Şəhidlik əbədiyyətdir
Region

Şəhidlik əbədiyyətdir

Şəhidlik  adi  ölüm  deyil,  Vətən,  torpaq,  böyük  amallar  uğrunda  candan  keçmək,  özünü  şüurlu şəkildə  qurban  vermək  deməkdir.  Bu  uca  məqama  yüksələnlərdən  biri  də Səddam Həsənov idi. Qorxmaz bir igid  idi  Səddam.
Şəhidlik  elə  bir  zirvədir  ki,  ünvanı   əbədiyyətdir.  Şəhid  olmağı  özünə  şərəf  bilən Səddamın   daxilində  yüksək  vətənpərvərlik,  cəsurluq,   müsbət  əxlaq,  əqidə  var  idi.  Elə  buna  görə də  o  şüurlu  şəkildə  ölümü  gözə   ala bildi.  Döyüşlərdə  yaralanmasına  baxmayaraq,  yaralı  qolunu sarıyıb  irəli  getdi  Xüsusi  Təyinatlı  Şəhidimiz.   Həmin  gün  Səddam  və  onun  döyüş  yoldaşları düşməni   bir addım  da  irəli  buraxmamaq  üçün  son  damla  qanlarına  kimi  vuruşdular.  Qorxu duymadan,  ürəklərində  böyük  Vətən  sevgisi  ilə  qəhrəmancasına  döyüşüb  şəhid  olan  Səddam  kimi şəhidlərimiz  bir daha sübut  etdi  ki,  bu  xalqın  qəhrəmanları  yüzlərlə,  minlərlədir.  Onların  ömür  yolu gənclərimizə  nümunədir.
Oktyabrın 15-də Səddamın   29  yaşı  tamam  oldu.  O, 1992-ci il oktyabrın 15-də Beyləqan rayonunun  Yeni  Mil  qəsəbəsində  anadan  olub. 2010-cu ildə Yeni Mil  kənd tam orta məktəbini bitirdikdən  sonra  hərbi xidmətə  yollanan  şəhidimiz  xidmət  müddətində  öz  vətənpərvərliyi,  dözümü və  iradəsi  ilə  fərqlənmişdir. Hərbi  xidməti  başa  vurduqdan sonra  Azərbaycan  Respublikası  Silahlı  Qüvvələrinin  gizir  hazırlıq  kursuna  daxil  olmuş  və  həmin kursu müvəffəqiyyətlə   bitirib,  Naxçıvanda  yerləşən  N saylı   hərbi  hissənin  kəşfiyyat  bölüyündə xidmətini  davam  etdirmişdir.  Zəkası və  fiziki  qabiliyyəti  ilə  seçilən  Səddam  daha  sonra  Xüsusi Təyinatlı  Taborun  qrup  komandirinin  müavini  vəzifəsinə  təyin  olunmuşdur.  Şəhidimiz  2014-2019-cu  illər  ərzində  müxtəlif  vəzifələrdə işləmişdir.  Müxtəlif  dövrlərdə  Türkiyədə  təşkil  olunan  xüsusi təlimlərdə  iştirak  etmiş,  həmin  təlimləri  uğurla  tamamlamışdır.  Səddam  həmçinin,  Naxçıvanda xidmət   edərkən Günnüt əməliyyatında  iştirak  etmiş,  Günnüt  kəndinin  işğaldan  azad  edilməsində böyük  şücaət  göstərmişdir.  Beləliklə,  ömrünü  Vətənə  xidmətə  həsr  edən  Səddamın  son döyüşü  və  ən  böyük  qalibiyyəti  İkinci  Qarabağ müharibəsinə   təsadüf   etdi.
Xüsusi  Təyinatlı Qüvvələrin  giziri  olan  qəhrəmanımız  cənub  istiqamətindəki döyüşlərdə iştirak  edən  xüsusi  dəstə  qruplarından  birini  təmsil edirdi. Ona verilən ən  çətin  tapşırıqların  öhdəsindən  şərəflə  gəlib.  Murovdağ  zirvəsinin  alınmasında,  Füzuli  rayonunun  azad edilməsində  xüsusi  qəhrəmanlıq göstərib.  Həmişə  öndə  gedən, saysız  igidliyə  imza  atan Səddam   Həsənov  17  oktyabr   tarixində  Vətən  müharibəsinin   Hadrut  cəbhəsində  qəhrəmancasına   vuruşaraq   Şəhidlik  zirvəsinə   yüksəlib.
Şəhidin  doğum  günü  ilə  əlaqədar  onun  xatirəsinə  həsr  edilmiş tədbirdə Beyləqan   Rayon  İcra Hakimiyyətinin başçısı  Asif   Ağayev  aparatın  məsul nümayəndələri, hüquq-mühafizə  orqanlarının   rəhbərləri,  şəhid  ailələri,  media  və  ictimaiyyət  nümayəndələri, şəhidimizin orta  məktəb  müəllimləri  və şagirdlər iştirak  etdilər. Şəhidin   məzarı  önünə  gül  düzülüb, ruhuna dualar  oxundu. Sonra tədbir doğulub boya-başa  çatdığı  evində davam  etdirildi.
Ruhu şad olsun!

Ərəstun ABDULOV,

“Respublika”.