MƏNALI YAZIÇI ÖMRÜNÜN GƏNCƏ SALNAMƏSİ...
Region

MƏNALI YAZIÇI ÖMRÜNÜN GƏNCƏ SALNAMƏSİ...

Gəncənin mədəniyyət ocaqları: Mir Cəlal Paşayevin ev-muzeyi

Gəncədə uca sərv ağaclarının əhatə etdiyi geniş həyəti olan, qırmızı kərpicdən tikilmiş yaraşıqlı bir bina var. Bu binada görkəmli nasir, ədəbiyyatşünas alim, sevimli müəllim və səmimi insan Mir Cəlal Paşayevin ev-muzeyi fəaliyyət göstərir. Onun müəllimlik fəaliyyətinin və çoxşaxəli yaradıcılığının ilk dövrü bu məhəllədə keçib, gələcək böyük sənətə gedən yol buradan başlayıb, yazıçı, ədəbiyyatşünas alim kimi yetişməsində Gəncə ədəbi mühiti xüsusi rol oynayıb.

Bu müqəddəs ocaq şərəfli ömrün ilk dövrünün unudulmaz məqamlarını əbədiyyətə qovuşduran etibarlı ünvandır. Muzeydə nümayiş etdirilən eksponatlar gənclik illərində Gəncədəki müəllimlik fəaliyyətinin və gənc qələm sahibinin böyük sənət yolunun ilk dövrünü dolğun şəkildə əks etdirir.

Oxucuları muzeylə tanış etmək, onun ekspozisiyası haqqında daha dolğun təəssürat yaratmaq üçün muzeyin direktoru İradə Paşayeva bizə bələdçilik etdi.

...Muzeyə daxil olursan. Girəcəyin sağında böyük ədibin oğlu, professor Arif Paşayevin sözləri yazılmış lövhə diqqəti cəlb edir: "Mənim atam Azərbaycan ədəbiyyatında "Manifest" yazan ilk və son yazıçıdır. O, həm də böyük nəzəriyyəçi, böyük pedaqoq, ustadlar ustadı idi. Belə ata olmaq çətindir. Belə ataya layiq övlad olmaq da o qədər asan deyil".

Muzey 2007-ci il sentyabrın 29-da görkəmli ədibin anadan olmasının 100 illiyi ərəfəsində öz qapılarını Mir Cəlal sevərlərin üzünə açıb. Nümayiş etdirilən eksponatlar ədibin əsərlərindən, rəsmi sənədlərdən, həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən fotoşəkillərdən ibarətdir. Mir Cəlal müəllimin portreti toxunmuş xalça da diqqətdən yayınmır. Muzey fəaliyyətə başlayanda eksponatların sayı 150 idisə, hazırda 500-dən çox eksponat görkəmli ədib haqqında zəngin təəssürat yaradır.

Ekspozisiyada nümayiş etdirilən sənəd və fotolar görkəmli ədibin çoxşaxəli yaradıcılığının ilk dövrünün keçdiyi Gəncə şəhərindəki müəllimlik fəaliyyəti, "Qızıl Qələmlər" ədəbi birliyində Səməd Vurğun, Mikayıl Rəfili, Süleyman Rəhimov, Əhməd Cəmil, Həmid Araslı, Mikayıl Rzaquluzadə, Əli Vəliyev, Əvəz Sadıx, Cəfər Cəfərov, Hidayət Əfəndiyev, Məmməd Rahim, Mehdi Hüseyn, Abdulla Şaiq, Cahanbaxış kimi görkəmli yazıçı və şairlərlə tanışlığı haqqında ətraflı məlumat əldə etməyə kömək edir.

Akademik Bəkir Nəbiyev, professorlar Vasim Məmmədəliyev və Təhsin Mütəllimov, keçmiş tələbələri professorlar Nizami Cəfərov və Nizaməddin Şəmsizadə və digər görkəmli şəxsiyyətlərin Gəncədə tədbirlərdə iştirakı və səmimi ürək sözləri ifadə olunmuş sənədlər ev-muzeyinin ekspozisiyasını daha da zənginləşdirir. Keçirilən tədbirlərdən çəkilmiş fotolar və "Xatirə kitabı"na yazılmış səmimi sözlər böyük ədibə ehtiramın ifadəsidir.

Mir Cəlal müasir Azərbaycan ədəbiyyatının əsasını qoyan görkəmli mütəfəkkirlər arasında şərəfli yer tutur. "Dirilən adam", "Bir gəncin manifesti", "Yolumuz hayanadır", "Açıq kitab", "Yaşıdlarımız", "Təzə şəhər" kimi ölməz əsərlərin müəllifi eyni zamanda böyük tədqiqatçı-alim kimi də Azərbaycan ədəbiyyatşünaslığına sanballı töhfələr vermişdir. "Füzulinin poetikası" mövzusunda namizədlik, "Azərbaycanda ədəbi məktəblər" mövzusunda isə doktorluq dissertasiyası müdafiə etmişdir. Görkəmli tədqiqatçı-alim kimi ədəbiyyat nəzəriyyəsinə dair elmi araşdırmaları, xüsusilə də "Ədəbiyyatşünaslığın əsasları" dərsliyi, məqalələri və monoqrafik tədqiqatları bugünkü gənc tədqiqatçıların istifadə etdikləri sanballı elmi mənbələrdir.

Muzeyə gəncəlilər və şəhərimizin qonaqları çox böyük maraq göstərirlər. Bunu "Xatirə kitabı"na yerli və xarici qonaqların yazdığı ürək sözləri də sübut edir.

"Xatirə kitabı"nı vərəqləyirik. Burada keçirilən tədbirlərin daimi iştirakçısı, Azərbaycan Milli Aviasiya Akademiyasının professoru İbrahim Quliyevin ürək sözlərini oxuyuruq: "Qədirbilən gəncəlilər həmişə olduğu kimi, yenə böyük şəxsiyyətin doğum gününü təmtəraqla qeyd edirlər. Bu ehtiram onun şəxsiyyətinin bütövlüyünə, çoxşaxəli zəngin yaradıcılığına və qayğıkeş insan kimi sonsuz səmimiyyətinə ehtiramın bariz nümunəsidir".

Muzeydə ədibin doğum və xatirə günləri, ziyalılarla görüşlər, kitab təqdimatları təşkil olunur. Burada vaxtaşırı keçirilən ədəbiyyat dərsləri məktəblilərin böyük marağına səbəb olmaqla yanaşı, həm də onların öz xalqını və vətənini, doğulduğu torpağı qəlbən sevən və onun yolunda canından belə keçməyə hazır olan gənclər kimi yetişməsində, vətənpərvərlik ruhunda tərbiyəsində əhəmiyyətli rol oynayır.

Ev-muzeyi, həmçinin respublika əhəmiyyətli və beynəlxalq səviyyəli tədbirlərin mərkəzinə çevrilib. Heç təsadüfi deyildir ki, Mir Cəlalın anadan olmasının 100 illiyi münasibətilə ölkə başçısının Sərəncamına və UNESCO-nun qərarına uyğun olaraq respublika əhəmiyyətli yubiley tədbirlərinə Gəncə şəhərindən start verilmişdir. Qədim şeir-sənət ocağında iki gün davam edən yubiley tədbirlərində respublikamızın tanınmış yazıçı və şairləri, ziyalılar, elm və dövlət adamları ilə yanaşı, bir sıra xarici ölkələrdən gəlmiş qonaqlar da iştirak etmişlər. Əslində, bu, Mir Cəlalın ümumbəşəri əhəmiyyət daşıyan çoxşaxəli yaradıcılığına hörmətin ifadəsidir.

"Xatirə kitabı"na görkəmli insanların yazdıqları ürək sözləri də qürur hissi doğurur. Tədbirdə iştirak etmiş Türkiyənin Kars şəhər bələdiyyəsinin və "Kars qəzetəçilər cəmiyyəti"nin üzvlərindən ibarət nümayəndə heyətinin rəhbəri, Kars bələdiyyəsinin sədri Nevzat Bozkuşun kitaba yazdığı səmimi sözlər böyük ədibə sonsuz ehtiramı, həm də Azərbaycan və Türkiyə xalqlarının tarixi birlik və dostluğunun əbədiyaşarlığını ifadə edir:

"Biz iki dövlət olsaq da, bir millətik, bizi qədim tarixi və mədəni köklər birləşdirir. Biz burada özümüzü evimizdəki kimi hiss edirik".

İradə xanım ev-muzeyi haqqında, onun qonaqlar və gəncəlilər arasında böyük maraq doğurduğundan danışır. Tamaşaçılar üçün daha çox maraq doğuran eksponat barədə soruşuram, fəxrlə, xüsusi guşədə nümayiş etdirilən pasportu göstərərək deyir: "Paşayev Mir Cəlal Əli oğlu, doğulduğu il 1908, Gəncə şəhəri. Çoxları bu pasportla ilk dəfə tanış olduqlarını qürur hissi ilə bildirirlər".

Ev-muzeyində keçirilən müxtəlif tədbir və görüşlərdə Gəncə Dövlət Dram Teatrının kollektivi də fəal şəkildə iştirak edir. Mir Cəlalın "Ərik ağacı" və "Oğul" hekayələrinin motivləri əsasında hazırlanmış tamaşalar iştirakçıların xüsusi marağına səbəb olur. İkinci Dünya müharibəsindəki qələbəyə həsr olunan hər iki tamaşanın süjet xəttini Mir Cəlal yaradıcılığına xas olan vətənpərvərlik, insana, torpağa məhəbbət, gəncliyə diqqət və qayğı təşkil edir. Hər iki tamaşada müharibə illərində Gəncədə cərəyan edən hadisələrdən söhbət açılır.

Mir Cəlalın zəngin yaradıcılığı, nümunəvi pedaqoji fəaliyyəti və ictimai fəallığı dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. O, "Şərəf nişanı", "Qırmızı əmək bayrağı", "Oktyabr inqilabı" ordenləri ilə təltif olunub. Əməkdar elm xadimi olan ədib bir sıra medal, fəxri ad və mükafatlara da layiq görülüb.

Muzey böyük ədibin ailə üzvlərinin daim diqqət mərkəzindədir. Yazıçının övladları, nəvələri, Paşayevlər nəslinin doğmaları vaxtaşırı muzeyə baş çəkir, kollektivlə daim əlaqə saxlayır, məsləhətlərini verir və köməklik göstərirlər.

Mir Cəlal cəmi 70 il yaşadı, amma əsrlərə əbədi töhfə olacaq bədii nəsr nümunələri və ədəbiyyatşünaslığın ən aktual məsələlərinə həsr olunan elmi-tədqiqat əsərləri yaratdı. Böyük və zəngin ədəbi irsin gələcək nəsillərə qiymətli töhfə kimi qorunub saxlanması üçün muzeyin kollektivi böyük məsuliyyətlə fəaliyyət göstərir. Bu, həm də Mir Cəlal Paşayevin qədim şəhərdə keçən ilk əmək və yaradıcılıq fəaliyyətinə gəncəlilərin sonsuz ehtiramının ifadəsidir.

Vaqif TANRIVERDİYEV,

"Respublika".