayon rəhbəri 1993-cü il iyunun 15-dən ötən dövürdə Azərbaycanın keçdiyi inkişaf yolundan, əldə olan uğurlardan danışıb. E. Rzayev yaranmış ağır vəziyyətdə xalqın tələbi və təkidi ilə Ulu öndərin ikinci dəfə hakimiyyətə gəlməsinin Azərbaycanın həm siyasi, iqtisadi və sosial-mədəni qurtuluşunun əsasının qoyulduğunu bildirib. Millət vəkilləri Hikmət Babaoğlu və Elşad Mirbəşiroğlu çıxış edərək bildiriblər ki, Azərbaycan xalqını və dövlətini o dövrdə tüğyan edən bütün bəladan dahi şəxsiyyət Heydər Əliyev xilas etdi, dövlət müstəqilliyimizin qorunub saxlanması da məhz Heydər Əliyevin misilsiz xidmətləri, uzaqgörən siyasəti nəticəsində əldə olundu.
Ərəstun ABDULOV,
“Respublika”.