Məqsədyönlü siyasətin qayəsini güclü Azərbaycan təşkil edir
Siyasət

Məqsədyönlü siyasətin qayəsini güclü Azərbaycan təşkil edir

İşğala son qoyaraq Azərbaycanın formalaşdırdığı yeni reallıqlar sülh və təhlükəsizliyə əsaslanır və ümumilikdə bütün regionun hərtərəfli inkişafını hədəfləyir. Təəssüf doğuran məqam isə odur ki, buna mane olmağa çalışan dövlətlər də var. Məsələn, nədənsə Fransa bundan çox əndişə keçirir, bölgədə sabitliyi pozmağa çalışır, hətta Ermənistana silah ötürür, münasibətlərin normallaşmasına mane olmağa cəhd edir. Təbii ki, arzuları ürəklərində qalacaq. Necə ki, 30 il havadarlıq etdikləri, hərtərəfli dəstək verdikləri Ermənistanın işğal siyasətini Azərbaycan tamamilə iflasa uğratdı.

Bununla bağlı Azərbaycan tərəfinin mövqeyi qəti və dəyişməzdir: dəhliz əvvəlki yerdən - Mehri ərazisindən keçməli, Azərbaycan üçün maneəsiz keçid olmalı, təhlükəsizlik təmin edilməli və s. Görürük ki, Ermənistan bununla bağlı üzərinə götürdüyü öhdəlikdən boyun qaçırır. Dəhlizin əhəmiyyətini və onlara gətirəcək xeyri hələ də anlamırlar. Real vəziyyətdə isə onlar daha çox dəhlizin açılmasında maraqlı olmalıdırlar, əks təqdirdə, yenə də bir çox layihələrdən kənarda qalacaqlar. Azərbaycanın tarixində yeni dövr başlayıb, ölkəmizin ərazi bütövlüyü tam bərpa edilib, dövlətimizin suverenliyi təmin olunub. Həqiqətən də bir xalq olaraq çox xoşbəxtik ki, ötən illərə nəzər salanda, həll edilməmiş bir problemimizin qaldığını, reallaşmayan arzumuzu görmürük və gələcəyə yeni arzularla gedirik. Biz bu seçkilərə müzəffər xalq kimi qatılacaq, qürurla seçimimizi edəcəyik. Tarix sübut edir ki, qədirbilən xalqımız seçimində müdrikdir, öz gələcəyini, Vətəninin parlaq sabahını etibarlı, sınanmış, təcrübəli şəxsə etibar edir. İnanırıq ki, bizi gələcəkdə daha böyük qələbələr, fəth ediləcək zirvələr, o cümlədən dirçəlmiş, sakinlərini bağrına basmış Qarabağımız gözləyir.

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası, COP29 bu il Azərbaycanda keçiriləcək. Məlumdur ki, Azərbaycan uzun illərdir beynəlxalq və regional tədbirlərin, qlobal əhəmiyyətli müzakirələrin aparıldığı və dünyanı narahat edən problemlərlə bağlı vacib qərarların qəbul edildiyi məkan kimi tanınır. Və ev sahibliyi etdiyi bütün tədbirlər yüksək səviyyədə və nümunəvi şəkildə təşkil olunur. Məhz buna görə bu cür qlobal tədbirlərin Azərbaycanda keçirilməsinə etibar olunur. Qeyd edək ki, COP29 indiyədək ölkəmizdə keçirilən digər tədbirlərdən əhəmiyyətinə və miqyasına görə xeyli fərqlənir. Bir sözlə, Bakı tədbir çərçivəsində beynəlxalq mərkəz rolunda çıxış edəcək, 80 minə yaxın xarici qonağı qarşılayacaq. Əminik ki, Azərbaycan bunun da öhdəsindən layiqincə gələcək.

Səttar MÖHBALIYEV,

Azərbaycan Həmkarlar İttifaqları

Konfederasiyasının sədri,

Milli Məclisin deputatı.