Məramını doğrultmayan missiya
Siyasət

Məramını doğrultmayan missiya

Ermənilər hansı dövlətin tərkibində, hansı xalqın qonşuluğunda yaşayıblarsa, fürsət düşən kimi onlara qarşı satqınlıq ediblər. Ermənistanın tarixi səhvi 1988-ci ildə Azərbaycana qarşı növbəti ərazi iddiaları qaldırması ilə başladı ki,  bu da sonradan ölkəmizin  beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20 faizinin işğalına, 1 milyondan çox azərbaycanlılara qarşı etnik təmizləməyə, mülki azərbaycanlılara qarşı müharibə cinayətlərinə, Xocalı soyqırımına gətirib çıxardı. Ermənistanın ikinci səhvi isə Nikol Paşinyan kimi naşı siyasətçini hakimiyyətə gətirməsi oldu. Azərbaycanın siyasəti müstəqildir və onunla müstəqil dövlət kimi davranılmasını istəyir. Ermənistan isə iqtisadiyyatı zəif, qondarma dövlətdir.

İşğalçı ölkənin baş naziri Nikol Paşinyanın siyasi karyerası Sarkisyanla mübarizədə keçib. Paşinyanın hakimiyyətdə olduğu vaxt ərzində Ermənistanda nəinki hansısa problemlər həllini tapıb, əksinə böhran daha da dərinləşib. Onun hakimiyyətə gəlişi yalnız Ermənistanda anti-Rusiya əhvali-ruhiyyəsi yaratdı.

Qeyd etmək lazımdır ki, Ermənistanın Rusiyadan uzaqlaşıb Qərbə doğru istiqamət götürməsi məsələsi də rus mediasının diqqət mərkəzindədir. Ümumən Rusiyaya meyilli olmasına baxmayaraq, son iki ildə Hayastanda Rusiyaya münasibət xeyli dəyişib.

Bütün bu münasibətlərdən yorulan sadə erməni əhalisi artıq normal həyat tərzi və sülh istəyir. Ötən günlərdə yüzlərlə erməni şəhid anası hazırkı sistemə etirazlarını bildirmək üçün hökumət binasının qarşısında aksiya keçiriblər. Bununla yanaşı, hazırda Rusiya-Ukrayna müharibəsindən istifadə edərək, Ermənistanın daxilində anti-Rusiya çıxışları çoxalıb. Lakin buna baxmayaraq, sərhəddə olan Rusiya sülhməramlıları hələ də Ermənistan tərəfdən çıxış edir. Bölgəyə yerləşdikləri gündən ermənilər üçün modul tipli evlər, xəstəxanalar tikir, məktəblər açır və ən əsası da orada yaşayan ermənilərə ərzaq təminatını həyata keçirir. Hətta sülhməramlılarının məsuliyyət zonasında olan ərazilərinə Ermənistan rəsmiləri, xarici ölkə nümayəndələrinin gəlişi müşahidə edilir. Azərbaycan tərəfinin dəfələrlə kəskin şəkildə etiraz etməsinə baxmayaraq, buna əhəmiyyət vermir, rahat formada Laçın dəhlizindən keçib bizim ərazilərə daxil olmaq üçün onlara şərait yaradıblar. Əlbəttə bu qəbuledilməz haldır. İlk olaraq qeyd edək ki, sülhməramlıların bölgəyə yerləşdirilməsində əsas məqsəd vaxtaşırı Azərbaycan və Ermənistan arasındakı baş verən qarşıdurmanın qarşısını almaqdır. Lakin Rusiya əvvəllər də olduğu kimi, bir daha Azərbaycan tərəfinin səmimi etimadını doğrultmayıb. Vəzifələri sakitlik və əmin-amanlığı təmin etmək olan Rusiya hərbçiləri daha çox Qarabağda sülhü əngəlləyən addımlar  atıblar. Rus sülhməramlıları faktiki olaraq qondarma qurum "rəsmiləri" üçün sanki qalxan rolunu oynayır. 

Azərbaycan tərəfi də çox yaxşı bilir ki, rus sülhməramlıları öz vaxtları tamam olduqdan sonra ərazini tamamilə tərk edəcəklər. Bunun belə olduğunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO liderlərinin sammitindən sonra keçirilən mətbuat konfransında azərbaycanlı jurnalistin Qarabağda Rusiya sülhməramlılarının yerləşdirilməsi ilə bağlı sualını cavablandırarkən deyib. O, bildirib: "2025-ci ilə qədər Rusiya təyin olunmuş yerlərdə qalacaq, həmin ildə isə bu yerləri tərk edəcək".

Röya RÜSTƏMLİ,

"Respublika".