Məntiqi ardıcıllıq - sülhməramlılar Qarabağı tərk edir
Siyasət

Məntiqi ardıcıllıq - sülhməramlılar Qarabağı tərk edir

Qarabağdakı Rusiya sülhməramlı kontingentinin bölgədəki fəaliyyəti artıq başa çatır. Xatırladaq ki, 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata uyğun olaraq, regionda atəşkəsə nəzarət etmək məqsədilə rus sülhməramlıları Azərbaycanın Qarabağ bölgəsinə yerləşdirilmişdi. Onların bölgədə mövcudluğu beş il müddətinə - 2025-ci ilin sonlarına qədər nəzərdə tutulurdu. Kontingentə atıcı silahlarla təchiz edilmiş 1960 hərbi qulluqçu, 90 zirehli nəqliyyat vasitəsi, 380 ədəd avtomobil və xüsusi texnikalar daxil idi. Missiyanın regiondakı fəaliyyət müddətinin uzadılması 2025-ci ildə müzakirə oluna bilərdi.

Sülhməramlı kontingentin Qarabağı tərk etməsi məsələsinə dair Kreml rəsmisi Dmitri Peskov aprelin 17-də bildirdi ki, proses artıq başlayıb. Cənubi Qafqazda "ayrıcı xətlər"in yaranmasına çalışanlar isə 4 ilə yaxın müddətdə məsələni fərqli məcralara daşımağa çalışırdılar. Xüsusilə kollektiv Qərbin və rəsmi Vaşinqtonun regiona müdaxilələri fonunda bu tip yanaşmalar sadəcə destabilliyə xidmət edirdi. Ölkə başçımız 2020-ci il oktyabrın 9-da xalqa müraciəti zamanı bildirmişdir: "Nəyi necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm. Azərbaycan xalqı mənə inanır. Mən də bu inama arxalanaraq bütün lazımi tədbirləri görürəm, ölkəmizi inamla idarə edirəm...".

Azərbaycan Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev kontingentin Qarabağı tərk etməsi ilə bağlı bildirib ki, Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən vaxtından əvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi səviyyəsində qərar qəbul edilib. Azərbaycan və Rusiya Müdafiə nazirlikləri həmin qərarın icrası ilə bağlı müvafiq tədbirləri həyata keçirirlər.

Hadisələrin axarına nəzər yetirsək görərik ki, sülhməramlı kontingentin Qarabağdan getməməsi üçün heç bir səbəb yoxdur. Yəni məntiqi yanaşmada bu bariz görünür. Xüsusilə ötən ilin sentyabr ayında keçirilən antiterror tədbirlərindən sonra Azərbaycan öz ərazilərində suverenliyini təmin etmiş, aqressoru - Ermənistanı torpaqlarımızdan çıxarmışdır. Artıq lokal müstəvidə hər hansı bir təhdidin olmaması və buna paralel olaraq Rusiya sülhməramlı kontingentinin ərazidən getməsi məntiqi ardıcıllıqdır. Lakin lokal tədbirlərdən öncə vəziyyət belə deyildi. Suveren ərazilərimizdə Ermənistan tərəfindən təhdidlər davam edirdi. Məhz kontingentin mövcudluğu vacib əhəmiyyət daşıyırdı.

Digər tərəfdən, hərbi qüvvənin Qarabağda saxlanması üçün Rusiya kifayət qədər vəsait sərf edirdi. Məhz kontingentin ərazini tərk etməsi bu baxımdan rəsmi Moskvaya da yararlıdır. Nəzərə alsaq ki, Ukrayna ilə cəbhədə vəziyyət olduqca gərgindir, kontingentin Qarabağda gərəksiz yerə qalması absurddur.

Bütün bunlarla yanaşı, okeanın o tayındakı ABŞ-ın məsələyə münasibəti təəccüb doğurur. Rəsmi Vaşinqton Rusiya sülhməramlılarının Qarabağdan çıxarılması məsələsində yersiz ittihamlar səsləndirir. ABŞ Dövlət Departamenti bəyan edib ki, sülhməramlı qoşunların Qarabağdan vaxtından əvvəl çıxarılması Rusiyanın etibarsız müttəfiq olduğunu göstərir. Əlbəttə ki, bu kimi çıxışlar, ilk növbədə, Ermənistan daxilindəki antirus meyilləri gücləndirməyə xidmət edir. Rusiyanı qarışıqlıq yaratmaqda, etibarlı müttəfiq olmamaqda ittiham edib paralel olaraq iqtisadi, siyasi və hərbi sahədə Ermənistanı şirnikləndirmək heç də ağlabatan addım deyil. Əksinə, rəsmi Moskva və Bakının qarşılıqlı razılaşması və kontingentin ərazini tərk etməsi  cəfəng iddiaları susdurdu. Bu da sabitliyə, regionun rifahına xidmət edir. Digər tərəfdən isə Ermənistan hər keçən gün aldığı yardımlar, "qrantlar" hesabına sülh prosesindən bir qədər də uzaqlaşır. Nə qədər Patel ABŞ-ın Ermənistan və Azərbaycanın sülh istiqamətindəki səylərini dəstəklədiyini bildirsə də, bu, ikiüzlülükdən başqa bir şey deyil.

Qeyd edək ki, Rusiya sülhməramlıların bölgədəki varlığının başa çatmasına paralel olaraq, 2021-ci il yanvarın 30-da Ağdamda yaradılan Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi də öz fəaliyyətini dayandırır. Türkiyə Milli Müdafiə Nazirliyinin İctimaiyyətlə Əlaqələr və Mətbuat müşaviri kontradmiral Zeki Aktürk keçirdiyi brifinqdə bu haqda məlumat verib. Sözsüz ki, Mərkəzin fəaliyyətinin dayandırılması Azərbaycan və Rusiya ilə koordinasiyalı qaydada aparılır.

Xüsusilə, Azərbaycan-Türkiyə tandeminin varlığı, region ölkələrinin qarşılıqlı kommunikasiyası əməkdaşlıq üçün olduqca böyük prespektiv vəd edir. Məhz bu səbəbdəndir ki, kollektiv Qərb və rəsmi Vaşinqtonun yersiz "vurnuxmaları" baş verir. Əlbəttə ki, bütün bunlar nəticəsiz manevrlərdən başqa bir şey deyil. Cənubi Qafqazda diktə edən tərəf Azərbaycandır və onun direktivləri sülhü, sabitliyi və əmin-amanlığı bərqərar edəcək.

Nurlan ABDALOV,

"Respublika".