Xeyli sayda lerikli Xəzər rayonunun Binə qəsəbəsinə köçərək burada özünə yurd-yuva qurmuşdur. İkinci Qarabağ müharibəsində Binədə yaşayan lerikli gənclər də döyüş meydanında düşmənə qarşı xüsusi şücaət göstəriblər. Vətəni canından əziz tutub onun yolundan keçən lerikli qəhrəman şəhidlər Binə qəsəbəsində yerləşən Şəhidlər Xiyabanında müqəddəs saydıqları Vətən torpağına baş qoyublar. Bu günlərdə Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov Binə Şəhidlər Xiyabanını ziyarət edib, Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə müqəddəs şəhidlik zirvəsinə ucalan qəhrəman Vətən övladlarının əziz xatirəsini ehtiramla anıb.
13 sentyabr 2022-ci il tarixində erməni təxribatının qarşısını alarkən ömrünün ən gözəl çağında, 24-cü baharında şirin canını ürəkdən bağlandığı doğma Azərbaycana qurban verən Coşqun Ədail oğlu Zülfizadə də dağlar diyarı Lerikdəndir. Vətən naminə qəhrəmanlıq göstərib ad qoyan Coşqun rayonun Nuravud kəndində dünyaya göz açmışdır. Şəhidin ailəsi hazırda Binə qəsəbəsində yaşayır. Əkbər Abbasov qəhrəmanın valideynləri ilə görüşübdür. Onlara öz dərin ehtiram və hörmətini bildirməklə bərabər, həm də problemləri ilə yaxından maraqlanıb. İcra başçısı şəhid atası Ədail kişiyə onu da bildirib ki, oğlunuz Coşqun doğma Vətən uğrunda şəhid olubdur. O, indi təkcə sizin yox, bütün Azərbaycanın fəxridir. Xalq Coşqunu ürəyində yaşatmaqla, onun həyat yolu bundan sonra da gələn nəsillərə örnək olacaqdır.
Zəfər ORUCOĞLU.