Vətən uğrunda canından keçmək 
Region

Vətən uğrunda canından keçmək 

Müzəffər  Ali  Baş  Komandan  İlham  Əliyevin  qətiyyətli  rəhbərliyi  ilə  Şanlı  Ordumuzun  qalib  gəldiyi   44  günlük   Vətən  müharibəsində  fədakarlıq  göstərən  igid   şəhid  oğullarımızdan  biri  Əlizadə  Ruslan  Arif   oğlu ehtiramla yad olunub.   

Ölkəmizin  ərazi  bütövlüyünün  bərpası,  doğma  torpaqlarımızın  düşməndən  təmizlənməsi  uğrunda gedən  döyüşlərdə  canlarını  Vətən  uğrunda  fəda  edərək  xalqımıza  qələbə  sevincini  yaşadan şəhidlərimizin  ruhu  əbədi  olaraq yaddaşlara  həkk  olundu  və  hər  zaman  minnətdarlıqla  anılacaqdır.
Biləsuvarda  Vətən  müharibəsində  böyük  rəşadət  və  igidlik  göstərərək şəhidlik  zirvəsinə  ucalan  Əlizadə  Ruslan Arif oğlunun  xatirəsi  ehtiramla  anıldı.
Əlizadə  Ruslan  Arif  oğlu 9 oktyabr  1993-cü ildə  Biləsuvar  rayonunun  Bəydili  kəndində  anadan olub. Orta  təhsilini  Biləsuvar  şəhər  Ş.Qurbanov  adına  2  saylı  tam  orta  məktəbində almışdır. Orta məktəbi  bitirdikdən  sonra hərbi  xidmətə  yollanmış,  Azərbaycan  Hava  Hücumundan  Müdafiə Qoşunları  tərkibində  qulluq  etmişdir. Hərbi  xidmətdən  sonra  bir  müddət  kənddə  valideynlərinin yanında  olmuşdur.  Sonra  öz  arzusu  ilə  yenidən  müqavilə  ilə  Azərbaycan  Silahlı  Qüvvələrinin müddətdən  artıq  həqiqi  hərbi   xidmət qulluqçusu  olaraq  çalışmışdır.
Ruslan  Əlizadə  27  sentyabr  2020-ci  il   tarixində  başlanan  Vətən  müharibəsində  Füzuli,  Cəbrayıl uğrunda  gedən  döyüşlərdə  vuruşmuş  və  Füzulinin  azad  olunması  uğrunda  gedən  döyüşlərdə qəhrəmancasına  şəhid  olub, doğulduğu  Bəydili  kənd  qəbiristanlığında  torpağa tapşırılıb.
Azərbaycan   Prezidenti  İlham  Əliyevin  müvafiq  sərəncamları  ilə  ölkəmizin    ərazi  bütövlüyünün  təmin  edilməsi  uğrunda  döyüş  əməliyyatlarına  qatılan  və  hərbi hissə  qarşısında  qoyulmuş  tapşırıqların  icrası zamanı  vəzifə  borcunu  şərəflə  yerinə  yetirdiyinə  görə  Əlizadə  Ruslan   Arif   oğlu  ölümündən   sonra "Vətən uğrunda",  "Cəbrayılın azad olunmasına görə"  və "İgidliyə görə"  medalları ilə təltif edilmişdir.

Qəhrəman  şəhidimizin  anım mərasimində  iştirak edən  Biləsuvar  Rayon  İcra Hakimiyyətinin  başçısı Faiq  Qürbətov,  rayonun  hüquq-mühafizə   orqanlarının  rəhbərləri  və  ictimaiyyətin nümayəndələri   şəhidin  ata  ocağını  ziyarət edərək  valideynləri  ilə  görüşdülər.  Mərasimdə  qəhrəman  şəhidimizin  yaşadığı  evə  xatirə  lövhəsi vuruldu.

       Ərəstun   ABDULOV,

        “Respublika”.