Məkrli maraqların qurbanı
Siyasət

Məkrli maraqların qurbanı

Fransanın müdafiə naziri Sebastyan Lekornü oktyabrın 23-də deyib ki, Fransanın üç ədəd GM 200 radarının satışı və "Mistral" zenit raketlərinin gələcək tədarükü Ermənistana hava hücumundan müdafiə potensialını gücləndirməyə kömək edəcək.

Nazir onu da qeyd edib ki, Fransa Ermənistana quru müdafiə qüvvələrinin hazırlanmasına yardım edəcək və ölkənin silahlı qüvvələrini modernləşdirmək istiqamətində birgə əməkdaşlığı dəstəkləyəcək.

Son məlumatlara görə, Fransanın "Arquus" qrupunun istehsalı olan "Bastion" tipli 24 zirehli texnika Ermənistana göndərilib. Bu siyahıya hazırda istehsalda olan eyni tipli daha 26 hərbi maşının da əlavə ediləcəyi qeyd olunur. Bildirilib ki, Ermənistan bu yaxınlarda "Thales"dən üç ədəd GM 200 radarı üçün sifariş imzalayıb və "Mistral" 3 zenit-raket komplekslərinin təmin edilməsilə bağlı danışıqlar isə davam edir.

Həmçinin Fransa və Ermənistan müdafiə nazirləri "Thales" şirkətinin istehsalı olan üç GM 200 radarının satışına dair müqavilə və Fransanın "Mistral" qısa mənzilli hava hücumundan müdafiə sistemlərinin gələcək tədarükü ilə bağlı anlaşma memorandumu imzalayıblar.

Fransız-alman Arte kanalının reportajda Qarabağdan olan ermənilərin Ermənistanın güclənib "Qarabağı geri alacağı" və "bütün türkləri öldürəcəkləri" barədə xain xəyallarına yer verilib. Bütün bu silahlanma, hiddətli çıxışlar onu göstərir ki, ermənilərin Azərbaycana qarşı etnik nifrəti davam edir, buna görə də onlar ölkəmizin bayrağı altında yaşamaq istəmirlər, Qarabağdan öz istəkləri ilə gedirlər. Prezident İlham Əliyev dəfələrlə qeyd edib ki, Azərbaycan baş vermiş faciələrə görə heç vaxt erməni əhalisini günahlandırmayıb. Əksinə, ölkəmiz onlara vətəndaşlıq təklif edib, hüquqlarının təmin edilməsi barədə söz verib. Bütün bunlara rəğmən, Ermənistan öz ölkəsində Azərbaycana qarşı artan kinlə mübarizə aparır, regionda sabitliyi və sülhü təmin etmək yerinə Fransadan silah almaqla, separatist meyilləri gücləndirir, nifrəti körükləyir.

Xüsusən də bəzi ölkələr, regionda davamlı sülhün yaradılmasına dəstək olmaq yerinə, bölgədə vəziyyəti yenidən gərginləşdirmək üçün hər vəchlə çalışır. Fransanın məkrli məqsədlərinə çatmaq üçün Ermənistanı silahlandırması qəbuledilməzdir. Bu kimi addımlar münaqişə ocağını yenidən alovlandırmaq cəhdlərindən başqa bir şey deyil. Rəsmi İrəvan bu silahlanmanın sadəcə müdafiə məqsədi daşıdığını desə də inandırıcı görünmür.

Fransanın Cənubi Qafqaza göndərəcəyi silah-sursatın Azərbaycana qarşı potensial müharibədə istifadə olunacağına şübhə yoxdur. Bu silahların müdafiə məqsədilə alınması İrəvanın sərhədboyu təxribat törətməyəcəyini sığortalamır. Əvvəllər sərhəddə baş vermiş erməni təxribatları nəticəsində yaranmış eskalasiyalarda Ermənistanın zəif cəhəti hava hücumundan müdafiə qabiliyyəti idi. Başa düşüləndir ki, Ermənistan bu sahədə güclənməyi hədəfləyib.

Fransa öz məkrli maraqları naminə Ermənistanı silahlandırır. Bunu etməklə Paris həm öz iqtisadiyyatını, həm də Cənubi Qafqaza Ermənistanın əli ilə müdaxilə etmək cəhdlərini gücləndirir. Məlumdur ki, qarışıqlıq, müharibə olan yerə müdaxilə etmək daha asandır. Bu səbəblə də Paris İrəvandan öz qanlı əllərini çəkmir. İllər öncə Əlcəzairdə və müxtəlif Afrika ölkələrində soyqırımları törətmiş Fransa bu mövqeyini bu gün də davam etdirir, hətta Cənubi Qafqaza da tətbiq etmək istəyir.

Azərbaycan müstəqil, qalib ölkədir. Deyəsən, Cənubi Qafqazda xaos yaratmaq istəyənlər unudublar ki, ölkəmiz daxili məsələlərini öz gücü ilə həll edib, ərazi bütövlüyünü və suverenliyini bərpa edib. Cənubi Qafqaza müdaxilə etmək istəyilə, Ermənistanı silahlandıranlar, anti-Azərbaycan siyasətini davam etdirənlər isə layiqli cavablarını alırlar.

Nurcan SÜLEYMANOVA,

"Respublika".