Milli Aviasiya Akademiyasında “Azərbaycanda nəqliyyatın aktual problemləri
Elm və təhsil

Milli Aviasiya Akademiyasında “Azərbaycanda nəqliyyatın aktual problemləri" XXIV Elmi-texniki tələbə konfransı

Mayın 4-də "Azərbaycan Hava Yolları" QSC-nin Milli Aviasiya Akademiyasında (MAA) Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr edilmiş "Azərbaycanda nəqliyyatın aktual problemləri" XXIV Elmi-texniki tələbə konfransı keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə konfrans iştirakçıları Ümummilli lider Heydər Əliyevin akademiyanın həyətindəki büstünün önünə əklil qoyub, əziz xatirəsini ehtiramla yad ediblər.

Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi və "Azərbaycan Hava Yolları" QSC tərəfindən təşkil olunan konfransda 8 bölmə üzrə 170-ə yaxın məruzə dinlənilib. Tədbirə MAA-nın tələbələri ilə yanaşı, respublikanın digər ali təhsil müəssisələrinin, o cümlədən Bakı Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Mingəçevir Dövlət Universitetinin tələbələri də qatılıblar.

Konfransı giriş sözü ilə açan Akademiy

anın birinci prorektoru professor Ədalət Səmədov Milli Aviasiya Akademiyasının rektoru akademik Arif Paşayevin konfrans iştirakçılarına salamlarını çatdırıb və gənc tədqiqatçılara uğurlar arzulayıb.

Qeyd olunub ki, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2023-cü il "Heydər Əliyev İli" elan edilib. Akademiya bununla əlaqədar tədbirlər planı hazırlayaraq təsdiqləyib. Tədbirlər planına uyğun olaraq, Akademiya "Heydər Əliyev və Azərbaycanın milli aviasiyası" kataloqunu, "Səma" jurnalının xüsusi nömrəsini hazırlayıb və dərc edib. Bundan başqa, "Heydər Əliyev zirvəsi"nə yürüş təşkil olunub, ağacəkmə aksiyası və müxtəlif intellektual oyunlar keçirilib. Hazırda akademiyada "Bir tələbə, bir layihə" konsepsiyası həyata keçirilir.

Prorektor diqqətə çatdırıb ki, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyev hələ Sovet ittifaqı dövründə milli kadrların yetişməsini və Azərbaycanın inkişafına töhfə verməsini düşünmüşdü. Məhz Ulu Öndərin təşəbbüsü ilə 1970-ci illərdə minlərlə Azərbaycan gənci təhsil almaq üçün Rusiya və Ukraynanın ali məktəblərinə göndərilmişdi. Heydər Əliyev həmin gənclərin nadir peşə sahiblərinə çevrilməsini istəyirdi ki, respublikamızda geridə qalan sahələr gələcəkdə inkişaf etsin. Təsadüfi deyil ki, bu gün AZAL-da Heydər Əliyev dövründə təhsil almış 48 mütəxəssis çalışır.

Vurğulanıb ki, Ulu Öndər milli aviasiyanı da unutmamış, bu sahədə yüksək səviyyəli kadrların yetişməsi istiqamətində səmərəli addımlar atmışdı. Müstəqillik dövründə Ümummilli Lider yeni hava limanlarının tikintisinə, aviasiya sahəsində təhsil sisteminin formalaşmasına, təyyarə parkının yenilənməsinə nail oldu.

Plenar iclasda Akademiyanın İqtisadiyyat və hüquq fakültəsinin 4-cü kurs bakalavr tələbəsi İsmayıl Qəmbərli "Heydər Əliyev çağdaş Azərbaycan dövlətinin banisidir", Nəqliyyat texnologiyaları fakültəsinin tələbəsi Aytac Mustafayeva "Heydər Əliyevin Azərbaycan nəqliyyatının inkişafında rolu", Hava nəqliyyatı fakültəsinin magistr tələbəsi Qeybullah Məmmədov "Perspektiv mikro turboreaktiv mühərrikin yağlama sisteminin simulyasiyası", Fizika-texnologiya fakültəsinin İsrafil Süleymanov "Avtomobil tunellərində karbon qazının konsentrasiyasına nəzarət edən avtomatik sistem" mövzularında məruzələrlə çıxış ediblər.

Daha sonra "Ümummilli lideri Bakıya gətirən pilotun 27 illik sirri" filmi nümayiş etdirilib.

Film ətrafında çıxışlarda AZAL-ın vitse-prezidenti, MAA-nın Hava gəmilərinin uçuş istismarı kafedrasının müdiri, Əməkdar pilot İlham Əmirov, "Tu 154" laynerinin kapitanı Firudin Əliyev və "Tu 154" və "Tu 134" hava gəmilərinin şturmanı Rafiq Məmmədov Ulu Öndər Heydər Əliyevlə bağlı xatirələrini bölüşüblər.